Rusiyada saxlanılan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallının azadlığa buraxılma anının görüntüləri yayılıb.
Videonu “Report” paylaşıb.
Həmin görüntüləri təqdim edirik:
***
15:32
“Kamil Zeynallı azadlığa buraxılıb. O, bu gün Bakıya geri qayıdacaq”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallının vəkili Ələkbər Qarayev məlumat verib.
***
15:20
Bu gecə Ermənistanın tələbi ilə Moskvadan Bakıya qayıdarkən Domodedovo aeroportunda saxlanılan Kamil Zeynallı azadlığa buraxılıb.
Bu barədə Axar.az-a idmançının köməkçisi Nicat Nicati məlumat verib.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
***
14:42
Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları bir gün əvvəl Domodedovo hava limanında saxlanılan Kamil Zeynallının yerləşdirildiyi təcridxanaya baş çəkiblər.
Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı sorğu MDB-yə üzv ölkələr arasında imzalanmış dövlətlərarası saziş çərçivəsində verilib:
“Azərbaycan vətəndaşının saxlanılması xəbəri gələn kimi səfir Polad Bülbüloğlunun göstərişi ilə vəziyyəti yerindəcə aydınlaşdırmaq üçün konsul və vitse-konsul hava limanına göndərilib. Hazırda diplomatik nümayəndəliyin əməkdaşları onun saxlanıldığı təcridxanadadırlar”, – səfirlikdən bildiriblər.
Qeyd olunub ki, fevralın 21-də səhər tezdən səfirlikdən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüşüb və ona qanunvericilikdə nəzərdə tutulan hüquqlarını izah edib.
Diplomatik nümayəndəlikdən bildirilib ki, hazırda Azərbaycan səfirliyi Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində lazımi hüquqi tədbirlər görür və saxlanılan şəxsin hüquqlarının təmin edilməsi üçün bütün səyləri göstərir.
***
13:18
Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.
Yenicag.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan deyib.
“Sözügedən şəxs barəsində qətl törətmək ittihamı ilə dövlətlərarası axtarışa başlanılıb”, -məlumatda deyilir.
Qeyd edək ki, fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.
***
12:52
“Rusiya qanunvericiliyinə əsasən, Kamil Zeynallı bir ay müddətində təcridxanaya yerləşdirilməli və Ermənistan bu müddətdə bütün sənədləri Rusiya Baş Prokurorluğuna təqdim etməlidir. Daha sonra onun Ermənistana verilib-verilməməsi məsələsinə baxılacaq”.
Bunu Rusiyada yaşayan azərbaycanəsilli hüquqşünas Elman Paşayev fitnes məşqçisi Kamil Zeynallının saxlanılması ilə bağlı Baku TV-yə açıqlamasında deyib.
E.Paşayev bildirib ki, beynəlxalq konvensiyaya görə, saxlanılan şəxsi beynəlxalq axtarışa düşmən ölkə veribsə, o, həmin ölkəyə ekstradisiya edilməməlidir:
“Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Ona görə də Rusiya onu heç cür Ermənistana verə bilməz”.
Hüquqşünas onu da bildirib ki, Kamil Zeynallının hüquqlarının müdafiəsini heç bir maddi qarşılıq olmadan öz üzərinə götürməyə hazırdır.
Daha ətraflı süjetdə:
VIDEO
***
12:13
Rusiyada saxlanılan idmançı Kamil Zeynallının ittiham olunduğu maddələr məlum olub.
Unikal-ın əldə etdiyi məlumata görə, o, Ermənistan Cinayət məcəlləsinin 135, 137, 140, 147 və 149-cu maddələri ilə ittiham olunur. Həmin maddələrdə qanunsuz yaşayış yerinə girmək, böhtan kimi ittihamlar qeyd olunub.
Kamil Zeynallının məhkəməsi isə sabah keçiriləcək.
Qeyd edək ki, Ermənistan Kamil Zeynallını 29 sentyabr 2020-ci il tarixində axtarışa verib.
***
11:33
“Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıb”.
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib.
Onun sözlərinə görə, Kamil Zeynallı Domodedovo polis bölməsinə aparılıb.
Vəkil Kamil Zeynallının Ermənistan cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham olunduğunu desə də, onun konkret hansı maddələr üzrə ittiham olunduğunu açıqlamayıb.
Ələkbər Qarayev hazırda iş üzrə çalışdığını qeyd edib.
***
11:20
Ermənistan Baş Prokurorluğunda Kamil Zeynallının həbsi ilə bağlı məlumat yoxdur.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğudan “Sputnik Ermənistan”a açıqlamada bildirilib.
Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb. İdmançının iddiasına görə, Rusiyada saxlanılmasının səbəbi Ermənistan tərəfindən axtarışa verilməsidir.
***
10:16
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır:
“Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa bildiriləcək”.