!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 87-ci GÜNÜ: Artan hərbi güc qarşısında Kreml necə davranacaq? - TƏHLİL

!Reklam – Yazi

87 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2625 ədəd, avtomobil texnikası – 2235 ədəd, səhra artilleriyası və minaatanlar – 490 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 213 ədəd, zenit-raket kompleksləri – 69 ədəd, təyyarələr – 205 ədəd, helikopterlər – 165 ədəd, PUA – 350 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 270 ədəd, avtomobil texnikası – 2515 ədəd, səhra artilleriyası və minaatanlar – 1235 ədəd, YARS – 275 ədəd, zenit-raket kompleksləri – 340 ədəd, təyyarələr – 172 ədəd, helikopterlər – 133 ədəd, PUA – 727 ədəd.

Ukrayna-Rusiya müharibəsinin səksən yeddinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 87-ci gündə əməliyyatlar əsasən Severodonetsk, Popasnoe, İzyum istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi olmayıb:

“Bu gün ərzində Lisiçansk-Severodoneçk istiqamətində əməliyyat şəraitinə Ukrayna qoşunları nəzaret etdi. Taktiki tabor qruplarının döyüşlərində Ukrayna qoşunları qismən irəlilədilər.

Ukrayna üçün Mariupol hekayəsi artıq bitmiş sayıla bilər. Demək olar ki, bu gün etibarı ilə bütün Azov döyüşçüləri təslim oldu. Onların sayının 2600-ü keçdiyi bildirilir.

İzum istiqamətində döyüşlər nisbətən səngimiş görsənir. Bu istiqamətdə nisbi sakitlik müşahidə olundu. Ruslar bu fasiləni yenidən qruplaşmaya sərf edəcəklər. Avdeevka istiqamətində də irəliləməyə cəhd edirlər.

Qulyaypole istiqamətində Ukrayna qoşunları rusların hücumlarını dayndırdı. Burada mövqe döyüşləri davam etdi. Çox güman ki, bu istiqamətdə üstün müqavimətə rast gələn ruslar hücumlarını davam etdirə bilməyəcək.

Xerson istiqamətində vəziyyət dəyişməz olaraq qaldı. Burada rusların qüvvələri hücum üçün yetərli deyil. Ukrayna tərəfinin isə əks-hücum üçün qüvvələri yoxdur. Bu səbəbdən bu istiqamətdə tərəflər bir-birinin hədəflərini artilleriya atəşləri ilə məhv etməyə çalışır.
Əsas döyüşlər Luqansk vilayətinin Popasnoe istiqamətində davam etdi. İki gündür ki, ruslar bu istiqamətə əlavə qüvvələr cəlb edirlər. Bu istiqamətdə əməliyyat şəraitinə ruslar nəzarət edirlər. Onlar Popasnoe-Beloqorodka istiqamətində hücumu davam etdirməklə bu hədlərə çıxaraq, Severodoneçk istiqamətindəki qruplaşmanı mühasirəyə almağı düşünürlər. Bu istiqamətdə ruslar taktiki üstünlüyünü operativ üstünlüyə çevirmiş görsənirlər. Onlar bu planlarına nail olsalar, Ukrayna üçün ikinci Mariupol yaşanmış ola bilər. Çünki bu istiqamətdə Ukraynanın kifayət qədər qoşunları mühasirəyə düşə bilər. Bu gün üçün Rusiya qoşunlarının ən uğurlu olduğu istiqamət buradır. Rusların son günlərdəki əməliyyatlarının strateji məqsədi Luqansk və Donetskin sərhədlərinə çıxmaqdır. Donbası nəzarətə götürməklə müharibəni müdafiə mərhələsinə keçirməyi düşünürlər. Buna nə qədər nail olacaqlarını önümüzdəki günlərdə görəcəyik…

Ukrayna siyasi rəhbərliyi isə bunun tam əksini düşünür. Onların strateji hədəfi bütün ərazilərin azad olunmasıdır. Bunun üçün onlar 750 minə yaxın səfərbərlik ehtiyatlarını mobilizə edərək, tərəfdaşlarından gələn silah və texnikanın dəstəyi ilə bütün əraziləri azad etmək istəyirlər. Bu çox ambisiyalı bir plandır. Yerinə yetirilməsi uzun müddət tələb edir. Müharibədə bütün planlar yerinə yetirmək üçün planlaşdırılır. Əgər yerinə yetirilməsi mümkündürsə. Onların bunu yerinə yetirib-yetirməyəcəyini önümüzdəki günlərdə görəcəyik…

Bu gün ABŞ prezidenti Co Bayden Ukraynaya hərbi yardım üçün nəzərdə tutulan
ümumi dəyəri 40 milyard olan qanun lahiyəsini imzaladı. Ukraynaya verilməsi nəzərdə tutulan hərbi texnika, silah-sursat siyahısında PATRİOT raket sistemləri də var.

ABŞ-nin Ukraynaya göstərəcəyi bu yardım çox böyük həcmdə olan hərbi dəstəkdir. Təbii ki, bu bir gündə baş verməyəcək. Amma düşünürəm ki, uzun vədədə bu hərbi dəstək Ukraynanın siyasi-hərbi vəziyyətinin yeni səviyyəyə çıxmasına əsas yaradacaq.

Rusiya tərəfinin günlük bir milyardlıq hərbi xərclərini hesaba qatsaq, hər keçən gün balansın Ukraynanın lehinə dəyişəcəyini müşahidə edəcəyik.

Ukraynanı dəstəkləyən hərbi beyin mərkəzləri bunun fərqindədir. Bu səbəbdən müharibənin uzanması Ukraynaya güc qazandırır. Rusiyanı isə zəiflədir.

Biz əməliyyatlar teatrında 40-a yaxın ölkənin hərbi gücü ilə, Rusiya-Belarus cütlüyünün hərbi gücünün üz-üzə qaldığını görürük. Hərbi güc və iqtisadi resurslar nisbəti təbii ki, Ukrayna və tərəfdaşlarının lehinədir.

Müharibə fonunda Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı da maraqlı hadisələr yaşandı. Əvvəl Türkiyənin şərtlərini qəbul etməyəcəklərini bildirən iki dövlət artıq PKK-nı terrorçu təşkilat kimi tanıyacaqlarının siqnalını veriblər. Görünən odur ki, Ukrayna-Rusiya müharibəsi fonunda Türkiyə də siyasi istəklərinə nail olur.

Hər gün Ukraynaya artan bu hərbi və iqtisadi gücün qarşısında Rusiyanın necə davranacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

637
Ads
www.veteninfo.com
!Reklam – Arxiv