Rusiya Dövlət Dumasının deputatları ölkənin Türkiyədəki səfiri Andrey Karlovun ötən gün Ankarada qətlə yetirilməsində Qərbi günahlandırıblar.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya Xarici işlər Nazirliyinin səfirə qarşı sui-qəsdin planlaşdırılmış terror aksiyası olmasına dair bəyanatından sonra ölkə parlamentinin aşağı palatasının deputatları da bu hadisəyə kəskin münasibət bildiriblər. Səfirin qətli ilə bağlı danışan Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski A.Karlova qarşı sui-qəsdin Qərbdə hazırlandığını bildirib. RLDP sədri əlavə edib ki, A.Karlovun öldürülməsinin arxasında Türkiyə-Rusiya münasibətlərinin korlanması niyyəti dayanır.
Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sabiq sədri Aleksey Puşkov isə səfirə qarşı sui-qəsdin Rusiya düşmənlərinin Hələbdə baş verənlərə reaksiyası kimi qiymətləndirib.
Rusiya Dövlət Duması Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin müavini Frants Klintseviç səfirin qətlini “Rusiyaya meydan oxumağa yönələn provakasiya” adlandıraraq, sui-qəsdin arxasında NATO-nun xüsusi xidmət strukturlarının dayana biləcəyini söyləyib.
Yeniçağ.Az