97 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 4 507 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 268 ədəd, səhra artilleriyası və minaatanlar – 555 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 230 ədəd, HHM sistemi – 95 ədəd, təyyarələr – 215 ədəd, helikopterlər – 171 ədəd, qanadlı raket – 116, PUA – 378 ədəd, gəmi-kater – 14 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 3 315 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 007 ədəd, səhra artilleriyası və minaatanlar – 1 728 ədəd, YARS – 452 ədəd, HHM sistemi – 328 ədəd, təyyarələr – 184 ədəd, helikopterlər – 130 ədəd, PUA – 1 050 ədəd.
Ukrayna-Rusiya müharibəsinin doxsan yeddinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, 97-ci gündə döyüşlər taktiki səviyyədə, əsasən, Severodonetsk, Luqansk, Lyman, Xarkov, İzyum, Lisiçansk, Popasnoe, Xerson, Zaporojets, Baxmut yaşayış məntəqələri istiqamətində davam edib:
“Gün ərzində Donetsk-Luqansk istiqamətində intensiv döyüşlər getdi. Ukrayna ordusu Xerson istiqamətində əks-hücum keçirməyə cəhd edir.
Cəbhənin Donetsk istiqamətində Ukrayna Hərbi Hava Qüvvələri və artilleriya bölmələri Rusiya ordusunun nəzarətində olan mövqelərə zərbələr endirdi. Ukrayna sərhəd qoşunları Xarkov vilayətinin Rusiya ilə həmsərhəd ərazilərində dövlət sərhədini bərpa etmək üçün əməliyyatlara başladı.
Ukrayna ordusu Zaporojets istiqamətində rus ordusunun mövqelərinə qarşı hava, artilleriya zərbələrini intensivləşdirdi. Zaporojets-Xerson istiqamətində Ukrayna qoşunları Rusiya Ordusunun bölmələrini 8-10 kilometr geriyə çəkilməyə məcbur etdi. Hazırda hər iki istiqamətdə ağır döyüşlər gedir. Severodonetsk-Lyman istiqamətində qarşılıqlı şiddətli döyuşlər gedir. Hazırda hər iki istiqamətdə vəziyyət son dərəcə gərgindir. Severodonetskin çox hissəsi rusların nəzarətindədir. Atışma səbəbindən şəhərə humanitar ləvazimatlar gətirmək, eləcə də insanları təxliyyə etmək mümkün deyil.
Donetsk istiqamətində ruslar artilleriya və minaatanlardan dəstək alaraq Severodonetsk və Baxmut istiqamətlərində aktiv hücum əməliyyatları aparır. Severodonetskə hava zərbəsi nəticəsində ruslar kimya zavodunda azot turşusu çənini vurdu. Ruslar İzyum və Slavyansk yaşayış məntəqələri istiqamətində hücumun bərpasına hazırlaşır. Bu gün Slovyansk “İsgəndər” raketi ilə vuruldu.
Rusiya aviasiyası bu gün Ukraynanın 290-a yaxın döyüşçünü və 23 texnikasını məhv etdi. Ukraynaya məxsus Su-25 təyyarəsi vuruldu.
“Azovstal” zavodunda 152 Ukrayna əsgərinin cəsədi ilə minalanmış furqon aşkar edildi. Rusiya hərbçiləri Xersonda Ukrayna minalarına görə hərbi əməliyyat başlayandan bəri orada blokadada olan türk gəmisinin ekipajına humanitar yardım çatdırdı.
Bu gün Avropa Birliyi liderləri Rusiya neftinin ixracına dair embarqo barədə qərar qəbul etdi. Siyasi kluarlardakı vəziyyət əməliyyatlar teatrındakı vəziyyətdən daha intensivdir.
Qərb ölkələri artıq açıq şəkildə müharibənin dayandırılması üçün Ukraynaya təzyiq edir. Avropa ölkələri bildirib ki, Ukraynanın Avropa İttifaqına qəbul edilməsi mümkün deyil. Müharibə başlayan zaman da Qərb ölkələrinin Ukraynaya sonuna qədər dəstək olmayacağı iddia edilirdi. Görünən odur ki, Ukraynaya yalnız ABŞ sonuna qədər dəstək olacaq. ABŞ-nin isə başı təkcə Ukraynaya qarışmış görünmür. İranla Yunanıstan arasındakı gərginlik, bundan əlavə, Çinin Tayvan üzərinə hücum etmə ehtimalı rəsmi Vaşinqtonu bir neçə cəbhədə döyüşməyə vadar edir.
Siyasi kluralarda və əməliyyatlar teatrında vəziyyətin tərəflərin hansının lehinə dəyişəcəyini önümüzdəki günlərdə görəcəyik…”.
Səxavət Məmməd