Rusiyadan sülh danışıqları ilə bağlı konkret İDDİA: Moskva bu ərazilərin rəsmi tanınmasını istəyir

“Rusiyanın sülh danışıqları ilə bağlı konkret iddiası var. Moskva iddia edir ki, yalnız mövcud reallıqlar nəzərə alınarsa, sülh masasına oturmaq mümkündür. Burada söhbət ondan gedir ki, Ukraynanın 4 vilayəti (Donetsk, Luqansk, Zaporojye və Xerson – red.) Rusiyaya birləşdirilib və bu, Kiyev administrasiyası tərəfindən rəsmi olaraq tanınmalıdır.

Bundan başqa, Krım və Sevastopol məsələsi, ümumiyyətlə, Kreml üçün müzakirə predmeti deyil. Ukrayna bu torpaqları Rusiyanın ərazisi kimi tanıyacağı və NATO-ya üzvlüklə bağlı iddiasından tamamilə imtina etidyi təqdirdə, sülh danışıqlarına gedilə bilər”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Natiq Miri deyib. Analitik Ukrayna Silahlı Qüvvələri tərəfindən bu gün Tatarıstanının Yelabuqa və Nijnekamsk şəhərlərində yerləşən PUA zavodlarının vurulması faktından söz açıb.

Xatırladaq ki, son günlər Rusiya ərazilərinə intensiv hücumlarını artıran Ukrayna ordusu artıq sərhədyanı şəhərlərlə yanaşı, Mərkəzi Rusiya və Uzaq Şərqdəki hərbi obyektləri də hədəfə alır. Məsələyə münasibət bildirən N. Miri qeyd edib ki, Rusiya tərəfi zaman-zaman intensiv şəkildə Ukrayna şəhərlərini bombardmana tuturdu ki, nəticədə xeyli sayda mülki insanlar həlak olub:


“Artıq Ukrayna da eyni hissləri Rusiyaya yaşatmaq üçün bu siyasətə üstünlük verməyə başlayıb. Yəni Rusiyanın Ukraynaya yaşatdıqlarını bu gün Ukrayna Rusiyaya yaşatmağa başlayıb. Ukrayna ordusu bir tərəfdən sərhədyanı Belqorod və Kurskdakı mülki və hərbi obyektləri vurursa, digər tərəfdən də Rusiyanın mərkəzi və Uzaq Şərqdəki hərbi obyektlərini hədəfə alır”.

Siyasi təhlilçiyə görə, bu siyasət ona yönəlib ki, müharibənin heç də Kremlin istədiyi kimi rahat getməyəcəyini rus ictimai rəyi anlasın:
“Dolayısı ilə Kiyev administrasiyası rus xalqını Putin rejiminə qarşı qaldırmağa çalışır. Çünki dünənə kimi Rusiya cəmiyyəti bunu öz üzərində ciddi şəkildə heç bir zaman hiss etməyib. Ancaq bu günün özündə Rusiyanın mərkəzi şəhərlərində yaşayan insanlar anlamağa başlayıblar ki, Ukraynadakılar hansı cəhənnəmdə yaşayırlarsa, onlar da artıq bu yaşayışa məhkumdurlar. Bunlar Rusiyanı müəyyən proseslərə məcbur etməkdən ibarətdir ki, bu da Krmel tərəfindən ciddi qəbul olunmağa başlayıb. Ona görə ki, bunun alternativi yoxdur. Düşünürəm ki, bundan sonra həm Qərb dünyasının, həm də Ukraynanın yerli PUA istehsalı imkan verəcək ki, Rusiyanın mərkəzi şəhərlərinə 3-5 PUA-larla deyil, əksinə, 100-lərlə PUA-larla hücumlar həyata keçirilsin. Bundan sonra isə vəziyyət tamamilə fərqli müstəvidə inkişaf edə bilər ki, Ukraynanın məqsədi də bunu ruslara yaşatmaqdır”, – deyə o yekunlaşdırıb.

Rafi Müslümov

 

COP29