“Laçın dəhlizini bağlamaq istəyən Azərbaycanın mülki vətəndaşlarına qarşı hər hansısa təxribat baş verərsə, ordumuzun müdaxilə etməsi gündəmdədir”.
Bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın üçtərəfli bəyanatın 4-cü bəndinə əməl etməməklə bağlı çıxışı, münaqişənin qızışdırılması və Azərbaycan tərəfinin atdığı addımları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Qabil Hüseynli bildirib ki, üçtərəfli bəyanatın ən əsas bəndi – Azərbaycanın suverenliyi ilə bağlı olan hissəsi ermənilər tərəfindən yerinə yetirilmir:
“Ermənistan iddia edir ki, oradakı qeyri-qanuni silahlı dəstələr “artsax” özünü müdafiə qüvvələridir. Faktiki olaraq, onların sayı 10 mindən çoxdur, tankı, topu, raketi də var və tez-tez də atəşkəs rejimini pozurlar. Bu onu göstərir ki, ermənilərlə ruslar arasında ciddi iş birliyi var.
Moskvanın Ruben Vardanyan variantı yox, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə qayğı məsələsi də Azərbaycan üçün narahatedicidir. Məsələ kifayət qədər ciddidir. Sülhməramlılar monitorinq keçirmək istəyən mütəxəssislərinin əraziyə gedişini müşayiət edirlər, ancaq orada onların qarşısına yerli əhalisi çıxır və onların monitorinq keçirməsinə imkan vermirlər. Həmin ərazidə Vardanyan və Balasanyan da olub. Bu onu göstərir ki, onlar həmin ərazidə hökmran olduqlarını sübuta yetirmək istəyirlər.
Bunlara cavab olaraq, Azərbaycan ictimaiyyət nümayəndələri Laçın dəhlizində yolu bağlayıblar. Orada çadır qururlar və yolda hərəkəti dayandırmağa çağırırlar. Təbii ki, onların qorunması üçün, Azərbaycanın mülki vətəndaşlarına qarşı hər hansısa təxribat baş verərsə, Azərbaycan ordusunun müdaxilə etməsi gündəmdədir. Rusiya bölgəni qarışdırır desək yanılmarıq. Rusiyanın bölgədəki emissarları status-kvonu dəyişdirməyə çalışır. Mürəkkəb hadisələr baş verir. Hesab edirəm ki, Azərbaycan bunun öhdəsindən mütləq gələcək”.
Səxavət Məmməd