!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyada yaxın dövrlərdə liberal siyasi elitanın formalaşması çətin, hətta imkansızdır” – ŞƏRH

!Reklam – Yazi

“Özlərini lliberal kimi qələmə verən rus siyasətçilərinin də daxilində “velikorus” şovinizmi yatır”.

Bu fikirləri qlobal təhlükəsizlik üçün təhdidə çevrilən Rusiyada fərqli dəyərlərə əsaslanan liberal siyasi elitanın formalaşma ehtimalını dəyərləndirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, yaxın dövrlərdə Rusiyada hakim ideologiyanın çərçivəsindən kənara çıxacaq siyasi elitanın formalaşması mümkünsüz görünür:

“Bəli, yaxın müddətdə Rusiyada fərqli baxışları rəhbər tutan siyasi elitanın formalaşması və önə çıxması real deyil. Bunun da müxtəlif səbəbləri var. Hələ Lenin də bir əsr əvvəl yazırdı ki, rusların daxilində şovinizm ambisiyaları çox güclüdür. Bu yanaşma indi də aktuallığını saxlayır.

O baxımdan, aydın görünür ki, rus cəmiyyəti bu ambisiyadan xilas olmayıb və yaxın dövrdə də nəyinsə dəyişəcəyi gözlənilmir. Digər tərəfdən, Rusiya tarix boyu korrupsiyalaşmış hakimiyyətlər tərəfindən idarə olunub. Elitadan fərqli olaraq səfalət içində olan kütlə isə sadəcə imperiya xülyası ilə yaşayır. Düşünürlər ki, vəziyyətimiz pis olsa da, imperiyaya malik böyük xalqıq.

Eyni zamanda, Rusiyada çox az sayda siyasətçi var ki, kütlənin bu düşüncəsindən fərqli yanaşmaya əsaslansın, axına qarşı çıxa bilsin. Özlərini lliberal kimi qələmə verən rus siyasətçilərinin də daxilində “velikorus” şovinizmi yatır.

Lap elə indi demokrat kimi görünməyə çalışan Navalnının özü də hakimiyyətə gəlsə, şovinist mövqedən kənara çıxmayacaq. Bu səbəbdən Rusiyada yaxın dövrlərdə liberal siyasi elitanın formalaşması çətin, hətta imkansızdır”.

A.Zeynalov

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv