Rusiya-Ukrayna savaşının 42-ci GÜNÜ: Kremlin “B planı” nədən ibarətdir? – TƏHLİL

42 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 500 ədəd, artilleriya sistemləri – 335 ədəd, hava hücumundan müdafiə sistemləri – 125 ədəd, təyyarələr – 123 ədəd, helikopterlər – 135 ədəd, avtomobil texnikası – 1 420 ədəd, PUA-lar – 45 ədəd, hərbi obyekt – 245 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 335 ədəd, zenit-raket kompleksləri – 238 ədəd, gəmi kater- 7 ədəd .

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 180 ədəd, artilleriya sistemləri – 525 ədəd, hava hücumundan müdafiə sistemləri – 128 ədəd, təyyarələr – 69 ədəd, helikopterlər – 28 ədəd, avtomobil texnikası – 1 670 ədəd, PUA-lar – 127 ədəd, hərbi obyekt – 3 560 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 167 ədəd, zenit-raket kompleksləri – 149 ədəd.

Ukrayna-Rusiya müharibəsinin qırx ikinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, 42 gün ərzində döyüşlər, əsasən, Xerson, Nikolayev, Zaporojets, Donetsk, Mariupol istiqamətlərində gedib:

“Ruslar şimalda Slavyansk-Krimotorsk istiqamətində nisbətən irəliləyə bildilər. Cənubda isə Xerson-Mariupol-Nikolayev istiqamətində irəliləməyə cəhd edirlər. Hücum əməliyyatlarındakı qoşunlarını raket-artilleriya və döyüş təyyarələrinin maksimum atəşləri ilə dəstəkləyirlər. Bu istiqamətlərdə Ukrayna ordusu rusların qruplaşmasının hücumlarını dayandırmağa çalışır. Lakin bu istiqamətlərdə qüvvələr nisbətində ruslar 4-5 dəfə artıq güclə hücum edir. Bu səbəbdən Ukrayna qoşunları qeyri-bərabər şərtlərdə döyüşməyə məcbur qalır. Əraziləri tanımaları güc nisbətini qismən dəyişə bilər. Amma düşünürəm ki, yeni qüvvələr cəlb etməsələr, bu da yetərli olmayacaq.

Xerson şəhəri uğrunda çox ağır döyüşlər gedir. Zaparojye vilayətində də rusları geri çəkilməyə məcbur edirlər. Xarkov istiqamətində kolonda irəliləyən rusların tank bölüyü qədər qüvvəsi Barvinkovo yaşayış məntəqəsinə daxil olarkən pusquya salındı və darmadağın edildi.

Gecə saatlarında xüsusi təyinatlı qruplar tərəfindən Mariupol şəhəri ətrafında dislokasiya olunmuş Rusiya bölmələrinə qarşı qəfil hücumlar təşkil olundu. Rusiya qoşunlarının desant bölmələri Donetsk istiqamətindən Ukrayna ordusunun müdafiə olunan bölmələrinə qarşı həmlə etdi. Həmlə uğursuz alındı və itkilər verdilər. Zaporojets istiqamətində Rusiya ordusunun təchizat bölmələrinə kolonla hərəkətdə olarkən pusqu təşkil edildi və ruslar burada da itki verdilər.

Ukrayna ordusu Xerson istiqamətində Rusiya ordusuna qarşı irimiqyaslı əks-hücum əməliyyatı keçirdi. Burada da rusları qismən geri çəkilməyə məcbur etdilər.

Hazırda Ukrayna ordusu Xerson şəhər mərkəzinə 15 kilometrə qədər yaxınlaşıblar.

Nikolayev istiqamətində hücum edən Rusiya bölmələri ciddi itki verdikdən sonra hücum əməliyyatını dayandırmağa məcbur oldu. Xerson vilayətində Rusiya ordusu idarəetməni, əsas təchizat yollarını itirməyə başladı. Ukrayna ordusu xüsusi əməliyyatlar nəticəsində rus qoşunlarını Xersonda nəzarət etdikləri əraziləri tərk etməyə məcbur edir. Ruslar şəhər mərkəzinə çəkilməklə yanaşı, dəniz vasitəsilə şəhəri tərk etmirlər.

Xersonda Ukrayna ordusu rus bölmələrini həm Nikolayev, həm də Novo Kakhovka istiqamətdə geri çəkilməyə məcbur edir. Ağır döyüşlər nəticəsində ruslar Xersondan çıxmağa məcbur olacaqlar. Həm də, külli miqdarda texnikanı qoyub çıxacaqlar.

Hazırda Rusiya Xarkov vilayətinin İzyum şəhəri istiqamətində yeni əlavə qüvvələr cəlb etməyə başlayıb.

Bu gün həm də beynəlxalq diplomatiyada Rusiya əleyhinə sanksiyalar müharibəsi zirvəyə çatdı. Belə ki, Almaniyadan – 40 diplomat, Fransadan – 35 diplomat, İtaliyadan – 30 diplomat, Danimarkadan – 15 diplomat, İsveçdən – 3 diplomat, İspaniyadan – 25 diplomat, Polşadan – 45 diplomat, Çexiyadan – 1 diplomat, Hollandiyadan – 17 diplomat, Belçikadan – 21 diplomat, İrlandiyadan – 4 diplomat, Estoniyadan – 7 diplomat, Sloveniyadan – 33 diplomat qovulur. Bir neçə ölkədə səfirlik və konsulluqları bağlanır. Bu Rusiyanın beynəlxalq səviyyədə izolyasiyasına start verildiyi anlama gəlir. Düşünürəm ki, bunun çox ağır nəticələri olacaq.

Xaricdə yaşayan Rusiya vətəndaşları çox ciddi problemlər yaşayacaqlar. Kreml siyasi elitasının və oliqarxlarının da ailə üzvlərinə qarşı təbiq edilən sanksiyalar siyasiləri və biznesmenləri övladları ilə üz-üzə qoyacaq. Siyasilərin və oliqarxların öz övladlarına bunu necə izah edəcəkləri maraqlıdır.

Bu gün Kremlin sözçüsü Peskov bildirdi ki, Kiyev-Çerniqov-Sumı istiqamətindən qoşunların geri çıxarılmasına rəhbərlik özü qərar verib və bu, Kreml rəhbərliyinin xoş niyyəti kimi anlaşılmalıdı. Ukrayna bunu, təbii ki, belə qəbul etmir. Onlar buna rusları məcbur etdiklərini düşünürlər. Hər bir halda, rus qoşunlarının bu istiqamətlərindən geri çəkilməsi baş verdi. Düşünürəm ki, Rusiyanın şimal-qərb istiqamətindəki strateji planlarından imtina etməsi və yaxud ukraynalıların onları buna məcbur etməsi əməliyyatlar teatrında çox ciddi dəyişikliklərə səbəb olacaq.

Bir plandan imtina edilirsə, demək, başqa bir plan vardır. Xüsusən də cənub-şərq istiqamətindəki əməliyyatlar teatrında Xarkov, Xerson, Nikolayev bölgələrində qızğın döyüşlərin gedəcəyini düşünürəm. Rusların “B planı”nın bu olduğunu hesab edirəm. Bu planın sahədə necə reallaşacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

COP29