Rusiyalı deputat: “Avropa hazırda Ukraynaya kömək etmək iqtidarında deyil” – MÜSAHİBƏ

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov ABŞ-nin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiya ərazisinə hücum etməyə icazə verməsi və bu qərarın arxasında duran səbəblərlə bağlı mövqeyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşrinə müsahibəsində Milonov ABŞ-dəki siyasi proseslərin, Avropanın zəif maliyyə imkanlarının və qlobal təhlükəsizlik məsələlərinin regiona təsirlərindən danışıb.

– ABŞ-nin Ukraynaya uzaqmənzilli raketlərlə hücum icazəsi verməsi ilə bağlı nə düşünürsünüz?

– Bu qərar ABŞ-nin hazırkı daxili siyasi vəziyyətindən irəli gəlir. Bayden artıq prezidentlikdən uzaqlaşmaq üzrədir və onun qərarları gələcəkdən daha çox keçmiş nailiyyətlərinə fokuslanır. Əslində, onun siyasəti amerikalılar tərəfindən dəstəklənmir. Bu səbəbdən də Baydenin dəstəklədiyi namizəd son seçkilərdə məğlub oldu. Bu addım isə yalnız Baydenin hələ də əlində saxladığı formal səlahiyyətlərdən istifadə etməsidir.

– Baydenin siyasətinin ABŞ cəmiyyəti tərəfindən dəstəklənmədiyini deyirsiniz. Bu qərarlar ABŞ-ın gələcəyinə necə təsir edəcək?

– Bayden artıq gələcək haqqında düşünmür. O, yaşlı bir siyasətçidir və yalnız bu gün qəbul edilən qərarlarla maraqlanır. Fiziki baxımdan da artıq qüvvəsi tükənib. Bu səbəbdən onun siyasəti ABŞ-nin uzunmüddətli maraqlarını əks etdirmir. Bu qərarlar, əsasən, şəxsi perspektivindən irəli gəlir.

– Avropa ölkələrinin Ukraynaya dəstəyi ilə bağlı nə deyə bilərsiniz?

– Avropa hazırda ABŞ-dan maliyyə dəstəyi olmadan Ukraynaya kömək etmək iqtidarında deyil. Avropa ölkələrinin seçiciləri də bu cür xərclərə qarşıdır. ABŞ-dan maliyyə axını dayansa, Avropa ölkələrinin hər biri ciddi maliyyə çətinlikləri ilə üzləşəcək. Onlar öz hesablarına Ukraynanı dəstəkləməyə hazır deyillər, çünki bunun üçün yetərli resurslara da malik deyillər.

– Rusiya ilə Qərb arasındakı gərginlik nüvə müharibəsinə səbəb ola bilərmi?

– Nüvə müharibəsi ehtimalı barədə konkret bir şey demək çətindir. Rusiya prezidenti qərarlarını bir çox amilləri nəzərə alaraq qəbul edir. Ancaq bu qərarlar çox ağır məsuliyyət tələb edir. Mən əminəm ki, Rusiya prezidenti dünyanı nüvə müharibəsi təhlükəsindən uzaq tutmaq üçün hər şey edəcək. Amma unutmayaq ki, Qərb ölkələrinin Ukraynaya verdiyi dəstək bu gərginliyi artırır.

– Qərbin bu mövqeyindən geri çəkiləcəyini düşünürsünüzmü?

– Avropa ölkələri artıq öz mövqelərinin ciddi nəticələr doğurduğunu anlayır. Onlar son iki il ərzində Ukraynaya şərtsiz dəstək veriblər, lakin bu dəstək ABŞ-ın maliyyəsi hesabına olub. İndi bu dəstəyin davamlı olmaması onların çıxış yolu axtarmasına səbəb olur. “Zelenskiyə sevgi” maliyyə sınağından keçmədi və bu, Qərb ölkələrini çətin vəziyyətə salıb.

– Yekun olaraq, ABŞ-nin və Avropanın mövqeyində hansı dəyişiklikləri gözləyirsiniz?

– ABŞ-dakı siyasi keçid və Avropanın zəif iqtisadi vəziyyəti Ukraynaya dəstəyi zəiflədəcək. Qərb ölkələri hazırkı vəziyyətdən çıxış yolları axtarır, lakin onların mövqeləri daxilində tutarlı dəyişikliklərin olması qaçılmazdır.

Tərcümə: Rafi Müslümov

COP29