“Bakı Ankaranın müttəfiqi olaraq, Qüds məsələsində çətin ki sadəcə, birgə bəyanatlarla məhdudlaşsın”.
Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Yaxın Şərqdə yaranmış mövcud vəziyyəti şərh edən Rusiyalı ekspert Qriqori Trofimçuk deyib.
Politoloqun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin regiona son səfəri həm də bölgənin əsas ölkələrinin Suriya məsələsinə dair mövqelərini aydınlaşdırmaq məqsədi daşıyıb:
“Prezidentin region ölkələrinə səfəri Suriyada hərbi əməliyyatların əsas hissəsinin başa çatdırılması haqda Rusiyanın bəyanatını əməldə nümayiş etdirmək niyyəti ilə bağlıdır. Eyni zamanda, Putinin bölgəyə bu səfəri həm də bölgənin əsas ölkələrinin – indiki halda Türkiyə və Misir – Suriya məsələsinə dair mövqelərini aydınlaşdırmaq məqsədi daşıyıb. Yəni o, Rusiya qoşunlarının Suriyadan çıxarılmasından sonra o ölkədə vəziyyətin yenidən gərginləşmək riskini dəqiqləşdirməyə çalışıb”.
Trofimçuk qeyd edib ki, Rusiya və Türkiyə prezidentləri arasında görüşlərin intensivləşməsi bu ölkələrin əsas problemlərə yönəlik mövqelərinin uzlaşdırılmasının vacibliyini göstərir:
“ABŞ Konqresinin Suriya üzrə milli dialoqu müntəzəm surətdə təxirə salmasının səbəbləri anlaşılmır. Eyni zamanda, o da qeyd olunmalıdır ki, kürdlərin bu prosesdə onların layihəsi əsasında iştirakı artıq mümkün görünmür. Bununla belə, Vaşinqton kürdlərə hər zaman hərtərəfli yardım göstərməyə hazırdır. Putin-Ərdoğan danışıqlarının bir hissəsi isə iki ölkə arasında ticari-iqtisadi əlaqələrə (turizm, “Türk axını” layihəsi, atom-elektrik stansiyasının tikintisi və s.) həsr olunub.
Türkiyənin Qüds məsələsində tutduğu sərt mövqe və prezidentlərin bu məsələyə dair bəyanatları isə xüsusi maraq doğurur”.
Ekspert onu da vurğulayıb ki, Türkiyə ilə Rusiyanın bu məsələyə yönəlik mövqeyi mahiyyət etibarilə antiAmerika, deməli, həm də antiİsrail xarakterlidir:
“Belə olduqda, Bakı Ankaranın yaxın müttəfiqi olaraq, Qüds məsələsində çətin ki sadəcə, birgə bəyanatlarla məhdudlaşın. Bu zaman Bakı Tel-Əvivlə yaxşı münasibətləri qoruyub saxlamaq üçün çox çalışmalı olacaq. Bir şey aydındır ki, Yaxın Şərqdəki vəziyyət daha da kəskinləşir və gərginliyin növbəti fazasına daxil olur. Proseslərin əsas iştirakçıları yaranmış şəraitdə necə davranacaqlarını düşünürlər.
Ağ Evin üstünə “Qüds” yazılmış dama fiqurunu irəli çəkməsi özlüyündə çox şeydən xəbər verir. Bu gedişi Donald Trampın eksentrikliyi ilə əlaqələndirmək olmaz. Çox şey hələ yeni başlayır. Rusiya və Türkiyə Suriyadakı sülh prosesinə daha dayanıqlı təminat axtarırsa, o halda ancaq ABŞ-ı Suriyadan qovmalıdırlar”.