!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 61-ci GÜNÜ: Rusların strateji ambisiyaları suya gömülür - TƏHLİL

!Reklam – Yazi

61 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 760 ədəd, avtomobil texnikası – 1 566 ədəd, səhra artilleriyası və minaatanları – 410 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 148 ədəd, zenit-raket kompleksləri – 280 ədəd, təyyarələr – 176 ədəd, helikopterlər – 165 ədəd, gəmi-kater – 8 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 265 ədəd, avtomobil texnikası – 210 ədəd, səhra artilleriyası və minaatanlar – 1 015 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 160 ədəd, zenit-raket kompleksləri – 210 ədəd, təyyarələr – 100 ədəd, helikopterlər – 65 ədəd, PUA – 425 ədəd.

Ukrayna-Rusiya müharibəsinin altmış birinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 61-ci gündə də tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş verməyib:

“Əsas döyüşlər taktiki səviyyədə Mariupol, Donetsk, Luqansk, Donbas, Xarkov, Zaporojets ərazilərində davam etdi. Tərəflər, əsasən, mövqe döyüşləri apardılar.

Donetsk və Luqansk vilayətləri ərazisində son sutkada Rusiya qüvvələrinin yeddi hücumu dəf edildi. Ukrayna hərbçiləri Nikolayev vilayətinin daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edib. Rusiya qüvvələri Nikolayev və Xerson vilayətlərində ələ keçirdikləri əraziləri qorumağa, həmçinin diversiya-kəşfiyyat əməliyyatları aparmağa çalışır. Eyni zamanda, Xerson vilayətinin inzibati sərhədlərinin yaxınlığında yerləşən Nikolayev vilayətinin 5 yaşayış məntəqəsinə nəzarət bərpa olunub.

Gün ərzində ruslar uzaqmənzilli yüksək dəqiqlikli raketlərlə Ukraynanın Krasnoe, Zdolbunov, Jmerinka, Berdiçev, Kovel və Korosten dəmiryol stansiyaları ərazilərində 6 təminat yarımstansiyasını, 4 komanda məntəqəsini, Slavyansk yaxınlığındakı sursat anbarını məhv etdi. Rusiya raket qüvvələri Ukraynanın “Toçka-U” kompleksinin mövqeyini, artilleriya batareyasını və canlı qüvvə və texnikanın cəmləşdiyi 10 ərazini vurdu.

Ukrayna-Rusiya mühaibəsinin iki ayı tamam oldu. Ruslar buna “xüsusi hərbi əməliyyat” deyirlər. Onlar bunu, ən uzağı, bir həftə müddətə planlamışdılar. Artıq müharibənin 61-ci günü davam edir. Ukrayna sərhədlərindən 100 kilometr aralıda yerləşən Rusiyanın Bryansk şəhərində iki neft bazasının yandırılması günün əsas hadisəsi oldu. Eyni zamanda, Baş Raket-Artilleriya İdarəsinin 120-ci arsenalı yandırıldı. Bryansk ərazisində dəmiryolları partladıldı. Ukrayna ərazisinə silah-sursat daşıyan qatar relsden çıxdı. Bu onu göstərir ki, müharibə artıq Rusiya ərazisinə keçir.

Bu gün Rusiya ABŞ-yə Ukraynaya silah tədarükünü dayandırması ilə bağlı nota göndərdi. Bunun fonunda Amerikanın dövlət katibi Entoni Blinkenin və müdafiə naziri Lloyd Ostinin Kiyevə səfəri baş tutdu. Onlar Ukraynanın siyasi-hərbi liderlərilə görüş keçirdilər. Belə görüşlər Ukraynanın gücünə əlavə güc qatır. Çünki bu səviyyədə heyətlər Kiyevə əliboş gəlmir. Bu görüşün əməliyyatlar teatrında praktiki nəticəsini tezliklə görəcəyik.

İki ay ərzində gəlinən nəticə ondan ibarətdir ki, tərəflərin heç biri öz strateji siyasi-hərbi məqsədlərinə nail ola bilmədi. Amma buna baxmayaraq, ciddi geosiyasi və hərbi vəziyyət yarandı. Dünya ölkələri bu müharibə üzərindən üç düşərgəyə bölündü. Bir tərəfdə Ukrayna və müttəfiqləri, digər tərəfdə Rusiya-Belarus cütlüyü, bir yanda da bitərəf ölkələr.

Bu kontekstdə keçən 61 günün nəticəsi olaraq biz nəyi müşahidə etdik?

61 günlük müharibədə rus ordusu dünyanın ikinci ordusu olduğu halda, verdiyi itkilər nəticəsində beşinci oldu.

Pentaqonun hərbi beyin mərkəzinin Kiyevin üç günlük dirəniş göstərə biləcəyini proqnozlaşdırmasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələri və xalqı 61 gündür ki, dirəniş göstərir. Bu səbəbdən Ukrayna Prezidenti Ali Baş Komandan kimi dünyada ən sevilən və hörmətəlayiq siyasətçiyə çevrildi.

Rus ordusu hələ heç bir müharibədə belə utancverici nəticə göstərməmişdi. Onların öz haqlarında yaratdığı mif köpük şarından başqa bir şey deyilmiş.

Rusiya müasir müharibələrdə arzu olunmayan insanlıq əleyhinə cinayətlər törətməklə qəddarlığın zirvəsini nümayiş etdirdi.

Rus ordusu məğlubedilməzlik obrazından məhrum oldu, işğalçı və soyğunçu obrazını qazandı. Bu səbəbdən Rusiya Prezidenti dünyada istənməyən, hətta ölümü ən çox arzulanan liderə çevrildi.

Ukrayna kimliyi dünyada yaşıl kimliyə çevrildi, Rusiya kimliyi isə ən arzuolunmaz kimliyə çevrildi. Xarici ölkələrdəki rusların və xaricə gedəcək Rusiya vətəndaşlarının təhlükəsizliyi çox həssaslaşdı.

Rusiyanın Ukraynanın “beşinci kolon”una xərclədiyi beş milyard dollar Ukrayna xalqının iradəsini qıra bilmədi və əməliyyatlar teatrında heç bir effekt vermədi.

Rusiya təkcə əməliyyatlar teatrında deyil, eyni zamanda, siyasi, iqtisadi, informasiya və informasiya texnologiyaları müharibəsini də uduzdu. Ölkənin intellektualları, oliqarxları və İT mütəxəsisləri ölkəni ya tərk edir, ya da necə etməsi barədə düşünür.

Ukrayna önümüzdəki 100 ildə dünayada ən tanınan və rəğbətə layiq olan ölkə və xalq oldu. Xəyalət şəhər Mariupoldakı “Azov” alayının döyüşçüləri artıq “300 spartalı” ilə müqaisə olunur.

Bütün dünya xalqları öz ölkələrində Ukraynaya dəstək aksiyaları keçirdiyi halda, Rusiya vətəndaşları müharibə qərarının başlanğıcdan yanlış olması barədə doğruları deməkdən belə qorxurlar.

Rusiya flaqman gəmisi “Moskva” batırıldı, onunla da rusların strateji ambisiyaları suya gömülmüş oldu. Rusiyanın ümumi hərbi itkiləri 32 milyard dollar həcmində qiymətləndirilir. Şəxsi heyətin itkisi 20 min nəfərin üzərindədir.

Kimyəvi və bioloji raket başlığı daşıyan raketlərdən istifadəsi, taktiki nüvə silahının istifadə ediləcəyinə dair bəyanatlar rusların ləyaqətli müharibə anlayışının olmadığını göstərdi.

Rusiya gəmilərinin dünyanın bir çox ölkələrinin limanlarına yanaşması qadağan olundu. Bu, rus flotiliyasının okeanlarda və dənizlərdə hakimiyyətinin sona çatması deməkdir.

61 günlük müharibədə rusların 1 kontr-admiralı, 4 general-leytenantı, 8 general-mayoru və 30-dan çox polkovniki öldürülüb. Düşünürəm ki, bu, ruslar üçün qısamüdətli müharibədə çox ciddi itkilərdir.

Rusiyaya ixrac 70 faiz azalıb. 700 Rusiya mülki aviasiya təyyarəsi ehtiyat hissələri və proqram təminatının yenilənməsinin olmaması səbəbindən lisenziyalarını itirib. Yüzlərlə iri şirkət və minlərlə mütəxəssis Rusiyadan üz döndəriblər. Mövcud proqnozlara görə, bu il Rusiyanın ümumi daxili məhsulu 11 faiz azalacaq.

Sadaladıqlarımın fonunda Rusiya və Ukraynanı daha nələrin gözlədiyini önümüzdəki günlərdə daha aydın görəcəyik”.

Səxavət Məmməd

www.yenicag.az

3069
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv