92 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 2 644 ədəd, avtomobil texnikası – 2 249 ədəd, səhra artilleriyası və minaatanlar – 502 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 220 ədəd, zenit-raket kompleksləri – 76 ədəd, təyyarələr – 208 ədəd, helikopterlər – 167 ədəd, PUA – 365 ədəd, gəmi-kater – 14 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 2 727 ədəd, avtomobil texnikası – 2 528 ədəd, səhra artilleriyası və minaatanlar – 1 245 ədəd, YARS – 280 ədəd, zenit-raket kompleksləri – 349 ədəd, təyyarələr – 175 ədəd, helikopterlər – 135 ədəd, PUA – 732 ədəd.
Ukrayna-Rusiya müharibəsinin doxsan ikinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, 92-ci gündə döyüşlər taktiki səviyyədə, əsasən, Xarkov, İzyum, Lyman, Severodonetsk, Lisiçansk, Popasnoe, Svetlodarsk, Qorlovka yaşayış məntəqələri istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:
“Bu gün Rusiya qoşunları Xarkovun şimalı, Lyman, Severodonetsk, Baxmutski və Avdeyevski istiqamətlərində hücuma keçdilər. Lyman istiqamətində onlar bütün qüvvələrini Ukrayna bölmələrini atəş altında saxlamağa yönəltdilər. Severodonetsk və Slavyansk istiqamətində də irəliləməyə cəhd etdilər. Onların növbəti operativ hədəflərinin Slavyansk və Severodonetsk olacağı görünür. Bu istiqamətdə ruslar son həftədə 10 kilometr irəliləyiblər. Severodeonetsk qruplaşmasının mühasirə təhlükəsi qalmaqda davam edir. Bu gün rusların T-62 tanklarının eşalonlarda əməliyyat bölgəsinə göndərməsi diqqət çəkdi. Onlar tank qruplaşmalarını gücləndirməyə cəhd edirlər.
Eyni zamanda, onlar Borovskoye yaşayış məntəqələri istiqamətində hücuma keçdilər. Uğur qazanmadılar. Baxmut istiqamətində ruslar Kamışevax, Nırkovo, Berestovo və Beloqorovka yaşayış məntəqələri istiqamətlərində hücuma keçdilər, uğur qazana bilmədilər, itkilər verərək geri çəkildilər. Avdeyevski istiqamətində ruslar yenidən hərəkətə keçməyə çalışdı. Zaporojye istiqamətində də irəliləməyə cəhd edirlər.
Rusların əsas operativ hədəfləri əvvəlki günlərdəki kimi, Luqansk, Xarkov və Donetskin adminstrativ sərhədlərinə çıxmaqda qaldı.
Bu gün Rusiya aviasiyası yüksək dəqiqlikli raketlərlə Ukraynanın Nikolayev vilayətində elektron kəşfiyyat mərkəzini məhv etdi. Gün ərzində Rusiya aerokosmik qüvvələri 350 ukraynalını öldürdü və 96 hərbi texnikanı vurdu. Rusiya hava hücumundan müdafiə sistemləri Odessa vilayətində Ukraynaya məxsus bir Mi-24 hücum helikopterini, habelə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus döyüş sursatı və silah-sursat çatdıran hərbi nəqliyyat təyyarəsini vurdu. Mariupolda “Azovstal” zavodunun minalardan təmizlənməsi üzrə işlər sürətləndirildi. “Azovstal”da gizlənən bir neçə ukraynalı döyüşçü təslim oldu. Bu günlərdə artıq Mariupol limanı yüklərin qəbuluna və göndərilməsinə başlayacaq.
Bütün istiqamətlərdə taktiki səviyyədə üstünlük bu gün də rusların tərəfində oldu. Günün təhlili görsədir ki, bu gün ruslar bütün istiqamətlərdə hücum, Ukrayna qoşunları müdafiə döyüşləri apardılar. Hər iki tərəf ciddi itkilər verirlər. Əməliyyatlar teatrında əməliyyat şəraitinə hələki ruslar nəzarət edir.
Bu gün Belarus Prezidenti silahli qüvvələrin Ukrayna istiqamətində operativ komandanlığının yaradıldığını elan etdi. Onun sözlərinə görə, komandanlıq müdafiə məqsədilə yaradılıb. Düşünürəm ki, bu müharibədə Belarus ikili oynayır. Qərbin müharibə başlayandan Belarusa qarşı sanksiyalar tətbiq etməməsinin əsas səbəbi də elə budur.
Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski bəzi Qərb siyasətçilərinin Kiyevin Rusiyaya müəyyən güzəştə getməsilə bağlı fikirlərinə sərt cavab verdi. O, Rusiyanın maraqlarının nəzərə alınması ilə bağlı irəli sürülən təkliflərdən hiddətləndi.
Humanitar fəlakət və qida təhlükəsizliyini ciddi hiss etdikləri görsənir. Bu səbəbdən onlar tərəfindən Ukrayna siyasi hakimiyyətinə təzyiqlərin artacağı gözləniləndir.
Putin Qərbin qida təhlükəsizliyi və taxılın Ukrayna ərazisindən çıxarılması ilə bağlı təkliflərinə cavab verdi. O bildirdi ki, sanksiyalar aradan qaldırılandan sonra ərzaq məsələsində güzəştə gedəcək. Qida və ərzaq qıtlığı meydana gələndən sonra artıq atom, nüvə silahı əhəmiyyət kəsb etmir. Rusiyanın əlində hazırda atom silahından da daha təhlükəli taxıl silahı var. Putinin bu silahdan öz xeyrinə səmərəli istifadə edəcəyi açıq görünür.
Qərblə Ukrayna siyasi münasibətləri sanki, yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə kəskinləşən münasibələrin əməliyyatlar teatrına necə yansıyacağını önümüzdəki günlərdə görəcəyik…”.
Səxavət Məmməd