46 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tanklar, PDM və ZTR-lər – 2 518 ədəd, avtomobil texnikası – 1 435 ədəd, səhra artilleriyası və minaatanları – 347 ədəd, zenit-raket kompleksləri – 246 ədəd, təyyarələr – 130 ədəd, helikopterlər –140 ədəd, PUA-lar – 452 ədəd, gəmi, kater – 7 ədəd .
Ukrayna ordusunun təxmini itkiləri:
Tanklar, PDM və ZTR-lər – 2 190 ədəd, avtomobil texnikası – 1 672 ədəd, səhra artilleriyası və minaatanlar – 848 ədəd, zenit-raket kompleksləri – 158 ədəd, təyyarələr – 72 ədəd, helikopterlər – 31 ədəd, PUA-lar – 136 ədəd.
Ukrayna-Rusiya müharibəsinin qırx altıncı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, 46-cı gün döyüşlər, əsasən, Xarkov, Xerson, Nikolayev, Donbas, Donetsk, Luqansk, Mariupol ərazilərində gedib:
“Donetsk-Luqansk istiqamətində Rusiyanin etdiyi həmlə cəhdlərini Ukrayna ordusu tam olaraq dayandırdı. Ukrayna qoşunları çoxlu sayda rus hərbçilərini əsir götürdü. Ruslar İzyum istiqamətində yenidən qruplaşmanı davam etdirir. Bunun üçün əlavə qüvvələr cəlb edir. 2-7 günə rusların bu istiqamətdə zərbə endirəcəkləri gözləniləndi.
Novaya Kaxovka və Aleksandrovka kəndi ətrafında şiddətli döyüşlər getdi. Ruslar burada bir bölüyə qədər qüvvə itirdi.
Xerson istiqamətində şiddətli döyüşlər gedir, Ukrayna ordusu əks-hücumlar keçirməyə cəhd edir. Nikolayevdə ciddi partlayış baş verdi.
Buça hadisələrindən sonra Ukrayna siyasi elitasında iki cəbhəyə bölünmə cəhdləri müşahidə olundu. Siyasilər hakimiyyətə gəlmə uğruna Buçça və Berdyansk uğursuzluğundan istifadə edərək hesablar qurmağa başladı. Bu çox ciddi mənfi nəticələrə gətirəcək hərəkətlərdir. Bu barədə fikirlərimizi önümüzdəki günlərə saxlayaq…
Rusiya Hərbi Hava Qüvvələri şəhərləri bombalama taktikasında dəyişiklik etdi. Belə ki, yüksək dəqiqlikli “Stinger”, ”SkyStreak” zenit raket komplekslərinin raketlərindən yayınmaq üçün döyüş təyyarələrini daha hündür məsafələrdə uçurdaraq parüşütlü bombalar endirməyə başladı. Bu, Xarkovda baş verdi.
Mariupolun mühasirəsi davam edir. Düşünürəm ki, Ukraynanın Mariupolu mühasirədən çıxartmaq üçün yetərli qüvvəsi olmadığı üçün ruslar bu istiqamətdə hədəflərinə çatmağa yaxındır. Yəni yaxın günlərdə Mariupol rusların nəzarətinə keçə bilər. Sosial şəbəkələrdə Çeçen əsilli rus döyüşçülərinin Mariupolda mülki əhaliyə qarşı, xüsusən də qadınlara qarşı zorakılıq kadrları yayıldı. Bu, Rusiya siyasi rəhbərliyini qəzəbləndirib. Yəni sahədə etdikləri ictimailəşdirilməməlidir. Bu videolar birbaşa insanlıq əleyinə hərbi cinayətin sübutu olduğu üçün gələcəkdə özlərinə qarşı istifadə oluna bilər. Qısası, istənən odur ki, nə edirsinizsə-edin, iz saxlamayın. Sahədəki hərbçilər hər zaman bunun fərqində olmazlar. Beynəlxalq media qrumları bu kimi halları aşkar edəndə informasiya cəbəsində çox amansız olurlar. Bu səbəbdən müharibələrdə iştirak edən həbçilərdə smartfon telefonların olması hər zaman müsbət nəticələrə kölgə sala bilir.
44 günlük müharibəmizin ən mühüm qərarlarından biri internet resurslarının məhdudlaşdırılması idi. Əslində, məqsəd bunu anlamayan hərbçilərimizi bu kimi əməllərindən çəkindirmək və sığortalamaq idi və çox da uğurlu alındı. 44 günlük müharibə zamanı bir neçə hərbçimiz videoları yayıldıqdan sonra şəhid olmuşdu. Müasir dövrdə video informasiya müharibəsi üçün yox, həm də koordinat müəyyən etmək üçün çox işə yarayır. Bu baxımdan, Azərbaycan tərəfi zamanında bunun qarşısını almağı bacarmışdı.
Əsgər döyüşməlidir, informasiya müharibəsi üçün başqa qurumlar var. Bu qurumlar informasiyanı süzgəcdən keçirib servis etməlidirlər. Əks təqdirdə, əsgərlərin təsadüf delitant paylaşımları sahədəki uğurlara kölgə sala bilər. Ruslar bu məqamlara da çox ciddi fikir vermirlər…
Xarkovdan Mariupoladək olan ərazilərdə on gün ərzində ciddi yağışlar gözlənir. Bu yağışlar əməliyyatların tempinə ciddi əks-təsir göstərəcək. Bu səbəbdən önümüzdəki günlərdə əməliyyatlara ayrılan zamanın uzanmasını gözləməliyik. Hava şəraiti də Ukraynaya yeni silahları almaq üçün zaman qazandıracaq.
Görünən odur ki, Ukrayna Rusiya müharibəsi passiv fazaya keçir. Aktiv əməliyyatlar planlamaq üçün tərəflərin ciddi rezervləri yoxdur. Ehtiyatlar yoxdursa, hər iki tərəfin hansısa uğura ümid etmələri sadəlövhlük olardı. Əməliyyatlar teatrında hərbi vəziyyət Ukraynanın lehinə dəyişə bilər. Onlar əlavə ehtiyatlar və silahlar səfərbər edə bilərlər. Onların müttəfiqləri də bunda qərarlıdır. Bu güc balansının dəyişməsinin. yavaş da olsa, hansı nəticəyə gətirəcəyini önümüzdəki günlərdə görəcəyik…”.
Səxavət Məmməd