!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya və separatizm: Kremlin Moldova planının arxasında nə dayanır?

!Reklam – Yazi

Moldovanın separatçı Dnestryanı bölgəsində hərbi təlimlər keçirən Rusiyanın bu addımı Qərbə növbəti “əzələ nümayişi” kimi qiymətləndirilir.

Yenicag.Az xəbər verir ki, Rusiyanın Moldovadakı separatçı Dnestryanı bölgədə sülhməramlı əməliyyatların 25 illiyinə həsr olunmuş hərbi təlimlər keçirməsi rəsmi Kişinyovu ölkənin suverenliyini qorumaq istiqamətində hərəkətə keçməyə vadar edib.

Qeyd olunan təlimlərlə bağlı Rusiyaya kəskin etirazını bildirən Moldova hökuməti Moskvanı ölkənin müstəqilliyini təhdid edən aksiyalara son qoymağa çağırıb. Moldova parlamenti də öz növbəsində Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılmasını nəzərdə tutan bəyannamə qəbul edib.

Bununla belə, Moldova prezidenti, “Kremlin adamı” hesab edilən İqor Dodon isə hökumət və parlamentin antirusiya çağırışlarının ciddi diplomatik qalmaqala səbəb olacağını bildirib. O, Rusiya baş nazirinin müavini Dmitri Roqozinin “Arzuolunmaz şəxs” elan olunması haqda qərarı da pisləyib.

Göründüyü kimi, Rusiya Moldovanın Dnestryanı bölgəsinə qoşun yeritməklə, həm Kişinyovla münasibətləri kəskinləşdirib, həm də özünün dəstəklədiyi Dodonu çətin vəziyyətə salıb. Belə olan halda, Rusiyanın məhz bu ərəfədə Dnestryanı bölgədə hərbi təlimlər keçirməsinin gerçək məqsədi maraq doğurur.

Bu məsələni Yenicag.Az-a şərh edən politoloq Natiq Miri bildirib ki, separatçı Dnestryanı bölgəsinə qoşun yeridən Rusiyanın Moldova ilə bağlı siyasətində hər hansı ziddiyyətli məqam yoxdur:

“Məsələnin mahiyyəti ondan ibarətdir ki, Moldova prezidenti Dodon rusiyayönümlü şəxs olsa da, hökumət qərbyönümlüdür. Parlamentdə əsas çoxluq da məhz qərbyönümlü siyasi qüvvələrin əlindədir.

Onu da nəzərə almaq lazımdır ki, Moldovada prezidentin səlahiyyətləri xeyli məhdud olduğundan, strateji qərarları hökumətlə parlament verir. Ona görə də, Rusiyanın Moldovanın separatçı bölgəsi olan Dnestryanı regionunda hərbi təlimlər keçirməsi rusiyameylli Dodona deyil, qərbyönümlü hökumətə qarşı yönələn bir aksiyadır.

Məhz qərbyönümlü hökumət Rusiyanın “silah bossu” Roqozini arzuolunmaz şəxs elan edərək, onun Moldova ərazisinə gəlməsini qadağan edib. Dodon isə hökumətin bu qərarını “arzuolunmaz hərəkət” kimi dəyərləndirib. Yəni hazırda Moldova hakimiyyətində ikitirəlik hökm sürür. Prezident və ətrafı Rusiyadan yana qərar verirsə, qərbyönümlü hökumət isə bilavasitə Qərbin maraqlarını ardıcıllıqla ifadə edir.

Ona görə də, Rusiyanın Dnestryanı bölgədə hərbi təlimlər keçirməsi bilavasitə Qərbə və qərbyönümlü Moldova hökumətinə qarşıdır. Hansı ki, bu hökumət Dnestryanıda rus qoşunlarının olmasını istəmir və çıxarılmasını tələb edir. Rusiya da buna cavab olaraq, separatçı bölgədə bu cür hərbi təlimlər keçirməklə həm Moldova hökumətinə, həm də Qərbə qarşı güc nümayiş etdirir”.

ELÇİN
Yenicag.Az

www.yenicag.az

1070
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv