“ABŞ-ın, “Ortamənzilli nüvə başlıqlarına dair müqavilə”dən çıxması 2001-ci ildə “Ballistik nüvə başlıqları əleyhinə müqavilə”dən çıxmasından sonra qlobal sabitliyə ikinci böyük zərbə olacaq”.
Yenicag.az xəbər verir ki , bu barədə Rusiya Federasiyası məlumatların yayılması siyasəti üzrə müvəqqəti komissiyasının rəhbəri Aleksey Puşkov bazar günü şəxsi Twitter hesabında yazıb.
“ABŞ-ın müqavilədən çıxması halında, dünyanın bütün strateji sabitliyinə güclü zərbə dəyəcək. İlk zərbə ABŞ-ın 2001-ci ildə “Ballistik raketlər əleyhinə müqavilə”dən çıxması idi. ABŞ bir daha eyni səhvi təkrar etməklə üz-üzə qalıb” – deyə Puşkov yazıb.
Qeyd edək ki,şənbə günü ABŞ prezidenti Donald Trump, Vaşinqtonun sözügedən razılaşmadan çıxacağını bildirmişdi. Buna səbəb kimi Rusiyanın müqavilənin şərtlərini pozması göstərilib.
ABŞ, ilk dəfə 2014-cü ilin iyul ayında Rusiyanı müqavilənin şərtlərini pozmaqda günahlandırmışdı. Rusiya isə bütün iddiaları qəti şəkildə rədd etmişdi.
Sözügedən müqavilə SSRİ ilə ABŞ arasında 8 dekabr 1987-ci ildə Vaşinqtonda imzalanıb.