Rusiyada COVİD-19-a yoluxmalar artdı – Məhdudiyyətlər tətbiq oluna bilər

Rusiyada kəskin respirator infeksiya virusu, qrip və COVID-19-a yoluxma hallarının payızda artması fonunda bəzi müəssisələrdə müvəqqəti olaraq müəyyən lokal məhdudlaşdırılmalar tətbiq oluna bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un mətbuat xidmətindən bildirilib.

“Ciddi səbəblər olmadıqca, maska ​​rejimi kimi məhdudlaşdırıcı tədbirlər planlaşdırılmır. Müəssisələrdə müəyyən müddətə yerli məhdudiyyətlər tətbiq oluna bilər”, – deyə qurumdan verilən açıqlamada vurğulanıb.

Operativ qərargahın məlumatına görə, son bir həftə ərzində Rusiyada COVID-19-a yoluxma halları əvvəlki həftə ilə müqayisədə təxminən 50% artıb. Sentyabrın 4-dən 9-dək 1636 nəfər COVID-19 infeksiyası ilə xəstəxanalara yerləşdirilib, 7688 yoluxma aşkarlanıb.

Sentyabrın 18-dən Rusiya Hökumət Evində maska ​​rejiminin bərpa olunacağı da bildirilib./APA