65 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 2525 ədəd, avtomobil texnikası – 160 ədəd, səhra artilleriyası və minaatanları – 425 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 155 ədəd, zenit-raket kompleksləri – 20 ədəd, təyyarələr – 187 ədəd, helikopterlər – 168 ədəd, PUA – 210 ədəd, gəmi-kater – 8 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 2 610 ədəd, avtomobil texnikası – 2 420 ədəd, səhra artilleriyası və minaatanlar – 1 150 ədəd, YARS – 205 ədəd, zenit-raket kompleksləri – 280 ədəd, təyyarələr – 108 ədəd, helikopterlər – 75 ədəd, PUA – 402 ədəd.
Ukrayna-Rusiya müharibəsinin altmış beşinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, 65-ci gündə Rusiya ordusu tabor taktiki qrupları ilə cəbhə xəttinin bütün istiqamətlərində hücumlarını davam etdirib və qismən irəliləyə bilib:
“65-ci gündə əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş vermədi. Ukrayna Silahlı Qüvvələri Donetsk, Luqansk, Xerson, Nikolayev, Zaporojets, Xarkov ətrafı bölgələrdə rus qoşunlarına qarşı müdafiə döyüşləri apardı.
Gün ərzində Kiyev şəhərinə 3 qanadlı raket zərbəsi endirildi. İzyum istiqamətində rusların hücumu qismən dayandırıldı. Bu istiqamətdəki qoşunlar yorğundurlar və yeni qüvvələrlə komplektləşmələrinə ehtiyac var. Ukrayna ordusu İzyum istiqamətində rus ordusuna ağır artilleriya zərbələri endirdi. Bu istiqamətdə rusların çoxlu sayda zirehli texnikası məhv edildi. Şəxsi heyətin döyüş əzmində və motivasiyasında ciddi problemlər var. Hətta briqada, tabor komandirlərinin əmri yerinə yetirməyən hərbçilərin yerində güllələnməsi halları belə, vəziyəti dəyişə bilmir. Rusların əsas problemi döyüşməyə hazır olan hərbi hissələrinin olmamasıdır. Sayı təmin edə bilirlər, döyüş hazırlığını əsla. Bölmələr necə və kiminlə gəldi komplektləşdirilir. Say isə hər zaman üstünlük demək deyil. Müdafiə olunan bir Ukrayna əsgərinin gücü hücum edən on rus əsgərinin gücündən üstündür. Çünki onlar nəyin uğrunda döyüşdüklərinin və öləcəklərinin bilincindədirlər. Ruslar da isə tam əksinə, komandalar kor-koranə yerinə yetirilir. Komandaların legitimliyi isə hər zaman rus əsgərlərinin beynində çoxlu sual yaradır. Onlar yalançı ambisiya uğruna döyüşməyə və ölməyə hazır deyillər.
Görkəmli rus sərkərdəsi Suvorov zamanında deyirdi ki, döyüşdə hər bir əsgər öz manevr və döyüş tapşırığını dəqiq bilməlidir. Biz bunu sahədə rus əsgərləri adına görmürük. Bu səbəbdən rus qoşunları Ukrayna ərazilərində, yollarda və bataqlıqlarda can çəkişməkdədir. Vəziyyəti xilas edən raket-artilleriya bölmələridir. Onlar hər şeyi məhv edəndən sonra qoşunlar irəliləyə bilir. Buna isə çoxlu zaman lazımdır. 9 may isə çox yaxındadır. Bəzi şəhərlərdə parad hazırlıqları gedir. Əməliyyatlar teatrındakı bədbin vəziyyətin rusların parad hazırlıqlarına necə təsir edəcəyi çox maraqlıdır?
Xarkov istiqamətində Ukrayna qoşunları az da olsa, irəlilədi. Mariupolda vəziyyət hələ də gərgin olraq qalır. Mühasirə davam edir, “xəyalət şəhər” hələ də döyüşür.
Ukrayna bütün istiqamətlərdə dirənməyə davam edir. Onlar döyüşlərdə daha hazırlıqlı və motivasiyalı görünürlər. Beynəlxalq tərəfdaşlarının gündəlik artan hərbi yardımları onları daha da motivasiyalı edir.
Günün ən mühüm hadisəsi ABŞ Konqresinin Lend-linz qanunu qəbul etməsi oldu. Bu qanunun qəbul edilməsi ABŞ Prezidentinə Ukraynaya hərbi yardımların edilməsində sərhədsiz səlahiyyətlər verdi. Bundan sonra ABŞ Ukraynaya ünvanladığı 33 milyard dollarlıq hərbi yardım fonunda Kiyevə ilkin olaraq “F-16 C” qırıcı-bombardmançı təyyarələri, “M1A2” Abrams tankları, “M109A6” Paladin özüyeriyən artilleriya qurğuları, “Patriot” zenit-raket kompleksləri, “M270 MLRS” reaktiv yaylım atəşi sistemləri (RYAS), “HİMARS” reaktiv yaylım atəşi sistemləri, “NASAMS 2” zenit-raket kompleksləri, “M2A3” Bradley piyadaların döyüş maşınlarını təmin edəcək.
İkinci Dünya müharibəsindən sonra ilk dəfə bu qanun ABŞ-nin Rusiyaya öz həddini və yerini bildirməsi üçün ələdüşməz bir fürsətdir. Rusiyanın siyasi və hərbi gücünü bitirmək və yaxud zəiflətmək üçün bundan yaxşı fürsət ola bilməzdi. Düşünürəm ki, Pentaqon və Şimali Atlantika Alyansının hərbi beyin mərkəzi Rusiyaya qarşı bu fürsəti maksimum dəyərləndirəcək. Rusların sahədə buna qarşı nə edə biləcəklərini önümüzdəki günlərdə görəcəyik.
Almaniya Ukraynaya 88 “Leopard” tankı və 28 “Panzerhaubitzen 2000” haubitsası yollayır. Polşa Ukraynaya 200 ədəd “T-72” tankı yolladı.
Bundan əlavə, Almaniya Ukraynaya “Gepard” tipli hava hücumundan müdafiə tankları verəcəyini bildirib. Bu tanklar daha çox İordaniya, Rumıniya, Braziliya və Qətər ordularında mövcuddur. Almaniya İsveçrədən mərmi istəsə də, “tərəfsiz”liyə görə İsveçrənin bundan imtina etdiyi deyilir. Almaniya 50-yə yaxın “Gepard” verməyi hədəfləyir. Əgər bu tanklar Ukraynaya verilsə və mərmi təminatı olsa, rusların hava hücumunda da problemlər yaranacaq və ciddi itkilər verəcək.
Polşaya gündəlik dünyanın hər yerindən Ukraynaya göndərilən küllü miqdarda zirehli texnika və ağır artilleriya sistemləri daxil olur. ABŞ hərbi təlimatçıları Almaniyada ukranyalı hərbçilərə Qərb ölkələrinin verdikləri RLS-lər və zirehli texnika ilə təlimlərə başladılar. 11 ukraynalı pilot hazırda F-16 döyüş təyyarələri ilə təlim kursları keçir.
Bütün bunların fonunda müharibənin önümüzdəki günlərdə taleyinin necə olacağını təsəvvür etmək o qədər də çətin deyil.
Ukrayna gücünə güc qataraq müharibəyə davam edəcək. Rusiya isə gücündən güc itirərək müharibəni davam etdirməyə çalışacaq. Qısa vədədə bu ciddi hiss olunmasa da, uzun vədədə əməliyyatlar teatrındakı mövcud vəziyyət ruslara yaxşı heç nə vəd etmir.
Bu arada, 9 mayın yaxınlaşdığını da unutmamalıyıq…”.
Səxavət Məmməd