Rusiya-Ukrayna savaşının 43-cü GÜNÜ: Xüsusi əməliyyatlar Rusiya torpaqlarına keçəcək – TƏHLİL

43 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 510 ədəd, artilleriya sistemləri – 336 ədəd, hava hücumundan müdafiə sistemləri – 126 ədəd, təyyarələr – 125 ədəd, helikopterlər – 136 ədəd, avtomobil texnikası – 1 425 ədəd, PUA-lar – 450 ədəd, hərbi obyekt – 248 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 336 ədəd, zenit-raket kompleksləri – 240 ədəd, gəmi kater – 7 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 185 ədəd, artilleriya sistemləri – 527 ədəd, hava hücumundan müdafiə sistemləri – 129 ədəd, təyyarələr – 69 ədəd, helikopterlər – 28 ədəd, avtomobil texnikası – 1 680 ədəd, PUA-lar – 127 ədəd, hərbi obyekt – 3 565 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 168 ədəd, zenit-raket kompleksləri – 150 ədəd.

Ukrayna-Rusiya müharibəsinin qırx üçüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 43-cü gün ərzində qızğın döyüşlər, əsasən. Xarkov, İzyum, Xerson, Nikolayev, Donetsk, Luqansk, Volnovaxa, Mariupol, Zaporojets, Melitopol, Dnepr ərazilərində gedib:

“Ruslar əsas səyləri Donetsk və Luqansk vilayətlərini tam nəzarətə götürməyə yönəltdi. Onlar Slobojan istiqamətində Xarkov şəhərini mühasirəyə almağa və artilleriyadan atəşə tutmağa davam edirlər. Slobojan, Donetsk, Pivdennobuzski və Tavriya istiqamətlərində taktiki səviyyədə üstünlüyə malikdirlər. Donetsk və Tavriya istiqamətlərində Popasna yaşayış məntəqəsini artilleriyadan atəşə tuturlar. Onlar Novotoşkivske qəsəbəsi ərazisində Ukrayna qoşunlarının müdafiəsini yarmağa cəhd göstəriblər. Cənubda Buq istiqamətində rusiyalı hərbçilər nəzarət etdikləri əraziləri müdafiə edir, bölmələrinin döyüş qabiliyyətini bərpa etmək üçün tədbirlər görürlər. Əməliyyatlarda iştirak edən hərbçilərin mənəvi-psixoloji durumu çox aşağıdır. Onların çoxu növbəti hərbi əməliyyatlarda iştirak etmək istəmirlər. Rusiya Silahlı Qüvvələrinin komandanlığı şəxsi heyətin artırılmasına çalışır. Rusiyalı hərbçilər müvəqqəti işğal olunmuş ərazilərdə dinc əhaliyə qarşı zorakılığı davam etdirirlər. Mariupol əhalisi ruslar tərəfindən Donetsk vilayətinin müvəqqəti işğal olunmuş rayonlarına köçürülür.

43-cü gün rusların 1 qanadlı raketi, 1 PUA-sı və 1 döyüş təyyarəsi məhv edilib. Ukrayna ordusu Rusiya hərbçilərini Xerson vilayətinin Novovorontsovski rayonunun Osokorovka kəndindən çıxarıb. Kənd rayon mərkəzindən cənubda yerləşir və Dnepropetrovsk vilayəti ilə inzibati sərhədin yaxınlığındadır. Zaporojets-Mariupol yolu üzərində Rusiyanın daha bir tank bölüyü məhv edildi. “Azov” taboru 43 gündür ki, mühasirədə olan Mariupolu təkbaşına müdafiə etməyə davam edir. Onlar artıq “300 spartalı”nı xatırladırlar.

Ukrayna mənbələri Rusiya hərbçilərinin itkilərinin sayının 18 900-ə çatdığını bildirir. Ruslar isə bunun qat-qat az olduğunu bildirirlər. Əməliyyatlar teatrında rusların planlarının istədikləri kimi getməməsi şəxsi heyət və zirehli texnikalarının ciddi itkilər verməsi səbəbindəndir. Amma bunu başqa cür servis etməyə davam edirlər. Ukrayna kəşfiyyat orqanları real vəziyyətin getdikcə rusların əleyhinə çevrildiyinin fərqindədir. Bu səbəbdən danışıqlara o qədər də maraqlı deyillər. Ukraynalılar kütləvi şəkildə Donbası tərk edirlər. Vladimir Zelenski Yunanıstan parlamentində çıxış etdi. O dedi ki, indiyədək on minlərlə ukraynalı Rusiyaya və ya müvəqqəti işğal edilmiş ərazilərə deportasiya edilib.

43-cü gün maraqlı bir məlumat yayıldı. Ukraynada əsir düşən rus hərbçilərdən ibarət Rusiya Azadlıq Ordusu yaradıldı. Bu, müharibələr tarixində ilk belə haldır. Döyüşən ordunun hərbçiləri qarşı tərəfə əsir düşür və sonradan öz ölkəsinin ordusuna qarşı döyüşür. Bu, rus ordusunun hərbçilərinin strateji hədəfləri uğrunda döyüşlərdə motivasiyalarının nə səviyyədə olduğunu göstərir. Rusiya Azadlıq Ordusunun əsas hədəfi Kreml hakimiyyətini devirməklə azad Rusiya uğrunda hərəkata başlamaqdır. Önümüzdəki günlərdə Rusiya Azadlıq Ordusunun Ukrayna ilə yanaşı, Belarus və Rusiya ərazilərinə sızmaqla tezliklə daha geniş miqyasda əməli hərbi fəaliyyətə başlayacaqlarını düşünürəm. Bu. Rusiya üçün “suyun gəminin içərisində olması” anlama gələcək. Xüsusi əməliyyatlar artıq Rusiya torpaqlarına keçmiş olacaq. Ruslar üçün bunu kimin etdiyini müəyyən etmək çox çətin olacaq. Çox güman ki, sonrakı mərhələdə Ukraynanın Rusiyadakı “5-ci kolon”u da bu əməliyyatlara dəstək verəcək. Biz artıq “asimmetrik hərb”in Rusiya ərazilərində nəyə qadir olduğunu görəcəyik. Ukrayna kəşfiyyatı bildirir ki, yüzlərlə dinc sakinin öldürüldüyü Buça, İrpen və Qostomel uğrunda gedən döyüşlərdə məhz rusların Sakit okean Hərbi Dəniz Donanmasının 155-ci dəniz piyadaları briqadasının hərbçiləri iştirak edib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi 155-ci dəniz piyadaları briqadasının 82 hərbçisinin adlarını və şəxsi məlumatlarını açıqladı və onlara qarşı harada olurlarsa-olsunlar, sərt tədbirlər görüləcəyini duyurdu. Bunun tarixdə İsrailin düşmən elan etdiyi hədəflər üzərində MOSSAD əməliyyatlarının çoxlu nümunələri var.

43-cü gün siyasətdə də Rusiya üçün gözlənilməz hadisə baş verdi. BMT Baş Assambleyası İnsan Hüquqları Şurasında səsvermə yolu ilə Rusiyanın iştirakını dayandırdı. Qərarın lehinə 93, əleyhinə 24 ölkə səs verdi, 58 ölkə isə bitərəf qaldı. Bunun adı Rusiyanın beynəlxalq siyasətdə “İzqoy” elan edilməsi deməkdir. Kreml rəhbərliyinin bu psixoloji travmanı necə adladacağını önümüzdəki günlərdə görəcəyik. Bu, Rusiyanın müharibənin başlanığıcında hesablara qatmadığı tədbirlərdən biri idi. Beynəlxalq siyasətdə Rusiyanın yerinin harada və hansı ölkələrlə yan-yana olacağını düşünmək belə istəmirəm. Hesabların belə kəsiləcəyini gözləməyən rus siyasi esteblişmenti dünyanın hər yerində “persona non-qrant” elan ediləcək. Bu çox təhlükəli tendensiyadır və “sındırılmışlıq sindromu”nu Kreml siyasi elitasının necə qəbullanacağı çox maraqlıdır.

Önümüzdəki günlərdə də əsas zərbə və əks-hücum istiqamətlərinin Xarkov, İzyum, Xerson, Nikolayev, Donetsk, Luqansk, Volnovaxa, Mariupol, Zaporojets, Melitopol, Dnepr olacağını görəcəyik”.

Səxavət Məmməd

COP29