!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 82-ci GÜNÜ: Kreml rəhbərinin nüfuzu hər gün daha da azalır - TƏHLİL

!Reklam – Yazi

82 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 600 ədəd, avtomobil texnikası – 2 210 ədəd, səhra artilleriyası və minaatanlar – 477 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 200 ədəd, zenit-raket kompleksləri – 59 ədəd, təyyarələr – 203 ədəd, helikopterlər – 164 ədəd, PUA – 320 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 690 ədəd, avtomobil texnikası – 2 490 ədəd, səhra artilleriyası və minaatanlar – 1 215 ədəd, YARS – 263 ədəd, zenit-raket kompleksləri – 330 ədəd, təyyarələr – 170 ədəd, helikopterlər – 130 ədəd, PUA – 712 ədəd.

Ukrayna-Rusiya müharibəsinin səksən ikinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 82-ci gündə əməliyyatlar, əsasən, Xarkov, İzyum, Luqansk, Mariupol, Xerson, Donetsk istiqamətində davam edib:

“Günün əsas xəbəri Ukrayna Silahlı Qüvvələrinin 127-ci ərazi müdafiə briqadasının 227-ci taborunun Xarkov vilayətində Rusiya qoşunlarının geriyə çəkilməsinə nail olması və Rusiya ilə sərhədə çıxması oldu. Bu münasibətlə Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayəti 127-ci ərazi müdafə briqadasının döyüşçülərinə təşəkkür etdi. Bu hadisə bizim 44 günlük müharibəmizin gedişatında uğurlu xüsusi təyinatlı əməliyyatlar üçün prezidentin Silahlı Qüvvələrin XTQ-lər komandanını təbrik etməsi ilə çox oxşardır. Düşünürəm ki, Ukraynanın önümüzdəki günlərdə növbəti operativ hədəfləri Donetsk, Luqansk və Krım istiqamətləri olacaq. Xarkov nümunəsi bu məqsədlər üçün tətikləyici rol oynayacaq.

Bu mərhələdə uğurlu əməliyyatlarının əsas səbəbi yeni nəsil texnologiyalarla dəstəklənən pilotsuz uçuş aparatları ilə Ukranan qoşunlarına yeni verilən ağır artilleriya atəşlərinin heyətlərlə uğurlu yönləndirilməsindən ibarətdir. Qoşunlar artıq yeni verilən artilleriya qurğularından uğurlu atışlar yerinə yetirirlər və heyətlər yeni texnikaları öyrənmiş görsənirlər.

Ukrayna qoşunlarının tam uğurlu olması üçün onların çox sayda zirehli texnika, artilleriya və hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var.

Donbasda əməliyyatların uğurlu olması üçün Ukrayna qoşunları yenidən qruplaşma keçirməlidirlər. Bunu etmək üçün Belarus qüvvələri Ukrayna qoşunlarının bir hissəsinin Donbasa köçürülməsinə hələ də imkan vermir. Minskin xüsusi əməliyyat qüvvələrinin Ukrayna ilə sərhəddə yerləşdirilməsi Ukrayna hərbçilərinin bu ərazilərdən köçürülmə fəaliyyətini gecikdirir. Buna görə də onların Donbasdakı əməliyyatlara dəstək verməsi mümkün görünmür.

Beynəlxalq aktyorların təkidi üzərinə bu gün Rusiya Mariupol şəhərində, mühasirədə olan “Azovstal” kombinatı ərazisində sükut rejimi elan etdi. Mariupolda “Azovstal” ərazisindən yaralı ukraynalılar üçün humanitar dəhliz açıldı. “Azov” döyüşçülərinin buna çox ehtiyacı var idi.

Ruslar Beloqorodka-Popasnoe istiqamətində Ukrayna bölmələrini mühasirəyə salmağa cəhd etdilər. Bütün mümkün güclərin köməyi ilə Severodonetski nəzarətə götürməyə çalışdılar.

Son həftədə baş verənlər Kreml rəhbərliyinin silahlı qüvvələr qarşısında qoyulan operativ tapşırıqlarının nəticəsidir. Kreml rəhbərliyi bu həftə üçün müəyyən edilmiş əsas üç məqsəddən heç birinə nail ola bilmədi. Onlar bu həftə ərzində “Azovstal”ı götürməli, Luqansk və Donetsk vilayətlərinin sərhədinə çatmalı idilər.

Bu tapşırıqların heç biri yerinə yetirilə bilmədi. Rusiya qoşunlarına Luqansk vilayətinin Beloqorovka yaşayış məntəqəsi ərazisində Severodonetsk çayından keçmək və Liçansk və Severodonetsk yaşayış məntəqələrini mühasirəyə almaq əmri verilmişdi. Burada üç gün ərzində şiddətli döyüşlər getdi. Çayı keçərkən Ukrayna qoşunları üç gün ərzində 250 ədəd döyüş texnikasını məhv etdi. Bu üç günlük döyüşdə ruslar 1500 nəfər döyüş itkisi verdilər. Nəticə etibarı ilə biz bütün operativ istiqamətlərdə rusların döyüş tapşırıqlarının effekt vermədiyini görürük.

Bu səbəbdən Rusiya ilə müharibənin dönüş nöqtəsinə çatmasına sayılı günlər qalıb. Düşünürəm ki, Ukraynanın istənilənə nail olması üçün ilin sonunadək aktiv əməliyyatlar davam edəcək.

Bu gün Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlət başçılarının görüşü oldu. Sammitdə KTMT üzv ölkələrinin qüvvələrinin Ukraynada xüsusi əməliyyata cəlb edilməsi məsələsi müzakirə olunmayıb. Düşünürəm ki, Rusiya KTMT ölkələrinin mərkəzdənqaçma meyillərinin olub-olmamasını müəyyən edəcək. İqtisadi olaraq onların Rusiyaya nə qədər yararlı ola biləcəyini sorğulayacaq. Belə meyli olanlara yerini göstərəcək. İqtisadi dəstək vermələrini tələb edəcək və onları qorxudub növbəti dəfə yola salacaq.

Əməliyyatlar teatrında Ukrayna lehinə baş verənlər göstərir ki, Kreml rəhbəri təkcə geri çəkilmir, onun avtoriteti, nüfuzu hər gün buz kimi əriyib daha da kiçilir. Artıq, o nəinki NATO ölkələrinə, heç Finlandiya və İsveçə belə hədə-qorxu gələ bilmir, çünki hamı onun Ukraynada necə məğlub və zəif olduğunu gördü. Bu səbəbdən heç kim daha onun sözünü ciddiyə almır.

Onun, “Finlandiya və İsveçin NATO-ya daxil olması bizim üçün dərhal təhlükə yaratmır”, – deməsi bu konteksdə qiymətləndirilməlidir.

Rusiya Ukrayna müharibəsi fonunda Türkiyə istədiyinə nail olmaq üçün ciddi güc sərf edir. Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərinə rəsmi Ankara tələblərlə çıxış edir. Ankara hər iki ölkəni terrora dəstək verməkdə ittiham edir və terrorçuları onlardan tələb edir. Tələb qoyulan ölkələr isə buna hələ ki cavab verə bilmirlər. ABŞ də Ankaranın qərarından narahat olduğunu dilə gətirib. Maraqlıdır ki, NATO üzvləri Türkiyəni razı salmağa çalışdığı bir vaxtda İsveçdə PKK bayraqları dalğalanıb və polis nümayişçilərə müdaxilə etməyib.

Digər tərəfdən, Çin Finlandiya və İsveçin NATO-ya üzv olmasından narahatlığını dilə gətirib və rəsmi şəkildə bəyan edilib ki, əgər üzv olsalar, ikitərəfli münasibətlərə yenidən baxacaqlar. Maraqlıdır ki, əvvəl Rusiya NATO-nun şərqə doğru irəliləməsindən narahatlığını dilə gətirirdisə, indi Çin də bu tip açıqlama verməyə başlayıb.

Bütün bunların fonunda Rusiya dünyanın qida təhlükəsizliyini zərbə altına qoyub. Rusiya müharibəni bir qədər də uzadaraq dünyanın qida çatışmazlığına nə qədər dözə biləcəyini test edir. Artıq BMT statistika yayımlayıb ki, 47 milyon insana ərzaq çatdırılmasa, onlar acından öləcəklər. Rusiya hazırda nüvə silahından daha çox qida silahını işə salıb. Qida təhlükəsizliyi Ukraynaya dəstək olan ölkələrin qərarlılığına nə qədər təsir edəcək, bunu yaxın zamanda biləcəyik.

Kreml rəhbərliyinin baş verən arzuolunmaz hadisələri nə qədər həzm edəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

1358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv