“Rusiya Ukraynada qalib gələcək ki, sonra bizi də hədəfə ala bilsin?” – REAKSİYA

“Cəmiyyəti ayaqda tutmaq üçün özlərinin hələ də güclü olduqları görüntüsünü yaratmağa çalışırlar”.

Bu fikirləri müxtəlif statuslu rusiyalı ekspertlərin son günlərdə Azərbaycana yönəlik təhdidedici fikirlərinə münasibət bildirən Turan Partiyasının başqanı Cahandar Bayoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu təhdidlər məhvə məhkum velikorus şovinizminin son çırpıntılarıdır:

“Əslində, Rusiyada imperiya təfəkkürlü, velikorus şovinizminin daşıyıcıları olan çevrələrdən Azərbaycana, yaxud da başqa ölkələrə yönələn təhdid xarakterli bəyanatlar təəccüblü deyil və sadəcə ikrah doğurur.

Deyirlər ki, Ukraynada qalib gəldikdən sonra növbəti hədəf Azərbaycan olacaq. Axı Rusiya Ukraynada qalib gələcək ki, sonra bizi də hədəfə ala bilsin? Bu nə sərsəm yanaşmadır?

Baxın, Ukraynanı cəmi bir neçə saata zəbt edəcəyik deyən Rusiya indi orada nə vəziyyətdədir. Rəzil vəziyyətə düşüb, özünü süqut etmək həddinə çatdırıb. Bunu özləri də çox yaxşı anlayırlar. Ona görə də cəmiyyəti ayaqda tutmaq üçün hələ də güclü olduqları görüntüsünü yaratmağa çalışırlar. Ancaq bu təhdidlər məhvə məhkum velikorus şovinizminin son çırpıntılarıdır.

Digər tərəfdən, Azərbaycanın öz ərazilərində ekoloji terroru dayandırmaq tələbi ilə keçirdiyi aksiya bu şovinistləri niyə narahat edir? Görürlər ki, bütün istiqamətlərdə məğlub olurlar. Bu səbəbdən də təhdidə əl atırlar. Yaxşı, əgər Rusiya belə güclüdürsə, o zaman Ukraynada qələbə çalıb Azərbaycana tərəf yönəlsin və alacağı cavabı görsün”.

A.Zeynalov