Rusiya XİN: “Bəyannamənin imzalanması Azərbaycan-Rusiya münasibətlərini yeni səviyyəyə yüksəldib”

“Azərbaycan ilə Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldib”.

Yenicag.az xəbər verir ki, “Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2022-ci ilin əsas xarici siyasət yekunlarına dair şərhində deyilir.

Nazirlikdən bildirilib ki, rəsmi Moskva il ərzində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verib: “Rusiya rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşmasına, nəqliyyat kommunikasiyalarının açılmasına, sərhədin delimitasiyasına, sülh sazişinin razılaşdırılmasına, humanitar problemlərin həllinə töhfə verib”.

Xatırladaq ki, bu il fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalayıb. Sənəddə qarşılıqlı fəaliyyətin ən geniş spektrinə dair 40-dan çox müddəa var.