“Cənubi Qafqazda gərginliyi təkcə Qərb yox, elə Rusiya da istəyir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistanla Azərbaycan arasında artan müharibə ritorikasını dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov deyib.
Tərlan Eyvazov bildirib ki, Rusiya ikibaşlı oynayır.
“Putin Cənubi Qafqaz respubilkalarını əldə saxlamaq üçün köhnə siyasətlərini davam etdirir. Gürcüstanda Qərblə qarşıdurma fonunda Gürcüstan hakimiyyəti ilə Rusiya arasında loyallıq var. Azərbaycanla Rusiya münasibətləri son 30 ildə normal şəkildə davam edir. Ermənistanda isə son 6 ildə Paşinyanın demokratik seçkilərlə qalib gəlməsi və müəyyən addımlar atması Rusiyada qıcıq yaradır. Paşinyan airaportdan sonra ölkəsindəki digər rus sərhədçilərini və Rusiya hərbi bazasını çıxarmaq istəyir. Ermənistan diplomatik gedişlərlə həm Qərbdən, həm də Rusiyadan yararlanmaq istəyir”, – deyə o bildirib.
Ekspert vurğulayıb ki, Qərb Azərbaycana təzyiq edir.
“Hətta son zamanlar bunu Rusiyanın da etdiyini deyə bilərik. Bütün oyunlar isə Zəngəzur dəhlizinin başında qurulub. Azərbaycana qalsa, müəyyən danışıqlar yolu ilə aça bilərik. Ancaq Rusiya tələsir. Rusiyanın tələsməyindən də belə görünür ki, dəhlizi öz nəzarəti altına almaq istəyir. O cümlədən, Rusiya Ermənistana bilavasitə təzyiqi həm göstərə bilmir, həm də bunu istəmir. Bu təzyiqi hərbi yolla etsə, bu açıq aydın müdaxilədir, bunu istəmir. Bunu iqtisadiyyatla etsə, Ermənistanla Azərbaycandan iki dəfə çox ticarət dövriyyəsi var, ondan olacaq. “İlanı Seyid Əhməd əli ilə tutmaq istəyir”. Yəni, Rusiya təzyiqi Azərbaycan vasitəsi ilə etmək niyyətindədir”, – deyə o qeyd edib.
T.Eyvazovun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında nəinki ticarət dövriyyəsi artıb, hətta silah da göndərilir:
“Azərbaycandakı bəzi ekspertlər bildirir ki, əvvəlki 400 milyonluq müqaviləyə görə o silahlar verilir. Rusiya özü böyük bir müharibəyə girib, belə bir vəziyyətdə, başqa ölkələrdən silah alır, ancaq Ermənistana silah verir. Rusiya istəsə idi o pulu geri də göndərə bilərdi. Cənubi Qafqazda gərginliyi təkcə Qərb yox, elə Rusiya da istəyir. Böyük müharibə olmasa belə, Rusiya Ermənistanı və Azərbaycanı özündən asılı vəziyyətə salmaqda maraqlı görünür”.
Səxavət Məmməd