“Bu günlərdə təhlükəsizlik xidməti Rusiya xüsusi xidmət orqanlarının qarışıqlıq yaratmaq üçün kilsəni yandırmaq planını ifşa edib”.
Yenicag.ru-ya müsahibə verən Ukrayna Seçicilər Komitəsinin sədri Aleksey Koşel Rusiyanın Ukraynada martın 31-də keçiriləcək prezident seçkilərinə müdaxilə cəhdlərini gücləndirdiyini deyib.
Koşelin sözlərinə görə, Rusiya kəşfiyyatının Ukraynada törətməyə çalışdığı bəzi təxribat planları ifşa edilib:
“Rusiya hazırda Ukraynadakı seçki prosesinə müdaxilə etmək üçün bütün imkanlarından yararlanmağa çalışır. Bu, sadəcə, kiberhücumlar və “feyk” xəbərlərin yayılması ilə məhdudlaşmır, Rusiya Ukraynanın seçki gündəmini istədiyi kimi dəyişməyə cəhd göstərir. O sırada Rusiyayönümlü siyasətçilərdən ibarət olan və prosesləri hər an gərginləşdirə biləcək “kolon”un yaradılması xüsusi yer tutur.
Bu mexanizmləri biz indidən müşahidə edirik və əsas narahatedici məqam bundan ibarətdir ki, seçki kampaniyası zamanı terror metoduna da əl atıla bilər. Biz az qala hər həftə onun şahidi oluruq ki, bu və ya digər obyektlərə – metro, yaşayış evləri, ticarət mərkəzləri və sair – partlayıcı qurğu yerləşdirilməsinə dair yalan məlumatlar yayılır. Onlar hələ ki yalan məlumatlardır, ancaq məlum deyil, bütün bunlar nə ilə nəticələnəcək.
Əlbəttə, Ukrayna Təhlükəsizlik Xidməti bu halların qarşısını almaq üçün fəal işlər görür. Məsələn, bu günlərdə təhlükəsizlik xidməti Rusiya xüsusi xidmət orqanlarının qarışıqlıq yaratmaq üçün kilsəni yandırmaq planını ifşa edib.
İstisna etmirəm ki, bu texnologiyadan səsvermə günü də istifadə oluna bilər və əhalini təşvişə salmaq üçün seçki məntəqələrinin “minalanması” haqda yalan məlumatların yayılması mümkündür”.
Yarino Lazko, Kiyev