Rusiya-Ukrayna savaşının 50-ci GÜNÜ: Rus qoşunlarının strateji və operativ səviyyədə aqibəti bəlli olur – TƏHLİL

50 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 720 ədəd, avtomobil texnikası – 1 445 ədəd, səhra artilleriyası və minaatanları – 366 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 122 ədəd, zenit-raket kompleksləri – 255 ədəd, təyyarələr – 155 ədəd, helikopterlər – 145 ədəd, PUA-lar – 455 ədəd, gəmi-kater – 8 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 205 ədəd, avtomobil texnikası – 1 685 ədəd, səhra artilleriyası və minaatanlar – 855 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 118 ədəd, zenit-raket kompleksləri – 170 ədəd, təyyarələr – 80 ədəd, helikopterlər – 40 ədəd, PUA-lar – 150 ədəd.

Ukrayna-Rusiya müharibəsinin əllinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, 50-ci gün taktiki səviyyədə döyüşlər, əsasən, Xarkov, Severodonetsk, Volnovaxi, Xerson, Donbas, Donetsk, Luqansk, Mariupol, Nikolayev ərazilərində gedib:

“Gün ərzində əməliyyatlar teatrında tərəflərin operativ və taktiki vəziyyətində ciddi bir dəyişiklik baş vermədi. Tərəflər, əsasən, mövqe döyüşləri apardılar. Gün ərzində Xerson istiqamətində daha bir neçə kənd Ukrayna qoşunlarının nəzarəti altına keçdi. Rusiyanın daha bir Su-25 qırıcısı, 3 PUA-sı məhv edildi.

Ukrayna qoşunları Rusiya ordusunun nəzarətində olan Çernobaevka aeroportuna raket zərbəsi endirdi.

50-ci günə damğasını Ukrayna ordusunun Qara dənizdə rusların “Moskva” raket kreyserini batırması xəbəri vurdu. ”Moskva” raket kreyseri Qara dəniz flotiliyası üçün çox ciddi itkidir. Bu kreyserin Odessanın, Donetskin, Luqanskın bombalanmasında ciddi iştirakı olub. “Moskva” kreyseri raketlərlə təchiz olunan xətt gəmisi idi və regiondakı bir çox münaqişələrdə iştirak etmişdi. Qara dəniz flotiliyasının hərbi beyin mərkəzinin bir hissəsi bu gəmidə yerləşirdi. Gəminin ekipajı ştat cədvəlinə görə 510 nəfərdən ibarət idi. Bunların 66 nəfəri yüksək çinli admiral və zabitlərdən ibarət idi. Bundan əlavə, kreyserdə “3R41 Volna” radioelektron sistemi, MPZ-301 radioelektron baza sistemi, MR 1164 “Arqon” elektron sistemi, MR-184 elektron sistemi, “Kasatka–B” elektron sistemi, MR-123 “Vımpel” elektron sistemi, MR-404 elektronik idarəetmə sisitemləri mövcud idi. Eyni zamanda, gəmidə “S-300” zenit raket kompleksi, “OSA” zenit raket kompleksi, “AK-130” pulemyotları, “AK-630” atəş sisitemləri də mövcud idi. Bu gəmi öz döyüş gücünə görə Qara dənizdə üzən “tank diviziyası” idi. Rusların Qara dəniz flotiliyasının hava hücumundan etibarlı müdafiə “çətir”i sayılırdı. Əslində, ukraynalıların müharibə əleyhinə şüarına çevrilmiş məlum sloqanda bu gəmi nəzərdə tutulurdu. İdeoloji olaraq bu gəmi sanki Rusiyanı təmsil edirdi. “Moskva” raket kreyserinin batması simvolik olaraq Rusiyanın da batacağına işarədir. Bu, rusların 50 gündə itirdiyi 8-ci gəmidir. Qara dəniz donanmasının flaqmanı sayılan “Moskva” raket kreyserinin Ukrayna qoşunlarının iki ədəd gəmi əleyhinə “Neptun” raketilə vurulduğunu düşünürəm. Burada başqa variantları da nəzərdən keçirmək olar. Amma o variantlar ingilis mənşəli raketlərin mümkünlüyünə işarə etdiyindən ideoloji olaraq bunun Ukraynaya aid raket sisitemləri ilə həyata keçirildiyi daha məqbul variantdır.

“Neptun” gəmi əleyhinə raketləri Ukrayna istehsalıdır. 200 metr uzunluğunda olan kreyser 280 kilometrədək hədəfləri vurma qabiliyyətinə malik idi. Bu hadisdən sonra Qara dənizdəki Rusiya hərbi gəmiləri sahildən xeyli uzaqlaşdılar. “Moskva” raket kreyserinin batırılması bütövlükdə Qara dəniz flotiliyasının gəmilərinin qorunmasında ciddi boşluqların olduğunu göstərdi. Əslində, bu sinif gəmilər hava hücumundan müdafiə və raket əleyhinə vasitələrilə ciddi mühafizə olunmalı idi. Görünən odur ki, önümüzdəki günlərdə bundan ruhlanan Ukrayna qoşunları Qara dəniz flotiliyasının döyüş gəmilərinə qarşı ciddi raket hücumları həyata keçirməyə davam edəcək. Rus donanmasının admiral gəmisi sayılan “Moskva” kreyserinin qoruna bilməməsi Ukrayna tərəfə bu əsasları vermiş olur. Qara dənizdəki Rus donanmasının Ukrayna qoşunlarının raket və dron hücumlarına qarşı müdafiəsiz halda olması Qara dəniz akvatoriyasında güc balansının nisbətən də olsa, Ukraynanın lehinə dəyişəcəyinə ümidləri artıracaq. Görünən odur ki, Rusiya Qara dəniz flotiliyasını da Quru Qoşunlarının aqibəti gözləyir.

50-ci gün siyasətdə də maraqlı hadisələr baş verdi. Bu gün Ukrayna Ali Radası Rusiyanın başlatdığı müharibəni Ukrayna xalqına qarşı soyqırımı kimi tanıyan qətnamə qəbul etdi. Bu, gələcəkdə Ukraynanın hüquqi müstəvidə atacağı addımların baza sənədi sayıla bilər. Litva, Latviya, Estoniya, Polşa prezidentləri Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdülər. Avropa liderləri Böyük Britaniyanın Baş nazirinin Kiyevə səfərindən sonra bura gəlməklə müharibənin tərəfi olduqlarına dair hər keçən gün daha cəsurca mesajlar verməyə başlayıblar. Təbii ki, bu səfərlər Ukrayna siyasi və hərbi rəhbərliyinə çox ciddi mənəvi və maddi dəstək anlamına gəlir. Bu da öz növbəsində əməliyyatlar teatrında döyüşən hərbçilərin üstün motivasiyasına çevriləcək. Onlar da öz növbəsində bundan güc alaraq asimmetrik müharibədə hər keçən gün siyasi-hərbi rəhbərliyin ümidlərini doğrultmağa daha da çox çalışacaqlar. Əslində, Ukrayna qoşunlarının hərbçiləri onların qarşısında qoyulan tapşırıqları artıqlaması ilə yerinə yetirirlər. Müharibənin qədərini motivasiyanın həll etdiyini görməkdəyik.

Açıq şəkildə görürük ki, Rusiya ordusunun motivasiyası yoxdur. Çünki sahədəki hərbçilər nə üçün döyüşdüklərini bilmirlər. Rusiya başlatdığı hücumun adını hələ də müharibə qoymayıb. Hətta bunun adına müharibə qoysa belə, niyə, nə üçün sualları hər kəsi düşündürür. Rusiya müharibənin başlaması yönündə belə əvvəlki münaqişələrdə işlətdiyi bəhanələrdən istifadə etmədi. Çox arxayın idilər və nəticə ortadadır. Ukrayna ordusu, xalqı nə üçün döyüşdüyünü bilir. Əvvəl vətən, indi isə onun üzərinə qisas da gəlib. Rusiya hərbçiləri üçün isə əl atıb tutacaqları bir şey yoxdur.

Düşünürəm ki, önümüzdəki günlərdə hər iki tərəfi taktiki səviyədə ağır döyüşlər gözləyir. “Qəssab” ləqəbli rus qruplaşma komandanı hazırlıqsız rus qoşunlarını son döyüşdə qələbəni imitasiya etmək naminə məhvə göndərəcək. Eyni zamanda, raket-artilleriya zərbələri ilə Mariupol və Nikolayev şəhərlərini “Aleppo”ya çevirəcəklər. Kreml rəhbərliyi əbəs yerə bu yaxınlarda müsahibələrinin birində onu xatırlatmamışdı. “Qəssab” da elə qəssablığı orada öyrənmişdi. “9 may” yaxınlaşdıqca ruslar daha da azğınlaşacaqlar. Tərəflər müharibənin ən kəskin fazasına yaxınlaşırlar. Bu son şanslarında hər iki tərəf ölüm-dirim savaşı verəcək. Nəticə etibarı ilə ruslar strateji səviyyədə necə uduzublarsa, operativ səviyyədə də o aqibəti yaşayacaqlar. Ondan sonrasını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd