!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 79-cu GÜNÜ: Ambisiyalar itkiləri artırır - TƏHLİL

!Reklam – Yazi

79 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 592 ədəd, avtomobil texnikası – 269 ədəd, səhra artilleriyası və minaatanlar – 469 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 193 ədəd, zenit-raket kompleksləri – 53 ədəd, təyyarələr – 200 ədəd, helikopterlər – 160 ədəd, PUA – 300 ədəd, gəmi-kater – 13 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 678 ədəd, avtomobil texnikası – 2 479 ədəd, səhra artilleriyası və minaatanlar – 1 207 ədəd, YARS – 257 ədəd, zenit-raket kompleksləri – 322 ədəd, təyyarələr – 167 ədəd, helikopterlər – 127 ədəd, PUA – 705 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yetmiş doqquzuncu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 79-cu gündə əməliyyatlar, əsasən, 4 istiqamətdə davam edib:

“Birinci istiqamət Xarkov istiqamətidir. Xarkov istiqamətində Ukrayna qoşunları əks-hücum əməliyyatlarını davam etdi. Pitomnik yaşayış məntəqəsi azad edildi. Bu isitiqamətə ruslar hələ müharibənin ikinci günü gəlib çatmışdılar və hücumları burada dayandırılmışdı.

Buradakı qoşunları Donbas istiqamətinə yönləndirəndə qalan qüvvələr zəifləmiş oldu və nəticədə Ukrayna ordusu onların bu zəif yerindən əks-həmlə etdi. Bu, Ukrayna ordusunun Rusiya qoşunlarının vəziyyətini düzgün qiymətləndirməsinin nəticəsidir. Ukrayna mərkəzi və yerli kəşfiyyat orqanları mükəmməl fəaliyyət göstərir. Şimali Atlantika Alyansına daxil olan ölkələrin kəşfiyyat qurumlarının da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahını kəşfiyyat məlumatları ilə mütəmadi təmin etməsi onların fəaliyyətini daha da uğurlu edir. Ukrayna qoşunlarındakı bölmələr qarşı tərəfin hədəflərinin dəqiq yerini tapmaqda heç bir çətinlik çəkmirlər. Bir də bura Pentaqonun əməliyyatlar teatrını tam videorejimdə izləyə bilmə imkanlarını və bunu Ukrayna kəşfiyyat orqanlarına servis etməsini hesab qatsaq, rəsm tamamlanmış olar. Əməliyyatları o tərəf qazanacaq ki, onlar kəşfiyyat məlumatlarına vaxtlı-vaxtında sahib olsun. Ukrayna qoşunlarının texnoloji silahlarının hədəflərini asanlıqla tapması da bu qəbildəndir. Ukrayna qoşunları kəşfiyyat məlumatlarına sahib olma baxımından əməliyyat teatrına tam hakimdir. Qarşı tərəf haqqında dəqiq kəşfiyyat məlumatları kimdədirsə, çeviklik də ondadır. Biz bunu Ukraynanın timsalında görürürk. Bunu nəticəsidir ki, onlar Xarkov istiqamətində döyüşlərlə Rusiya sərhədlərinə on kilometrə qədər yaxınlaşıblar. Döyüşlər belə davam edərsə, onlar bu istiqamətdə Xarkov vilayətinin ərazisini tam nəzarətə götürəcəklər.

İkinci istiqamət İzyum-Luqansk istiqamətidir. İzyum istiqamətində ruslar irəliləyərək Velikaya Kamışevaxa kəndini nəzarətə götürdülər. Onların növbəti hədəfi Barvenkova ola bilər. Bu istiqamətdə iki həftədir ki, ruslar çayı heç cürə keçə bilmirlər. Rusların Severodonetskdə çay üzərində qurduğu süni körpü yenə dağıdıldı, zirehli texnikalar yenə sıradan çıxarıldı. Panton körpüsünün ətrafı zirehli texnika “məzarlığına” çevrilib. Onlar çayı keçib Beloqorovka yaşayış məntəqəsini ələ keçirmək istəyirlər. Amma bu onlar üçün çətin hədəf görsənir.

Kramatorsk və Slavyansk növbəti dəfə artilleriya və YARS-larla vuruldu. Ruslar Popasnoe istiqamətindən Vrubovka istiqamətində irəliləməyə çalışır. Ciddi müqavimətlə üzləşirlər.

Üçüncü istiqamət Mariupol istiqamətidir. Mariupolda vəziyyət yenə də gərgin olaraq qaldı. Mühasirə döyüşləri davam etdi. “Azovstal” ərazisindəki döyüşçülər ciddi tibbi yardıma ehtiyac duyurlar. Onlar imkansızın sərhədlərində döyüşməyə davam edirlər. Tam heyətlə məhv olanadək döyüşməyi özlərinin son hədəfi kimi seçmiş görsənirlər. Onlar da Ukraynanın yeni tarixinə belə keçmiş olacaqlar. Düşünürəm ki, gələcəkdə Ukrayna xalqı və ordusu onları “yenilməzlik simvolu” kimi tarixdə yaşadacaq.

Dördüncü istiqamət cənub istiqamətidir. Yəni Xerson-Donetsk istiqaməti. Xerson–Donetsk istiqamətində də vəziyyət lokal döyüşlərlə davam etdi. Ruslar buradan Zaporojye yaşayış məntəqəsi istiqamətində irəliləməyə cəhd edirlər. Qulyaypole istiqamətində də irəliləmək üçün döyüşürlər, amma irəliləyə bilmirlər. Onlar buradan irəliləyə bilsə, Ukraynanın Donbas qruplaşmasını mühasirəyə salacaqlar.

Bütün istiqamətləri incələdikdə birinci-ikinci istiqamətdə Ukrayna qoşunlarının, üçüncü-dördüncü istiqamətdə Rusiya qoşunlarının əməliyyat şəraitinə nəzarət etdiyini görürük. Tərəflərin irəliləmə tempi düşünülənin çox altındadır. Belə getsə, biz əməliyyatlar teatrında üstünlüyün tam kimin tərəfində olacağını önümüzdəki günlərdə görəcəyik.

79-cu günün müharibəsində canlı qüvvə itkiləri barədə dolğun məlumat olmasa da, hər iki tərəfdən hərbi və mülki itkilərin ümumilikdə 50-60 min olduğunu ehtimal edilir. Təkcə Mariupolda 20 minədək mülki şəxsin həyatını itirdiyi barədə iddialar var. Hər iki tərəfin hərbi itkilərinin, ən azı, 15-20 min nəfər olduğu ehtimal edilir.

79 günün müharibəsi üçün bu çox böyük rəqəmdir. Amma tərəflər bunu gözardı edirlər. Əks təqdirdə, əməliyyatlar dayandırılmalı idi. Lakin biz bunu görmürük. Əksinə, hər gün tərəflərin siyasi ambisiyaları artaraq gedir. Bu ambisiyalar itkilərin artması ilə nəticələnir. Ambisiyaların, yoxsa reallıqların üstün gələcəyini önümüzdəki günlərdə görəcəyik.

Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün rəsmi müraciəti siyasi aləmdə də vəziyyəti bir qədər gərginləşdirib. Türkiyə açıq şəkildə Finlandiya və İsveçin NATO-ya üzv olacaqlarına qarşı çıxacaqlarını bildirdi. Bundan əlavə, Türkiyə İsveçi PKK-ya yardım etməkdə ittiham etdi. NATO ölkələri arasında qarşıdurma Rusiyanın işinə yarayan amildir. Türkiyə ilə yanaşı, Xorvatiya da adıgedən ölkələri NATO-da görmək istəmir.

Finlandiyanın xüsusi fəallığı Rusiyanı müəyyən addımlar atmağa vadar etdi. Rusiya təkcə sözlü bəyanatla kifayətlənmədi. Rusiya Finlandiyaya verilən elektirik enerjisini dayandıracağını bəyan etdi. Görünən odur ki, gərginlik artan templə davam edəcək.

Bu gün G7 ölkələri Ukraynaya təxminən 30 milyard avro məbləğində maliyyə dəstəyi vermək niyyətini bəyan etdilər. Bu bəyanatlar Ukrayna Silahlı Qüvvələrinin mənəvi psixoloji vəziyyətinə müsbət təsir göstərəcək. Arxalarında artan maddi və hərbi dəstəyi görən Ukrayna qoşunları döyüşlərdə daha qətiyyətli olacaq. Bu dəstəklərin əməliyyatlar teatrına necə yansıyacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv