Rusiya və Ukrayna arasında ərazi mübadiləsi EHTİMALI: “Olsa bilsin ki, Kurskda…”

“Hansısa bir ordunun Rusiya sərhədində qalxan kimi duracağı gözlənilən deyil”.

Bu fikri Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunma ehtimalı, Ukraynaya Avropa dövlətlərinin qoşunlarının, yaxud sülhməramlılarının yeridilməsi müzakirələrini Yenicag.az-a dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Mütəxəssis bildirib ki, Rusiya NATO qoşunlarının Ukraynaya girməsinə razılıq verməyəcək:

“Dediyimin üstündə dururam. Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunması yaxın zamanda baş verəcək. Macarıstan tərəfi təklif verib ki, Milad bayramı ərəfəsində tərəflər ən azı müvəqqəti atəşkəsə getsinlər. Hər ikisi xristiandır, hər ikisi slavyandır. Xristianlar üçün müqəddəs bayramda atəşkəsə nail olmağa çalışırlar. Ramazan ayında müsəlman aləmində müharibələrin dayanması halları olub. Hər bir halda, atəşkəsin əldə olunacağı ilə bağlı fikirlər çoxalıb. Bu da ümidləri artırır. Məsələ təkcə bizim görməyimizdən, yaxud Trampdan ibarət deyil. Etiraf etmək lazımdır ki, bütün dünya bu müharibədən yorulub. Müharibə böyüyüb, əndazədən çıxma təhlükəsi yaradır. Putinin özünün sağlamlığı, psixoloji gərginliyi də gündəmdədir”.

Onun sözlərinə görə, həm Rusiya, həm Ukrayna, həm Avropa İttifaqı, həm də ABŞ rəsmilərinin dilindən atəşkəs sözü eşidilməkdədir:

“Ancaq atəşkəsin hansı şərtlərlə əldə oluna biləcəyindədir. Atəşkəs olacaqsa, cəbhə xəttində çox cüzi dəyişikliklər ola bilər. Olsa bilsin ki, Kursk vilayətindəki bir ərazi ilə Ukraynanın hansısa bir ərazisi dəyişdirilsin. Bu Rusiyanın hansısa ərazilərdən çəkiləcəyi anlamına gəlmir. Belə bir fikir də var ki, Krımdan başqa iki vilayətdə Ukrayna ordusunun nəzarətində olan bölgələr ruslara verilsin, Zaporojye və Xersondan ruslar geri çəkilsin. Müxtəlif variantlar var. Bütün variantlarda atəşkəsin baş verəcəyi mütləqdir. Atəşkəsdən sonra sülh danışıqları başlayacaq. Gələn ilin sonunda isə Ukraynada prezident seçkiləri baş tutacaq. Əvvəlki dönəmlərdən fərqli olaraq, Ukrayna tərəfi xeyli sönüb. Artıq Qərb ölkələrində də sönmə müşahidə olunur. Hər kəs real vəziyyəti qiymətləndirir”.

“Ukrayna ərazinə 150 minlik xarici qoşunun gəlməsi məsələsi gündəmdədir. Xarici qoşunun gəlməsinə, düşünmürəm ki, Rusiya razılıq verəsi. Lakin araçı missiyanın, BMT sülhməramlılarının gəlməsinə Rusiya razı ola bilər. Ancaq hansısa bir ordunun Rusiya sərhədində qalxan kimi duracağı gözlənilən deyil. Rusiyanın apardığı müharibənin ən əsas məqsədi NATO-nu geriyə atmaq idi ki, buna da nail olur. Rusiya ağır vəziyyətdə olsa belə, irəlidədir, qüvvəsi çoxdur. Ona görə də düşünmürəm ki, tutduğu yerləri tərk etsin. İnandırıcı deyil ki, Rusiya Ukraynanın NATO-ya üzv olmasında imkan versin”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd