Rusiya-Ukrayna savaşının 81-ci GÜNÜ: Müharibənin dönüş nöqtəsi – TƏHLİL

81 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 597 ədəd, avtomobil texnikası – 2 205 ədəd, səhra artilleriyası və minaatanlar – 475 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 197 ədəd, zenit-raket kompleksləri – 57 ədəd, təyyarələr – 202 ədəd, helikopterlər – 163 ədəd, PUA – 305 ədəd, gəmi-kater – 13 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 685 ədəd, avtomobil texnikası – 2 485 ədəd, səhra artilleriyası və minaatanlar – 1 213 ədəd, YARS – 261 ədəd, zenit-raket kompleksləri – 327 ədəd, təyyarələr – 169 ədəd, helikopterlər – 129 ədəd, PUA – 710 ədəd.

Ukrayna-Rusiya müharibəsinin səksən birinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 81-ci gündə əməliyyatlar, əsasən, Xarkov, İzyum, Luqansk, Mariupol, Xerson, Donetsk istiqamətində davam edib:

“Ukrayna Silahlı Qüvvələrinin birinci eşalon bölmələri Xarkov istiqamətində Rusiya ilə sərhədə çıxdılar. Müharibə başlayan gündən bu, birinci hal idi ki, onlar sərhəd həddinə çıxdılar. Ukrayna siyasi və hərbi rəhbərliyinin planları bu istiqamətdə operativ uğur sayıla bilər. Ukrayna Silahlı Qüvvələrinin birinci eşalon bölmələrinin əsas tapşırıqları bütün istiqamətlərdə Rusiya sərhəd həddinə çıxmaqdan ibarətdir. Xarkov istiqamətində bu, yerinə yetirilmiş görsənir. Düşünürəm ki, onlar sərhəddən irəli getməyəcəklər. Rusiya ərazilərində Ukrayna tərəfinin əməliyyatlarının xüsusi əməliyyatlar və partizanların vasitəsilə aparılacağını görəcəyik. Bunun üçün Ukraynanın kifayət qədər qüvvəsi var.

Rusiya qoşunları bu gün çıxdıqları mövqelərdə möhkəmlənməyə çalışdılar. Xüsusən də hansı istiqamətdə irəliləyə bilmirlərsə, dərhal mövqe müdafiəsinə keçirlər və ərazini minalayırlar. Melitopol və digər ərazilərdə də müdafiə əməliyyatları həyata keçirirlər. Xüsusən də mühəndis-istehakam hədlərinin yaradılmasını həyata keçirməyə başladılar. İzyum istiqamətində Rusiya qoşunlarının hücumları dayandırıldı və Ukrayna qoşunları əks-hücuma cəhd etdilər. Barvinkova yaşayış məntəqəsinə çıxdılar. Bu istiqamət Rusların əsas hücüm istiqamətlərindən biri idi. Bu da müharibənin başlanmasından bu günə qədər bu istiqamətdə bir ilk idi. Bu günə qədər 1500 dən çox azad olunan yaşayış məntəqəsini və bu faktları nəzərə alsaq, deyə bilərik ki, 81-ci gün əməliyyatlar teatrında Ukrayna qoşunları üçün müharibəninin dönüş nöqtəsinin əlamətlərini gördüyümüz gün oldu. Bu günə qədər Ukrayna qoşunları öz gücünə dörd böyük şəhəri Kiyev, Xarkov, Sumı, Çerniqovu mühasirədən çıxarmış sayılır. Bu, Ukrayna qoşunları adına inanılmaz nəticədir. Dünyanın ikinci ordusu ilə iyirminci ordusu arasında 81 günlük müharibədəki dəngələr bərabərləşərək, iyirminci ordusunun lehinə dəyişməyə başladı.

Ukraynalıların dörd əməliyyat istiqamətində inisiativə sahib olmaları növbəti günlərdə yeni ərazilərin azad olunmasına çevriləcək. Bu gündən etibarən müharibə yeni fazaya keçmiş sayıla bilər. Nəticələrə dərhal təsir etməsə də, uzun vədədə bunu hər gün artan templə hiss etdirəcəklər. Bir də bura Lend- lizin təmin edəcəyi hərbi yardımın əməliyyatlar teatrına çatmasını əlavə etsək, Ukraynanın hərbi gücünün hansı səviyyəyə çatacağını aydın təsəvvür edə bilərik.

Bundan əlavə, siyasət meydanında da proseslər gərginliyini qoruyur. Rusiya Finlandiya və İsveçi hədələməyə başlayıb. Əgər onlar NATO-ya üzv olsalar, tədbirlər görüləcəyi açıqlanıb. Digər məsələ isə Türkiyənin addımı oldu. Türkiyə şərtlərinin yerinə yetiriləcəyi halda, Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşı çıxmayacağını bildirdi. Əslində, bu müharibə, hardasa, Türkiyənin də işinə yarayır. Uzun zamandır həyata keçirə bilmədiyi məsələləri şərt kimi irəli sürür və qəbul etdirir. Digər yandan isə İranla Rusiya arasında yaxınlaşma açıq şəkildə hiss olunur və Putinin İrana səfəri gözlənilir. Tərəflər birgə neft-qaz avadanlıqları zavodu qurmaq niyyətindədir.

Bu artan hərbi gücdən Ukraynanın necə istifadə edəcəyini və bunun hansı hədəflərə çevriləcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd