Rusiyalı general-mayor Nikolay Plotnikov rus dövlət televiziyasına açıqlamasında “Putin, Lenin və Stalinin tarixi səhvlərini düzəltməli, Estoniyada Narva, Latviyada Dauqavpils və Litvada Klaypedanı işğal edilərək Rusiya ərazisinə birləşdirməlidir”, – deyib. Bu isə təbii olaraq NATO-Rusiya qarşıdurmasının hərbi müstəviyə keçidi riskini yüksəldir.
Yenicag.az-a açıqlamasında mövzunu şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, əgər Rusiya Ukrayna ərazilərini işğal etsə, digər qonşu dövlətləri də təhlükə gözləyəcək.
“Rusiya rəsmi nümayəndələri Ukraynadan başqa ərazilərə hücum etməyəcəklərini deyirlər. Ancaq buna inanan azdır. Çünki belə açıqlamalar Ukrayna üçün də səsləndirilirdi. Eyni zamanda, bir vaxtlar Krımın Ukraynaya aid olduğunu da dilə gətirirdilər. Lakin elə ilk ilhaq edilən ərazilərdən biri də bura oldu”, – deyə o qeyd edib.
E.Şahinoğlunun sözlərinə görə, hazırda Avropa ölkələrinin narahatlığı təbii haldır.
“Buna baxmayaraq, nəzərə almaq lazımdır ki, Rusiyanın Baltik ölkələrinə hücumu asan məsələ deyil. Çünki həmin dövlətlər NATO üzvüdür. Əgər Rusiyanın bu hücumu baş tutarsa, Avropa və NATO proseslərdən kənar qalmayacaq. Nəticədə Üçüncü Dünya Müharibəsinə zəmin yaradacaq toqquşmalar baş verəcək.
Rusiya dövlət televiziyasında belə açıqlama səsləndirmək şantaj xatakterlidir. Yəni Rusiyanın müəyyən dairələri Avropanı şantaj edir. Məqsəd isə Ukraynanın dəstəklənməsinin qarşısını almaqdır”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli