!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 75-ci GÜNÜ: Müharibə uzanır, tərəflər yorğundur - TƏHLİL

!Reklam – Yazi

75 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 575 ədəd, avtomobil texnikası – 250 ədəd, səhra artilleriyası və minaatanlar – 455 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 182 ədəd, zenit-raket kompleksləri – 47 ədəd, təyyarələr – 198 ədəd, helikopterlər – 156 ədəd, PUA – 239 ədəd, gəmi-kater – 12 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 655 ədəd, avtomobil texnikası – 2 460 ədəd, səhra artilleriyası və minaatanlar – 1 187 ədəd, YARS – 242 ədəd, zenit-raket kompleksləri – 310 ədəd, təyyarələr – 126 ədəd, helikopterlər – 86 ədəd, PUA – 408 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yetmiş beşinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 75-ci gündə əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş vermədi, döyüşlər Donetsk, Luqansk, Xerson, Nikolayev, Zaporojets, İzyum, Mariupol istiqamətlərində davam etdi və lokal xarakter daşıdı:

“Ukrayna Rusiya müharibəsinin 75-ci günü 9 may qələbə gününə təsadüf etdi. Bu gün tərəflər qələbə günü münasibətilə bir-birini özünəməxsus təbrik etdi.

Ruslar Qırmızı meydanda parad keçirdi. Kreml rəhbəri hərbi paraddakı çıxışında Ukraynaya müdaxiləni növbəti dəfə əsaslandırmağa çalışdı. Putin dedi ki, əgər Rusiya “xüsusi əməliyyat”a başlamasaydı, NATO Donbas və Krımda hücum əməliyyatına başlayacaqdı. Putin çıxışının bu hissəsində Krımı tarixi Rusiya torpağı adlandırmağı da unutmadı.

Ukraynalılar isə Böyük Vətən Müharibəsi muzeyinin ərazisində vurulmuş rus texnikalarını nümayiş etdirdilər.

Hər iki lider yorğun və gərgin görünürdülər. 75 gün davamlı itkilər vermək hissi və qələbədən uzaq olmaq reallığı onların xarici görünüşündən oxunurdu. Bizim Vətən müharibəmizə qədər hər dəfə 9 may gələndə ikili hislər yaşayırdıq. Bu tarixdə mənfur qonşularımız qələbə bayramı ilə yanaşı, hər dəfə Şuşanın işğalını da bayram edirdilər. Bu bizim üçün çox ağır idi. Amma İkinci Dünya müharibəsinin iştirakçılarının nəvələri, nəticələri və kötücələri Vətən müharibəmizdə bizi Müzəffər Xalq etməklə Şuşanın bədnam işğal tarixindən də xilas etmiş oldular. Yeni reallıqlar yeni bayramlar yaradacaq. Bayramdan sonra tərəflərin hansınınsa ikinci qələbə günü olacaq. Amma kimin? Çox güman ki, gələn 9 maya qədər biz bunu bilmiş olacağıq…

Avropa ittifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın Odessa şəhərinə səfərə gəlib. Səfər zamanı Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın Baş naziri Denis Şmıqalla görüşüb. Görüş zamanı Rusiya ordusu Odessaya raket zərbələri endirməyə başlayıb və görüş yarımçıq qalıb, tərəflər sığınacağa girməli olublar.

Portuqliya ABŞ-dən aldığı 15 ədəd hərbi transportyoru Ukrayna ordusuna hədiyyə etdi. Xarkov vilayətində Ukrayna tərfindən döyüşən çeçen mücahidlərinin “Şeyx Mansur” taboru Rusiya hərbi birliyini pusquya salaraq məhv etdi. Ruslara məxsus TOS 1-A odsaçan texnika qənimət götürüldü.

Ukrayna ordusu Xarkov vilayətinin İzyum rayonunda Rusiya bölmələrinin hərbi qərargahına aviasiya zərbəsi endirdi. Rusiya tərəfi növbəti dəfə qərargah zabitlərindən itkilər verdi. Əməliyyatlar teatrında Ukrayna Hərbi Hava Qüvvələrinin fəaliyyətinin aktivləşdiyini müşahidə edirik. Rusiya Hava Hücumundan Müdafiə bölmələri sıradan çıxarıldıqca bu fəaliyyətlər daha da artacaq. Ukrayna qoşunları bunu müharibənin əvvəlində etməli idilər. Amma bunu etməyə güc və vasitələri yetərli deyildi.

Donetsk istiqamətində də aviauçuşlar həyata keçirildi. Rusiya hərbi toplanma məntəqəsinə aviasiya zərbəsi endirildi.

Luqansk istiqamətində də döyüşlər davam etdi. Ukrayna qoşunları Rusiya qoşunlarının müdafiə mövqelərinə artilleriya atəşləri endirdi. Atışların dəqiqliyi qarşı tərəfə itkiləri ilə nəticələndi.

Bundan əlavə, cəbhənin Xarkov, Xerson, Nikolayev, Zaporojets istiqamətlərində Ukrayna ordusunun NATO ölkələrinin istehsalı olan uzaq vuran artilleriya haubitsalarından kütləvi şəkildə Rusiya qoşunlarının mövqelərinə qarşı istifadə etdiyi müşahidə olundu.

Ukrayna Hərbi Hava Qüvvələrinin istifadəsində olan “Bayraktar TB-2” PUA-ları tərəfindən cəbhənin müxtəlif istiqamətlərində çoxlu sayda zirehli texnikaları və şəxsi heyəti sıradan çıxarıldı. Operator pilotlar bunu ruslara 9 mayda özəl hədiyyə olaraq xüsusi peşəkarlıqla etdilər.

Döyüşlərin ən gərgin getidiyi ərazilərdən biri də Qara dənizdəki İlan adasıdır. Rusiya rəsmi olaraq bəyan etdi ki, İlan adasına Ukrayna ordusunun hücumunun qarşısı alınıb. Döyüşlər nəticəsində 8-i “Bayraktar TB-2″ olmaqla 19 ədəd Ukrayna hərbi təyyarəsi vurulub. Baş verən döyüşlər İlan adasının nə qədər əhəmiyyətli bir mövqe olduğunu ortaya qoyur.

Təxmin etdiyimiz kimi, Rusiya qoşunlarının 9 may hərbi paradında iştirak edən heyətləri birbaşa Ukraynadakı cəbhə bölgələrinə göndəriləcəklər.

Bu ehtiyat bölmələrin şəxsi heyətləri 75 gün müddətində rusların verdiyi şəxsi heyət itkisinin yerini qismən də olsa, bərpa etməyə imkan verəcək. Amma hazırlıqsız ehtiyatda olan bölmələrin şəxsi heyəti Ukrayna ordusunun hazırlıqlı döyüşçülərinə “asan yem” olacaqlar. Bu heyətlər bir müddət səfərbərlik elan edilməməsini də sığortalamış olacaqlar. Bundan sorna şəxsi heyət çatışmazlığını Kreml rəhbərliyinin necə təşkil edəcəyini önümüzdəki həftələrdə görəcəyik.

75 gün davam edən müharibənin hər günü ruslara təxminən 900 milyon dollara başa gəlir. Bu müharibəni davam etdirmək o qədər də asan məsələ deyil. Amma onlar bunu özlərinə rəva bilirlər. Belə yüksək maliyyətə bir neçə amil təsir edir. Bura həm Ukraynada döyüşən rus əsgərlərinin maaşları, onların döyüş təminatı, itirilən zirehli texnikalar, gəmilər, aviasiya və artilleriyanın sistemləri, avtomobil texnikaları, zirehli transportyorlar və qərargah maşınlarının maliyyəti, həm də zədələnmiş hərbi texnikaların təmir xərcləri daxildir.

Bundan əlavə, gündəlik atılan minlərlə mərmilərin, raketlərin maliyyəti də bura daxildir. Bəzi raketlərin maliyyəti, ən azı, 1,5 milyon dollardır. Ruslar 75 gündə müharibəyə təxminən 67 milyard dollar xərcləyib. Müharibənin uzanan hər gününə bu maliyyəti əlavə etsək, savaşın ruslara necə baha başa gələcəyini təsəvvür etmək çətin deyil. Bir tərfdən də hərbi ehtiyatlarının zamanla tükənəcəyi ehtimalı artmaqdadır.

Uzun vədəli müharibədə bu maliyyətin altından Rusiyanın, yoxsa Ukraynanın qalxa biləcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv