!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 70-ci GÜNÜ: Bundan artığına tərəflərin güc və vasitəsi yetərli deyil - TƏHLİL

!Reklam – Yazi

70 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 555 ədəd, avtomobil texnikası – 185 ədəd, səhra artilleriyası və minaatanları – 440 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 170 ədəd, zenit-raket kompleksləri – 34 ədəd, təyyarələr – 190 ədəd, helikopterlər – 172 ədəd, PUA – 230 ədəd, gəmi-kater – 10 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 635 ədəd, avtomobil texnikası – 2 445 ədəd, səhra artilleriyası və minaatanlar – 1 175 ədəd, YARS – 230 ədəd, zenit-raket kompleksləri – 295 ədəd, təyyarələr – 120 ədəd, helikopterlər – 80 ədəd, PUA – 407 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yetmişinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 70-ci gündə əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş verməyib, taktiki tabor qruplarının qarşılıqlı döyüşləri davam edib:

“70-ci gündə Donetsk, Luqansk, Xerson, Nikolayev, Zaporojets, İzyum istiqamətlərində mövqe döyüşləri davam etdi.

Ukraynanın hava hücumundan müdafiə sistemləri Dnepr və Brovarski yaşayış məntəqələri üzərində rusların iki qanadlı raketini havada vurdu. Müharibənin birinci həftəsində sıradan çıxarılmış Ukrayna hava hücumundan müdafiə sistemləri Qərb tərəfdaşlarının dəstəyi ilə artıq tam bərpa olunmuş görsənir. Nikolayev şəhəri raket zərbələri ilə vuruldu. Şəhərdə iki güclü partlayış oldu. Ukrayna qoşunları DXR-in Makeyevka yaşayış məntəqəsindəki neft anbarını atəşə tutdu. Hər biri 5 min tonluq dörd yanacaq çəni yandırıldı. Ukrayna ordusu rusların zirehli transportyor bazasında olan R-166-05 “Artek” radiostansiyasını ələ keçirdi. Bu, rusların bir çox radio danışıqlarını dinlənməkdə onlar üçün çox faydalı olacaq. Mariupolda vəziyyətə ruslar qismən nəzarət etsələr də, Azovçular hələ də tam təslim olmayıblar. Ukrayna hakimiyyəti Mariupolun müdafiəçiləri ilə əlaqəni davam etdirir. Dneprdə dəmiryol infrastrukturu artilleriya atəşinə tutuldu. Ruslar LXR və DXR ərazilərinə nəzarəti genişləndirir. Onlar Ukrayna dəmiryollarında ABŞ və Avropadan gələn silahların keçdiyi altı yarımstansiyanı məhv edib.

Rusların birinci eşalon bölmələri hücum cəhdlərini davam etdirdi. Ukrayna birinci eşalon bölmələri müdafiə əməliyyatlarını davam etdirməklə birlikdə, xüsusi əməliyyatlar keçirdi. Qarşılıqlı artilleriya və raket zərbələri davam etdi. PUA-lar hava məkanında taktiki aviasiyanın tapşırıqlarını həyata keçirməyə davam etdi. Ukrayna ordusu ən kiçik taktiki bölmələrini belə artıq “Javelin”, ”Stringer”, “NLOW” raketləri ilə tam təmin etmiş vəziyyətdə döyüşür. Bu əməliyyatları taktiki kəşfiyyat və zərbə PUA-ları tam həcmdə dəstəkləyir. Xüsusi təyinatlı qruplar “Vur-qaç” taktikası ilə rusları yormağa və zəiflətməyə davam edir. Hər iki tərəf taktiki üstünlüyə sahib olmaq istəsə də, döyüşlərin intensivliyi buna imkan vermir.

Ruslar havada hakimiyyəti özündə saxlayır. Ukrayna ərazisi hələ də rusların istifadə etdiyi taktiki, operativ raketlərə qarşı həssasdır. Onlar raketdən müdafiəni tam təşkil edə bilmir. Döyüş təyyarələri, demək olar ki, çox az hallarda uçur. Tərəflər ciddi operativ fasiləyə ehtiyac duyur. Lakin 9 mayın yaxınlaşması bunu mümkünsüz edir. Hərbi hədəflərin və tapşırıqların yerinə yetirlməsinə tələblər artaraq gedir. Sahədəki real güc bu tələbləri dəstəkləyə bilmir. Bu səbəbdən hər iki tərəfin bölmələri əsassız itkilər verməyə davam edir. 70 gün fasiləsiz olaraq yeni ehtiyatlarla komplektləşdirilmədən müharibəni davam etdirmək o qədər asan məsələ deyil. Hərbçilərin imkanları bir yerə qədərdir. Tükənmişlik və ehtiyatların olmaması müharibənin sürünən fazaya keçməsini qaçılmaz edir. Bu konteksdə qeyri-adi qələbələri gözləməyimiz sadəlövhlük olardı. Taktiki tabor qrupları yorğun və bitkindir. Yeni “nəfəs”ə ehtiyac var. Amma hazırlıqlı yeni bölmələr yoxdur. Yeni ehtiyat bölmələr yoxdursa, hansı uğurdan söbət gedə bilər?! Bunu hər iki tərəf yaxşı bilir. Ona görə də mövcud status-kvonu ancaq qoruya bilirlər.

Rusiya-Ukrayna müharibəsinin indiki vəziyyəti Birinci Qarabağ müharibəsinin sonlarını xatırladır. İstər erməni tərəfi, istərsə də Azərbaycan tərəfi, demək olar ki, tükənmişdi. Nə erməni tərəfinin yeni ərazilər tutmağa gücü var idi, nə də Azərbaycan tərəfinin işğaldakı torpaqları geri qaytarmağa. Əslində, Birinci Qarabağ müharibəsi məhz belə vəziyyətdə dayandı və yerini atəşkəs dönəminə verdi.

Zaman siyasətçilərin müdaxilə edəcəyi şərtləri diqtə edir. Siyasətçilər isə vəziyyəti yorulmuş orduların həll edəcəyini düşünür. Bu isə nonsensdir. Ordular bitmiş və tükənmiş hala gəlib. Onların yenidən güc toplaması üçün, azı, bir həftəlik operativ fasiləyə ehtiyac var. Yenidən qruplaşan tabor taktiki qrupları vəziyyəti qismən də olsa, dəyişə bilər. Siyasi-hərbi rəhbərliklər ordulara bu zamanı tanımaq istəmirlər. Ordular da vəziyyəti bacardıqları qədər idarə edirlər. Bu səbəbdən əməliyyatlar teatrında əməliyyat vəziyyətinin ciddi dəyişəcəyinə ümidlər hər keçən gün azalır. Amma hərbçilər siyasilər qərar verməyənə qədər az intensivliklə də olsa, sahədə döyüşməyə məcburdurlar. Hərb elmində göstərilir ki, hücum edən bölmələr irəliləyə bilmirsə, hücuma yeni qüvvələr daxil edilməklə temp artırılmalıdır. Ruslar dayanmış hücumlarını uğurla davam etdirmək üçün döyüşə yeni zirehli taktiki qruplar yeritməlidirlər. Bu isə baş vermir. Ukrayna tərəfi əks-hücumlar keçirmək üçün yeni bölmələr yeritməlidirlər. Bu da baş vermir. Tək səbəb isə ehtiyatların olmamasıdır. Ehtiyatları hazırlamaq üçün bir həftədən bir aya qədər zaman lazımdır. Tərəflərin buna ayıracaq zamanları da yoxdur.

Düşünürəm ki, hər iki tərəf bunun fərqindədir. Lakin vəziyyətə real müdaxilə imkanları çox məhduddur. Onlar ehtiyatdan və səfərbərliklə canlı qüvvə toplaya bilərlər. Amma onların təliminə ehtiyac yaranır. Döyüşlər gedə-gedə buna vaxt ayırmaları mümkün görünmür. Bütün bunların fonunda mümkün olan maksimum real vəziyyəti müşahidə edirik. Bundan artığına tərəflərin güc və vasitəsi yetərli deyil. Əgər tərəflər əməliyyat fasiləsinə razılıq versəydilər, bir müddətdən sonra bu boşluğu doldurmaq mümkün olardı.

Önümüzdəki günlərdə tərəflərin hərb elminə görə döyüşəcəklərini, yoxsa ambisiyalarına görə olan-qalanı da bitirəcəklərini görəcəyik. 9 maya isə dörd gün qalır…”.

Səxavət Məmməd

www.yenicag.az

2362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv