Rusiyalı oliqarxlara ZƏRBƏ: 30 milyard dollarlıq aktivləri donduruldu

ABŞ Maliyyə Nazirliyi Rusiyanın Ukraynaya hücumundan sonra sanksiyaya məruz qalan rus oliqarxlarına məxsus 30 milyard dollarlıq aktivlərin dondurulduğunu bildirib.

Yenicag.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, Rusiya Elitası, Proksi və Oliqarxları İşçi Qrupu sanksiyaya məruz qalan rusiyalıların aktivlərini bloklamaq və ya dondurmaq, onların maliyyə sisteminə çıxışını kəskin şəkildə məhdudlaşdırmaq üçün çoxtərəfli koordinasiyadan istifadə edir. Nəticədə REPO İşçi Qrupunun ilk 100 günündə sanksiyaya məruz qalan rus oliqarxlarına məxsus 30 milyard dollarlıq aktivlər bloklanıb və ya dondurulub.

Rusiya Mərkəzi Bankının təxminən 300 milyard dollarlıq aktivlərinin dondurulduğu qeyd olunan bəyanatda vurğulanıb ki, sanksiyaya məruz qalan ruslara məxsus yaxtalara və lüks daşınmaz əmlaka da həbs qoyulub.

Bütün bu addımların kökündə isə Rusiyanın qlobal maliyyə sisteminə çıxışının məhdudlaşdırılması və Moskvanın Ukraynaya qarşı apardığı müharibədə lazımi texnologiyanı ala bilməməsi durur.

Gülşən Şərif