Rusiyada ölkə pasportu almış miqrantlar üçün hərbi xidmətə çağırış 50 yaşa qədər artırıla bilər.
Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Dumasına deputatlar Aleksey Juravlyov, Aleksandr Boroday və Mixail Şeremet tərəfindən qanun layihəsi təklif edilib.
Onların sözlərinə görə, əcnəbilər xüsusi olaraq “yaş həddi çatana” (hazırda 30 yaş) qədər gözləyirlər və yalnız bundan sonra vətəndaş olurlar.
Müəlliflər Daxili İşlər Nazirliyinin statistik məlumatlara istinadla bildiriblər ki, ötən ilin yanvar-oktyabr aylarında 318 mindən çox əcnəbi Rusiya vətəndaşı olub.
Xatırladaq ki, bundan əvvəl də Rusiyada işləyən əcnəbilər üçün yeni öhdəliklər qüvvəyə minib. Belə ki, 2024-cü il yanvarın yeddisindən Rusiyada işləmək üçün patent alan əcnəbi vətəndaşlar, onun verildiyi tarixdən iki ay ərzində Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına işə qəbul haqqında bildiriş təqdim etməlidirlər./Oxu.az