Rusiya-Ukrayna savaşının 88-ci GÜNÜ: Müharibə dalana doğru irəliləyir – TƏHLİL

88 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 628 ədəd, avtomobil texnikası – 2 237 ədəd, səhra artilleriyası və minaatanlar – 492 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 215 ədəd, zenit-raket kompleksləri – 70 ədəd, təyyarələr – 207 ədəd, helikopterlər – 166 ədəd, PUA – 353 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 710 ədəd, avtomobil texnikası – 2 517 ədəd, səhra artilleriyası və minaatanlar – 1 237 ədəd, YARS – 275 ədəd, zenit-raket kompleksləri – 342 ədəd, təyyarələr – 173 ədəd, helikopterlər – 134 ədəd, PUA – 727 ədəd.

Ukrayna-Rusiya müharibəsinin səksən səkkizinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 88-ci gündə əməliyyatlar, əsasən, Severodonetsk, Popasnoe, İzyum istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi olmayıb:

“Bu gün Ukrayna ordusunun 45-ci desant alayı cəbhənin Donetsk istiqamətində Rusiya ordusunun hərbi bazasını bombaladı. Luqansk istiqamətində Rusiya ordusunun mövqelərinə Çexiya istehsalı RM-77 yaylım atəşli reaktiv atəş sistemləri ilə zərbələr endirdi. Zaporojets istiqamətində Rusiya hərbi karvanlarını raket zərbələri ilə darmadağın etdi.

Xarkov ətrafında Rusiyaya məxsus hərbi hissə PUA sistemlərindən bombardman edildi. Luqansk istiqamətində Ukrayna ordusunun 80-ci desant briqadası Rusiya ordusunun hücum əməliyyatına cəhd edən bölmələrini və bir ədəd Su-25 qırıcı təyyarəsini məhv etdi.

Luqansk vilayətinin Severodonetsk çayını keçməyə cəhd edən Rusiya ordusunun bölmələri Ukrayna ordusunun artilleriya, hava zərbələri ilə vuruldu.

Bütün bunlara baxmayaraq, Rusiya ordusu bu gün də Popasnoe, Severodonetsk, İzyum istiqamətlərində hücum əməliyyatlarını davam etdirdi. Rusiya Silahlı Qüvvələrinin artilleriyaçıları 152 millimetrlik 2S5 “Qiaçint-S” özüyeriyən toplarından istifadə edərək LDR-də cəbhə xəttinə yaxın Ukrayna qoşunlarının mövqelərinə zərbələr endirdilər. Rusiya qoşunlarının yüksək dəqiqlikli havadan buraxılan raketlərilə Ukrayna qoşunlarının üç komanda məntəqəsi, canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 13 ərazi, Soledar, Sol və Nyrkovo qəsəbə ərazilərində dörd sursat anbarı vuruldu. Ukraynanın üç komanda məntəqəsi, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 26 ərazi, Qırmızı Liman qəsəbə ərazisindəki silah-sursat anbarı məhv edilib. Gün ərzində 210-dan çox Ukrayna döyüşçüsü, 38 hərbi texnikası sıradan çıxarıldı. 11 ədəd Ukrayna pilotsuz uçuş aparatı havada vuruldu. Xarkov vilayətində Ukrayna qoşunlarının “Smerç” reaktiv yaylım atəş sisteminin iki raketi ələ keçirildi. Raket qoşunları və artilleriya sistemləri atəş mövqelərində Ukraynanın canlı qüvvəsinin və hərbi texnikasının cəmləşdiyi 583 rayona, 41 komanda məntəqəsinə, 76 artilleriya və minaatan bölməsinə zərbələr endirdi. Rusiya Silahlı Qüvvələri Ukraynanın Nikolayev şəhərinə kasetli mərmilərlə zərbələr endirib. Çoxlu sayda mülki şəxsin həyatını itirdiyi deyilir.

Əməliyyatlar teatrındakı bugünkü vəziyyət göstərir ki, tərəflərin mövqe döyüşlərinin intensivliyi hələ ki böyükdür. Bu o deməkdir ki, nə ruslar nə də ukraynalılar ilkin planlarından geri çəkilmək fikirindədirlər. Ukrayna tərəfi hər gün tərəfdaşlarından yeni hərbi texnika və yardımlar almaqda davam edir.

ABŞ-nin ayırdığı 40 milyardlıq hərbi yardım hələ təzə-təzə Ukrayna ərzisinə daxil olmağa başlayıb. Bu həcmdə hərbi yardımın Ukraynaya çatdırılmasından sonrakı vəziyyəti təsəvvür etmək çətin deyil. Bura Şimali Atlantika Alyansına daxil olan ölkələrin hərbi yardımlarını da əlavə etsək, uzun vədədə Ukraynanın hərbi gücünün zirvəyə çatacağını görəcəyik. Rusiya da isə əksinə. Rusiya müharibənin hər keçən günündə bir milyarda yaxın vəsait itirir. Hələlik bu itkilər onlar üçün mümkün görünsə də, uzun vədədə bunun onlar üçün diskomfort yaradacağını gözləməliyik.

Digər tərəfdən, dünyanı iqtisadi böhran gözləməkdədir. Belə ki, Ukrayna Prezidenti Zelenski bildirib ki, Rusiya 20 milyon ton ərzaq ixracının qarşısını alıb. Bu həm də o anlama gəlir ki, milyonlarla insanı aclıq təhlükəsi ilə qarşılaşa bilər. Düşünürəm ki, bu cür amillər də müharibənin gedişinə təsir göstərəcək.

Tərəflərin hansının hərbi və iqtisadi gücünün müharibəni imkansız fazaya gətirəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd