Rusiyanın, xüsusilə Sankt-Peterburq şəhərinin qida sahəsində ən böyük şirkətlərindən sayılan “İntertorq” şirkətinin və “Spar” ərzaq mağazalar şəbəkəsinin yerli franşizasının həmsahibi olan Allahverdi Abdullayev həbs olunub.
Rusiya mətbuatı xəbər verir ki, Allahverdi Abdullayevlə birlikdə şirkətin 2 meneceri də saxlanılıb. Allahverdi Abdullayev “Sberbank”dan 8 milyard rubl (107 milyon dollar) vəsaiti oğurlamaqda təqsirləndirilir.
Yenicag.az Valyuta.Az-a istinadən xəbər verir ki, istintaq materiallarında kredit adı ilə dövlət bankları və s. maliyyə müəssisələrindən alınan vəsaitin xaricə çıxarıldığı vurğulanır.
Xatırladaq ki, Allahverdi Abdullayev qardaşı Müşviq Abdullayevlə birgə, Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqda aktiv bizneslə məşğulb olur. Onlara məxsus “İntertorq” holdinqi – “Narodnaya Semya”, “İdeya” və “Spar” (regional franşiza) mağazalar şəbəkəsini aktiv inkişaf etdirirdi. 2018-ci ildə Abdullayevlər mağazalarının ümumi sayını 1000-ə çatdırmağı planlaşdırırdı. Lakin həmin ildən “İntertorq” şirkəti ciddi maliyyə sıxıntısı ilə üzləşdi.
Sürətlə müflisləşən və 500-dən çox mağazası bağlanan sirli milyarder Muşfiq Abdullayev kimdir…
Hələ 2019-cu ilin dekabr ayında Rusiyanın Sankt-Peterburq şəhərində “İntertorq” Ticarət Evi “Spar” və “SemYa” lövhələri daşıyan bütün mağazalarını artan borclara görə bağladığını elan etmişdi. Fəaliyyətinin pik dövründə 500-dən çox mağazası olan şirkət müflis olaraq onların hamısını bağlamışdı.
“İntertorq” Ticarət Evinin sahibi və icraçı direktoru Müşfiq Abdullayev idi, lakin o özünü Mixail kimi təqdim edirdi. Müşfiq Abdullayev Peteburqun ən qapalı və eyni zamanda ən xarizmatik reteyleri hesab edilirdi. Onun sərvəti barədə məlumat yoxdur, amma bəzi mənbələrdə Abdullayev milyarder kimi təqdim edilir. Belə ki, 2017-ci ildə başçılıq etdiyi ticarət şəbəkəsinin dövriyyəsi 1.5 milyard dollara yaxın olub.
M.Abdullayev 10 il ərzində sıfırdan qurduğu biznes şəbəkəsinin dövriyyəsini 83 milyard rubla çatdırmışdı. Dövriyyənin həcminə görə, şirkət 2008-ci ildən etibarən ildə 15-25 faiz böyüyüb, ildə 50-70 yeni obyekt açıb. Şirkət özü 2004-cü ildə yaradılıb. Səhmlərinin 99 faizi Monakoda qeydiyyatdan keçmiş və sahibi Müşfiq Əli oğlu Abdullayevə məxsus olan “Socaity Civil Particuler İnter Solutions” adlı şirkətə, 1 faizi isə qardaşı Abdullayev Allahverdi Əli oğluna məxsus idi.
2018-ci ildən başlayaraq Müşfiq Abdullayevin biznesi sürətlə geriləməyə başlayıb, onun şirkətinin təchizatçılar qarşısında borcları şişib. Borclular bir-birinin ardınca məhkəmə iddiası qaldırıblar və şirkətin müflis elan edilməsini tələb ediblər. “İntertorq” Ticarət Evinə qarşı qaldırılan iddiaların ümumi məbləği 4 milyard rublu keçir, şirkətin təchizatçılar qarşısında borcu 7 milyard rubldan çoxdur. Daha 8 milyard rubl isə “Sberbank”a borcludur.
Nəticədə 2019-cu il dekabrın 20-dən başlayaraq şirkət bütün mağazalarını bağlayıb.
2018-ci ilin oktayabrında o vaxta qədər heç vaxt mətbuata müsahibə verməyən Müşviq Abdullayev RBC agentliyinə danışıb və biznesində çətinliklər yarandığını təsdiqləyib. O deyib ki, şirkətin müflis elan edilməsi haqda iddia qaldıran bəzi borclulardan “şübhələnir” və onların sifarişlə hərəkət etdiklərini düşünür. Həmin vaxt şirkətə qarşı iddiaların məbləği 780 milyon rubla çatırdı, amma günü-gündən artmaqda idi. Abdullayev deyirdi ki, borcu tələb edənlərin əksəriyyəti ilə anlaşıb, onların pullarını ödəyib.