Rusiyada helikopter yandı

Rusiyada üç ekipaj üzvü olan Mi-8 helikopteri məcburi eniş edib.

Yenicag.az xəbər verir ki, hadisə Maqadan vilayətinin Taxtoyamsk kəndi yaxınlığında baş verib.

Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq İstintaq İdarəsinin yaydığı məlumata görə, eniş zamanı Mi-8 yerüstü obyektlə toqquşub və aşıb. Nəticədə helikopter yanıb. Bir ekipaj üzvünün yaralandığı bildirilib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Buryatiyada helikopterin sərt enişi zamanı 3 nəfər həyatını itirib.