!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 83-cü GÜNÜ: Moskvanın cəbhə yaratma cəhdləri - TƏHLİL

!Reklam – Yazi

83 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 605 ədəd, avtomobil texnikası – 2 215 ədəd, səhra artilleriyası və minaatanlar – 480 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 203 ədəd, zenit-raket kompleksləri – 60 ədəd, təyyarələr – 203 ədəd, helikopterlər – 164 ədəd, PUA – 330 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 695 ədəd, avtomobil texnikası – 2 495 ədəd, səhra artilleriyası və minaatanlar – 1 219 ədəd, YARS – 265 ədəd, zenit-raket kompleksləri – 332 ədəd, təyyarələr – 170 ədəd, helikopterlər – 130 ədəd, PUA – 715 ədəd.

Ukrayna-Rusiya müharibəsinin səksən üçüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib

Elxan Şıxəliyev bildirib ki, 83-cü gündə əməliyyatlar, əsasən, Xarkov, İzyum, Luqansk, Donetsk istiqamətində davam etdi:

“Günün əsas xəbəri Rusiyanın Mariupol şəhərində, mühasirədə olan “Azovstal” kombinatı ərazisində sükut rejimi elan etməsi və burada yaralı ukraynalılar üçün humanitar dəhlizin açılması oldu. “Azov” döyüşçüləri bu gün təslim oldular. Beləliklə, Mariupol əfsanəsi bitmiş oldu. Mariupolu və “Azov”u dünyada tanımayan insan və təşkilat qalmadı. Bu qrupalaşmaya dəniz piyadaları, ərazi müdafiəsi döyüşçüləri, polis, sərhədçilər, Milli Qvardiya, ayrıca “Azov” alayının döyüşçülərinin daxil olduğu Mariupol müdafiəçiləri qarnizonu daxil idi. Ukrayna Silahlı Qüvvələri onlara heç nə ilə kömək edə bilmirdilər. Onlar Ukrayna hərb tarixində mümküsüzü bacaran qəhrəmanlar kimi qalacaq. Rusiyanın onları əsirlərə dəyişəyəcəyinə inanmıram. Çox güman ki, onları uzun sürən məhkəmə prosesləri təqib edəcək. Birinci mümkün vəziyyətdə təhqir olunmaqları da qarant altında deyil. Hər bir halda, sağ qalmaları artıq qarant altındadır. Biz əvvəlki təhlillərimizdə bildirmişdik ki, onlar ya ölməli idi, ya da təslim olmalı idilər. İkinci variant daha məqbul idi. Çünki hətta Ukrayna Prezidenti bu qərarın verilməsini onların özünə buraxmışdı. Məncə, onlar doğrusunu etdilər. Ukraynanın müdafiə naziri Aleksey Reznikov jurnalistlərə açıqlama verərək qeyd edib ki, Mariupol qarnizonunun qəhrəmanlığı sayəsində rus qoşunlarını Kiyevdən çıxarmaq mümkün olub. Onlar 20 minlik rus qruplaşmasını cilovlamaq və onların Zaporojyeyə və daha sonra Donetsk vilayətinə daxil olmasının qarşısını almaq əmrini şərəflə yerinə yetirdilər.

Bundan sonra Rusiyanın bu istiqamətdə planları yeni mərhələyə keçəcək. Yəni Mariupol artıq nəzarətə götürülmüş sayılır. Mariupol istiqaməti rusların mümkün dörd əməliyyat istiqamətindən biri idi. Bu istiqamətdə onlar operativ hədəflərinə çatmış sayılırlar. Artıq buna görə kimlərisə mükafatlandırmaq da olar. Çox güman ki, Mariupolda birdəfəlik möhkəmlənməyə çalışacaqlar. Rusiya Silahlı Qüvvələri, xüsusən də Mariupolun bütün adminstrativ sərhədləri boyunca yeni müdafiə bölgələri yaratmağa başlayacaqlar.

Xarkov istiqamətində Ukraynanın Silahlı Qüvvələri rusları sərhədə doğru sıxışdırmağa davam edirlər. Kazaçya Lopan və Volçansk istiqamətində ukraynalılar artıq sərhədə çıxıblar.

Rusiya qoşunları Donetsk, Severodonetsk, Baxmut, Avdeyevski və Kuraxovski istiqamətlərində bütün təmas xətti boyunca hücum əməliyyatları keçirməyə cəhd etdilər. Eyni zamanda, bu yaşayış məntəqələrini artilleriyadan atəşə tutdular.

Rusların havada üstünlüyü qismən məhdudlaşdırılsa da, hava zərbələri ehtimalı hələ də yüksək olaraq qalır. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri hava hücumlarındakı boşluqları qapatmış görsənir. Amma hava hücumuna qarşı yeni müdafiə sistemlərinə ciddi ehtiyac duyurlar. Lend-lizin köməyi ilə onlar bunu tamamilə bacaracaqlarını düşünürlər. Amma buna da zaman lazımdır.

İzyum istiqamətində ruslar ağır döyüşlərdən sonra Dolqenkoe kəndini ələ keçirə biliblər. Ukraynalılar əks-hücumdadır.

Severodonetsk-Lisiçansk istiqamətində ukraynalılar uzunmüddətli müdafiəyə keçiblər. Rusiyalılar Popasnayanı ələ keçirsələr də, irəliləyişə nail ola bilməyiblər. Tam əksinə, Popasnayanın şimal hissəsini ukraynalılar bu gecə azad ediblər.

Donetsk istiqamətində döyüşlər davam edir. Staromixaylovka və Maryinka səmtlərində rusiyalılar bütün cəhdlərinə rəğmən, irəliləyə bilməyiblər.

Uqledar istiqamətin də rusiyalıların bütün hücumları dəf edilir.

Zaporojye, Nikolayev və Krivoy Roq istiqamətlərində ruslar irəliləmək istəyərkən geriləmək məcburiyyətində qalıblar.

Əməliyyatlar teatrındakı bugünkü mənzərə onu göstərir ki, ruslar müharibədə əhəmiyyətli irəliləyişlər əldə edə bilmirlər. Rəsmi Kreml rəhbərliyi və xüsusilə də Rusiya mediası bunun tam əksini tirajlayır.

Artıq rəsmi olaraq Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət etdilər. Türkiyənin isə 5 şərti var. Maraqlıdır ki, müraciət edən ölkələr Türkiyənin tələblərini yerinə yetirməyə meyilli deyillər. Bundan əlavə, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yığıncağını keçird, keçmiş MDB ölkələrini də həmin təşkilatda müşahidəçi qismində görmək istədiyini bəyan etdi. Bundan başqa, Türkiyəni də təşkilatda görmək istədiklərini açıq şəkildə bildirdilər. Görünən odur ki, Qərb cəbhəsi qruplaşdığı kimi, Rusiya da cəbhə yaratmağa çalışır. Rusiya buna nail olacaqmı, bunu yaxın zamanda görəcəyik. Effektli olacağı isə inandırıcı görünmür.

83-cü gündə reallıq ondan ibarətdir ki, Kremlin bəyan etdiyi “xüsusi hərbi əməliyyat”ın ikinci mərhələsi də uğursuzluğa uğrayır.

Ukraynanın uğurlarının, Rusiyanın uğursuzluqların nə qədər davam edəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv