Rusiya-Ukrayna savaşının 33-cü GÜNÜ: Çernobayevka ruslar üçün böyük qardaşlıq məzarlığına çevrilib – TƏHLİL
Otuz üç gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tanklar, PDM və ZTR-lər – 2 400 ədəd, artilleriya sistemləri – 238 ədəd, hava hücumundan müdafiə sistemləri – 88 ədəd, təyyarələr – 103 ədəd, helikopterlər – 126 ədəd, avtomobil texnikası – 1 300 ədəd, PUA-lar – 15 ədəd, hərbi obyekt – 225 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 315 ədəd, zenit-raket kompleksləri – 225 ədəd. Rusların 120 ədəd tankı ukraynalılar tərəfindən istifadəyə yararlı halda qənimət götürülüb.
Ukrayna ordusunun təxmini itkiləri:
Tanklar, PDM və ZTR-lər – 2 100 ədəd, artilleriya sistemləri – 500 ədəd, hava hücumundan müdafiə sistemləri – 112 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1 600 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3 535 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 148 ədəd, zenit-raket kompleksləri – 136 ədəd.
Ukrayna-Rusiya müharibəsinin otuz üçüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, 33-cü gündə əsas döyüşlər Kiyev, Xarkov, Xerson, Zaporejets, Mariupol, Berdyansk, Çernobayevka, Qostomel, Buça yaşayış məntəqələri uğrunda gedib:
“Ukrayna Silahlı Qüvvələrinin bölmələri bəzi ərazilərdə müdafiə əməliyyatlarını davam etdirir və uğurlu əks-hücumlar həyata keçirirlər. Qostomel və Buça hələ də rusların nəzarəti altındadır. İrpin şəhərinə üç tərəfdən hücumlar oldu. Hücumların qarşısı alındı. İrpin azad olunmuş sayılır. Mövqelər uğrunda döyüşlər xaric əməliyyat şəraitində ciddi dəyişiklik baş vermədi.
Çernobayevka rus ordusunun silahlı qüvvələrinin hərbçiləri üçün böyük qardaşlıq məzarlığına çevrildi. Çünki zamanında ruslar oradakı aeroporta əllərində mövcud olan kifayət qədər silah, texnika, döyüş təyyarələri və canlı qüvvə cəmləşdirmişdi. Eyni zamanda, bu istiqamətdəki qoşunların əməliyyat qərargahını orada qurmuşdular. Ukrayna ordusu raket-artilleriya zərbələri ilə bütün qruplaşmanı məhv etdi. Nədənsə bu proses ruslar tərəfindən dəfələrlə təkrarlandı. Çernobayevka ruslar üçün nədən olmazsa-olmazlardan idi? Çünki aeroport Ukraynanın cənubunda istifadə olunacaq cəbhə aviasiyası üçün əvəzolunmaz ərazi idi. Nəticədə aeroporta hakim olmaq istəyi Çernobayevkanı ruslar üçün böyük qardaşlıq məzarlığına çevirdi.
İrpen şəhərinin ərazisi tam olaraq Ruslardan azad edildi. Xerson yaşayış məntəqəsinin də tezliklə azad olunacağı gözlənilir. Ukrayna SQ-nin bölmələri Mariupol şəhərinin müdafiəsini davam etdirir. Şəhərin müdafiəçiləri rusların hücumlarının qarşısını alırlar. Ruslar Mariupolda ağır itkilər verməkdə davam edir. Müvəqqəti olaraq ələ keçirilən Xerson şəhərinin əhalisi ruslara əhəmiyyətli dərəcədə müqavimət göstərir və bu səbəbdən şəhəri öz nəzarətində saxlamaq üçün ruslar getdikcə daha çox hərbçi və rosqvardiya qüvvələrini bura cəmləşdirməyə məcbur olur.
Müharibənin davamını uğurla aparmaq üçün Ukrayna SQ-nin ağır və uzaqmənzilli artilleriya sistemlərinə ciddi ehtiyacı var.
Ukrayna SQ-si Rusiya ordusunun 17 hava hədəfini, o cümlədən 8 təyyarə, 3 helikopter, 4 pilotsuz uçuş aparatı və 2 qanadlı raketini məhv etdi. Eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin iki yüksək rütbəli hərbçisi – 58-ci ordunun 503-cü motoatıcı alayının komandiri və qərargah rəisi məhv edilib.
Rusiya Müdafiə Nazirliyi və Baş Qərargah rəsmilərinin planlarda və prioritetlərdə dəyişikliklərlə bağlı açıqlamalarına baxmayaraq, Rusiya tərəfi bu gün Kiyev ətrafında qoşunlarının sayını artırmaqda davam edir. Rus qoşunları Kiyevə hücum edə və ya mühasirəyə ala biləcəkləri mövqeləri tutmaq üçün uğursuz cəhdlərini davam etdirirlər. Həmçinin Rusiya Ukraynanın ələ keçirildiyi ərazilərini nəzarətdə saxlamaq üçün hər cür səy göstərir. Sanki ruslar adına əməliyatlar bölgəsində özfəaliyyət və çaşqınlıq yaşanır. Çünki açıqlamaları ilə fəaliyyətləri arasında uyğunsuzluq müşahidə olunur.
Rusiya bütün səylərini Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq məqsədlərini həyata keçirməyə yönəldir. Eyni zamanda, raket istehsalı ilə məşğul olan Rusiya müdafiə-sənaye kompleksi müəssisələri 24 saat iş rejiminə keçirilib. Bu durum rusların raket-artilleriya arsenalının əhəmiyyətli dərəcədə azalmasından xəbər verir. Rusiya hərbi rəhbərliyi müharibənin keçən 33 günündə itki verən bölmələrin ehtiyatlarını komplektləşdir. Hədəflərin nə qədər dəqiq məhv edilməsindən asılı olmayaraq operativ səviyyədəki bölmələr artilleriya, raket arsenalını necə gəldi sərf edir. Sonra da mərmilər və raketlər bitəndə yenilərini tələb edirlər. Onların yerləşdiyi ərazilərdə və şərtlərdə istədikləri vaxtda və yerdə mərmi və raketlərlə təmin etmək mümkün olmur. Bu da qruplaşmaların döyüş səviyyəsinə ciddi mənfi təsir göstərir. Aprelin birindən Rusiya SQ-yə növbəti çağırış başlayacaq. Bu çağrışın fonunda ruslar ümumi mobilizasiya resurslarını əməliyyatlara cəlb etməkdə maraqlı olacaq. Yəni çağrışçılarla yanaşı, digər vətəndaşları da orduya cəlb edəcək. Bu da döyüşən ordunun sayını bərpa etməkdə qısa vədədə işə yarasa da, keyfiyyət və professionallıq baxımından çox şeyi dəyişməyəcək.
Orta hesabla, ruslar hər gün 500 nəfərdən yuxarı sanitar itki verir. Bu da döyüşlərin son dərəcə yüksək intensivliyindən irəli gəlir. Əməliyyatlarda Ukrayna döyüşçülərinin motivasiyasının artan templə getməsini də nəzərə alsaq, bu rəqəm daha da artaraq gedəcək. İtkilərin çoxu isə döyüş gedən ərazilərdən götürülmür və vəhşi heyvanlara yem olur. Buna dair Ukrayna tərəfinin yayımladığı kifayət qədər kadrlar var. Bizim silahlı qüvvələr 44 günlük müharibəmizdə döyüş gedən ərazilərimizdə bir nəfər də şəhidimizi sahədə buraxmamışdı. Onların hər biri layiq olduğu səviyyədə dəfn olundular. Mənəvi dəyərlərə sahib çıxa bilmə qabiliyyəti də zəfərə gətirən əsas komponentlərdəndir. Həlak olan əsgərini sahədə buraxan ordu heç vaxt qalib ola bilməz.
33-cü gün Kreml rəhbərliyi Kadırova general-leytenant hərbi rütbəsi verdi. Günün birində Kadırovun Rusiya müdafiə naziri olmasına heç də təəcüblənməyəcəm. Maral otaran ola bilir, o niyə olmasın?
33-cü gün göstərdi ki, Ukrayna SQ-si və xalqı rusların nəzarəti altında olan şəhərləri və əraziləri nəyin bahasına olursa-olsun azad etməkdə qərarlıdır. Ruslar isə uğursuz əməliyyatlarının fonunda uğurlu görünə biləcək hədəflərə yönəliblər. Artıq onlar strteji məqsədlərdən bəhs etmirlər. Yalnız Donetsk, Luqansk və Krım onların nəzarət edə biləcəyi məqbul ərazilər kimi görünür. Ən azından, danışıqlarda buradakı status-kvonu qorumağa çalışacaqlar. Bunda nə qədər uğurlu olacaqlarını önümüzdəki günlərdə görəcəyik…”.
Səxavət Məmməd