!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 78-ci GÜNÜ: Ordularda "günahkar ovu" başlayıb - TƏHLİL

!Reklam – Yazi

78 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 590 ədəd, avtomobil texnikası – 265 ədəd, səhra artilleriyası və minaatanlar – 468 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 192 ədəd, zenit-raket kompleksləri – 52 ədəd, təyyarələr – 200 ədəd, helikopterlər – 160 ədəd, PUA – 300 ədəd, gəmi-kater – 13 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 675 ədəd, avtomobil texnikası – 2 475 ədəd, səhra artilleriyası və minaatanlar – 1 205 ədəd, YARS – 255 ədəd, zenit-raket kompleksləri – 320 ədəd, təyyarələr – 167 ədəd, helikopterlər – 127 ədəd, PUA – 705 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yetmiş səkkizinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, Ukrayna Rusiya müharibəsinin 78-ci günü əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş verməyib və döyüşlər Donetsk, Luqansk, Xerson, Nikolayev, Zaporojets, İzyum, Mariupol istiqamətlərində taktiki səviyyədə davam edib:

“İzyum istiqamətində ruslar yenidən qruplaşma keçirməyə çalışdılar. Luqansk istiqamətində əsas səylər Çernobayevka istiqamətinə cəmləşdirilib. Rusların bu istiqamətdə irəliləməyə qərarlı olduğu görsənir. Rubejnoe istiqamətində ruslar hücum döyüşlərini davam etdirməyə cəhd etdilər.

Ukrayna Silahlı Qüvvələrinin 92-ci briqadası Donbasda rus qoşunlarını geri çəkilməyə məcbur etməyə çalışdı.

Rusiya ordusu Xerson vilayətinin Osokorovka kəndini iki dəfə fosfor mərmiləri ilə atəşə tutdu. Fosforlu silahların istifadəsi tənəffüs yollarının yanmasına, sümük iliyinin zədələnməsinə və ağrılı ölümə səbəb olur. Fosforlu sursatlar BMT-nin “Qeyri-insani silahlar haqqında” Konvensiyası ilə qadağan edilib. Görünən odur ki, artıq beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir.

Beloqorovka rayonunda rusların çay üzərindəki süni mühəndis istehkam körpüsündən keçirmək istədiyi yetmiş iki ədəd zirehli texnikası eyni keçid yerində vurulub. Onlar yenə də çayı keçmək üçün texnikanı bura yönəldirlər. Ukraynalılar da onları oradaca məhv etməyə davam edirlər. Sanki rusların bölmələrində heç kimin özündən əvvəlkilərin başına gələnlərdən xəbəri yoxdur. Yoxsa nədən vurulacağı bilinə-bilinə eyni çay keçid yerinə bu qədər texnika yönəldilsin ki…

Mariupolda vəziyyət gərgin olaraq qaldı. Ukrayna Baş Qərargahı Mariupol döyüşçülərinə hərbi köməyin mümkün olmadığını bildirdi. Bu o deməkdir ki, onlar ya əsir düşməlidirlər, ya da döyüşərək ölməlidirlər. Üçüncü variant yoxdur… Yetmiş səkkiz  gün döyüşən Mariupol döyüşçülərinin aqibəti belə bitəcək.

Tərəflərin mövqe döyüşlərində ciddi bir dəyişiklik baş vermədi. Görünən odur ki, hər iki tərəfin Quru Qoşunları çox yorğundur və bundan artığına gücü çatmır. Mövcud vəziyyəti davam etdirməyə çalışırlar. Hücum və müdafiə taktikasında heç bir yenilik edə bilmirlər. Bunu etmək üçün ehtiyat qüvvələr yoxdur. Siyasi rəhbərliklərin tələbləri əvvəlki səviyədə qalır. Ordular 78 gün fasiləsiz döyüşdüklərindən bu tələbləri yerinə yetirə bilmir. Əgər əmr və direktivlər əməliyyat teatrında yerinə yetirilə bilmirsə, ya tərəflər müvəqqəti də olsa, aktiv döyüşləri dayandırmalıdırlar, ya da çıxdıqları hədlərdə müdafiəyə keçməlidirlər. İndiki halda ən uyğunu da budur. Müdafiə əməliyyatlarını aparmaq. Amma siyasilər bunu tələb etmir. Onlar, ən azından, operativ hədəflərin ələ keçirilməsini istəyirlər. Ordular isə bunu bacarmır. O zaman günahkarları təyin etmək lazım gələcək. İndi tərəflərin günahkarları təyin etmə zamanıdır. Bu dalğa da orduları idarə edənlərin bir hissəsini bitirəcək.

Rusiya ordusunda artıq günahkar ovu başlayıb. Xeyli sayda yüksək rütbəli və vəzifəli zabitlərin həbs olunduğu, bəzilərinin isə vəzifədən kənarlaşdırıldığı deyilir. Bundan əlavə, ruslar xüsusi xidmət orqanları içərisində də günahkar axtarışını davam etdirirlər və onları “təmizləyirlər”.

Müharibənin kəskin fazası artıq mümkünsüz görünür. Bundan sonra biz lokal döyüşləri görəcəyik. Lokal döyüşlər isə tərəflərin heç birinin üstünlüyünü təmin edə bilməz. Əməliyyatlar teatrında qeyri-adi qələbələrdən və uğurlardan söhbət gedə bilməz. Tərəflər mövqe döyüşlərini davam etməklə günü başa vurmağa çalışacaqlar.

Rusiya tərəfi Suriyadan və 9 may paradına qatılmış qüvvələri müharibə meydanına aparır. Bundan əlavə, Ukraynanın xeyli sayda qüvvəsi təlimlərə cəlb olunub. Yaxın zamanda həmin qüvvələr döyüşlərə cəlb edilsə, aktivlik nisbətən arta bilər. Ancaq bu da kəskin dönüşün olacağı anlamına gəlməyəcək.

Ukrayna Radası prezidentin təklifi ilə Ukraynada olan Rusiya əmlakının müsadirə olunması haqqında qanun qəbul etdi. Bu, dağıntıları kompensasiya etmək üçün atılmış addım sayılır.

Bu gün Finlandiya NATO-ya üzv olmaq üçün müraciət etdiyini rəsmən açıqladı. İsveçin də NATO-ya üzvlük üçün müraciəti gözlənilir. Rusiya Finlandiya və İsveçi NATO-ya qoşulacaqları təqdirdə nüvə silahından istifadə edəcəyi ilə hədələməyə başlayıb.

Rusiyanın Finlandiyaya aktiv müdaxiləsi reallıqdan çox uzaqdır. Sadəcə olaraq sözlü bəyanatlar, hədələr olacaq. Bundan əlavə, nüvə başlıqları istiqamətlənən ölkələrdən biri də Finlandiya olacaq.

Rusiya müharibənin başlanğıcında hazırladığı müharibə planları ilə nəticədə baş verənlər arasında ciddi ziddiyyətlərlə üzləşir. Artıq NATO-ya üzv olan yeni ölkələr fikir bildirirlər. Rusiyanın ilkin planlarından əsər-əlamət belə qalmayıb. Əgər siyasi proseslər bu yöndə davam edərsə, Rusiyanın buna nə ilə cavab verəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

697
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv