Suriyadakı Rusiya qoşunları ilə İsrail ordusu arasında tezliklə toqquşmalar baş verə bilər.
Yenicag.az xəbər verir ki, məlumatı İsrailin “NZİV” nəşri yayıb.
Məlumata görə, İsrail hərbçiləri də bunu istisna etmir, Suriya ərazisində Rusiya ilə hərbi toqquşmaların baş verə bilməsini “real ehtimal” olaraq dəyərləndirirlər. Nəşrin iddia edir ki, Rusiya hərbi mənbələrinin bu yaxınlarda verdiyi bəyanatlar da Moskvanın Suriyadakı “Hizbullah” və İranın hədəflərinə qarşı İsrail avia zərvələrinə yanaşmasını dəyişdirə biləcəyinə dair spekulyasiyalara yol açır. İsrail ilə Rusiya arasındakı vəziyyətin dostanə olsa da, kövrək və mürəkkəb xarakter daşıdığını xatırladan nəşr yazır:
“İyulun 19-da İsrail Suriyadakı “Hizbullah”a və İrana bağlı obyektlərə hücum etməyə başlayıb. Rusiyanın Suriyadakı Döyüşən Tərəflərin Barışdırılması Mərkəzinin sədr müavini kontr-admiral Vadim Kulit bildirib ki, Rusiya raketdən müdafiə sistemləri Hələb şəhəri yaxınlığında yerləşən obyektlərı hədəfə alan 8 İsrail raketindən 7-ni vurub. Kulitin sözlərinə görə, bir neçə gün sonra İsrail Xüms yaxınlığındaki Suriya hədəflərinə daha dörd raket atıb və onların da hamısı zərərsizləşdirilib. İsrailin yüksək rütbəli hərbçiləri rus zabitinin fikirlərini şərh etməyib, lakin Suriya saytlarında və sosial şəbəkələrdə bu məlumatların geniş yayılması narahatlıq yaradır”.
Nəşr iddia edir ki, bir çox israilli müşahidəçilər rus kontr-admiralının iddialarına şübhə ilə yanaşır və məlumatın səhihliyinə inanmırlar. Londonda yerləşən ərəb xəbər saytı “Şərqül-Əsvat” isə bəyan edib ki, adı çəkilməyən bir rusiyalı məmur ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra Moskva Vaşinqtona İsrailin Suriyadakı fəallığının artmasından narazı olduğunu bildirib.
Kontr-admiral Vadim Kulit
“Lakin İsrailin Suriyadakı hərbi əməliyyatlarından, eləcə də Rusiyanın İsrail raketlərinə qarşı mübarizədə möhtəşəm uğur əldə edilməsindən ABŞ-ın narahat olduğuna dair heç bir əlamət yoxdur. Halbuki, bu məlumatların hər hansı biri vəziyyəti tamamilə dəyişə bilər və ikisi də doğrudursa, Amerika Birləşmiş Ştatlarının və İsrailin bu vəziyyətlə barışacağına inanmaq çətindir. Amma əgər iddialar şişirdilibsə, onda Rusiyanın bu cür bəyanatlarının məqsədi nədir?”, – deyə sual verən nəşr xatırladıb ki, Vadim Kulit məlumatları mötəbər mənbə kimi səsləndirib və açıqlamasına görə heç bir töhmət də almayıb: “Rusiya liderləri Kulitin bəyanatını nə açıq şəkildə təkzib, nə də təsdiq etdilər, bu da iddiaların strateji məqsədlər üçün verildiyi ideyasını gücləndirir”.
Nəşrin fikrincə, Rusiyanın bu cəsarətli addımı həm ABŞ-da, həm də İsraildə hakimiyyət dəyişikliyi ilə əlaqədardır. “Putin, ehtimal ki, İsrailin təcrübəsiz liderlərinin qətiyyətini yoxlamaq istəyir və Baydenin Moskvaya qarşı daha az barışdırıcı yanaşması ilə Suriyada müəyyənləşdirilmiş kövrək balansın öhdəsindən gəlməyə çalışacaq. Bu balans Tramp administrasiyasının 2017-ci ildə Rusiya ilə əldə etdiyi razılaşmaya əsaslanır”, – “NZİV” qeyd edib.
Müəllifin fikrincə, ABŞ-la Rusiya arasında əldə edilmiş bu balans siyasəti İranın dəstəklədiyi “Hizbullah” da daxil olmaqla İsrailə düşmən olan silahlı qüvvələrə Suriyanın cənubunda yeni yaradılmış təhlükəsiz zonada fəaliyyət göstərməyə imkan verir. Bununla yanaşı, əldə edilən atəşkəs razılaşması həm də ABŞ və Rusiyanın İŞİD-lə mübarizədəki səylərini zəiflədir.
Nəşr Rusiya ilə İsrailin Suriya məsələsində qarşı-qarşıya gəlməsinin əsl səbəbinə də aydınlıq gətirib. Məqalədə bildirilir ki, indiyədək İsrail Suriyadakı Bəşər Əsəd və İrana bağlı hədəflərə hücum edərkən Rusiyanın bölgədəki hərbi kontingentini məlumatlandırırdı. Lakin məlumatlandırmadan cəmi bir neçə dəqiqə sonra hücum başlayırdı. Bu da hücum anında İran və Suriya qüvvələri ilə bir yerdə olan rus hərbi mütəxəssislərini də təhlükə altında qoyurdu. Başqa sözlə, İsrail avia hücumlar zamanı rus hərbçilərinin hədəf nöqtəsində olmasını nəzərə almır, onlara məhəl qoymurdu. Üstəlik, İsrail konkret hansı hədəfi vuracağını da tam bəyan etmirdi. Bu da Suriyada İran, Suriya və “Hizbullah”la birgə fəaliyyət göstərən rus hərbçilərinin həyati təhlükəsini artırırdı. Görünür, Rusiya da məhz öz hərbi qulluqçularının təhlükəsizliyi naminə İsraildən gələn aviahücumlara qarşı müdafiə sistemlərini aktivləşdirib.
Belə bir vəziyyətdə, sözsüz ki, İsrailin Rusiyanı hücumlarla bağlı məlumatlandırmasının da mənası qalmır. Nəşrin iddiasına görə, məhz bu səbəbdən Tel-əviv Suriyada Rusiya ilə hərbi-diplomatik əlaqələrini kəsib.
Məqalədə bildirilir ki, İsrailin rus hava hücumundan müdafiə tədbirlərinə laqeyd qalması mümkün deyil və bu, davam edərdə, Tel-əvivin birbaşa rus birliklərini hədəfə alma ehtimalı doğur. Rusiya-İsrail arasındakı insidentin böyüməsi isə ABŞ üçün böyük problem yarada və onun da insidentə müdaxilə etməsini şərtləndirə bilər. Çünki Vaşinqton belə vəziyyətlərdə öz starteji müttəfiqini yalnız qoymur./Ovqat.com/