Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiya Xəzərdə kimə əzələ nümayiş etdirir? – Analiz

thElşən Mustafayev: “Xəzərdə intensivləşən bu təlimlər Moskvanın dünyaya güc nümayişi, region dövlətlərinə təhdid olmaqla yanaşı, öz insanlarını sakitləşdirməyə hesablanıb”

Rusiyanın Xəzər donanmasının hərbi gəmiləri Xəzər dənizində hərbi təlimlərə başlayıb. Təlimlərdə Rusiya Xəzər donanmasının 30-a yaxın döyüş gəmisi və kateri, 1000-dən çox hərbçi iştirak edir. Qeyd edək ki, bu son qısa zaman ərzində Rusiyanın Xəzərdə keçirdiyi ikinci belə hərbi təlimdir. Ümumiyyətlə, son bir neçə ayın statistikasına baxsaq, Moskvanın Xəzərdə də hərbi təlimləri genişləndirdiyini görünür. Görəsən, Rusiyanın Xəzər hövzəsində hərbi təlimləri intensivləşdirməsi nədən xəbər verir? Olmaya Moskva indi də Xəzərdəki region ölkələrinə təcavüz mənbəyi kimi baxmağa başlayıb?

Politoloq Elşən Mustafayev Yenicag.az-a açıqlamasında Xəzərdə Rusiyanın hərbi təlimləri genişləndirməsinə bir neçə aspektdən baxmağı lazım bildi. Həmsöhbətimizin fikrincə, Moskvanın bu kimi təlimləri həm daxili auditoriyaya, həm də region ölkələrinə yönəlik müxtəlif xarakterli mesajlarıdır: “Rusiyanın Xəzər dənizində hərbi təlimləri intensivləşdirməsi təəccüblü və gözlənilməz deyil. Moskva son illər Xəzər hövzəsində özünü hərbi cəhətdən çox rahat hiss edir və birmənalı şəkildə burada söz sahibi olduğunu göstərir. Rusiya Suriya məsələsinə baş vurandan sonra Xəzər regionunda hərbi baxımdan aktivləşməsini bir neçə aspektdən dəyərləndirmək olar.

Bu kimi təlimləri intensivləşdirməklə Moskva dünyaya özünün gücünü nümayiş etdirməyi, güclü hərbi dəniz donanmasına malik olduğunu göstərməyi düşünür. Eyni zamanda, bu təlimlərlə region dövlətlərinə mesaj verir ki, Xəzər hövzəsində mütləq hakim ancaq Moskvadır və istənilən halda istədiyi hərəkəti edə bilər. Bu da region ölkələri üçün şantaj xarakteri daşıyan təlimlərdir. Rusiya asanlıqla Aralıq dənizindən Suriyaya raket zərbələri endirməyi bacardığı halda, bunu daha uzaq məsafədə yerləşən Xəzər dənizindən atmaqla etdi. Bu da onun region dövlətlərinə güc nümayişinin bir aspekti idi. Ancaq Xəzər dənizindəki bu təlimlərin intensivləşməsi o anlama gəlir ki, qlobal götürəndə Rusiyanın cərəyan edən proseslərdə vəziyyəti o qədər də yaxşı deyil.

Ona görə də belə təlimləri intensivləşdirməkdə Kremlin məqsədi öz insanlarını sakitləşdirmək, hələ də güclü olduğunu göstərməyə xidmət edir. Amma onun bu təlimləri artırması heç də əsas vermir ki, Rusiya düşdüyü bataqlıqdan çıxa biləcək. Ona görə də düşünürəm ki, Xəzərdə keçirilən təlimlər də görüntü xatirinə həyata keçirilən tədbirlərdəndir. Həmçinin, region dövlətləri üçün təhdiddir. Xəzər hövzəsi 5 dövlətlə əhatə olunan dənizdirsə, onlardan hər hansı birinin istədiyi vaxt hərbi təlimlər və manevrlər həyata keçirməsi də doğru deyil”.

ELÇİN

www.yenicag.az

313