Rusiyalı politoloqdan Suriya proqnozu  – Üçüncü Dünya Müharibəsi başlayır?

“Genişmiqyaslı hərbi əməliyyatların başlaması regionda sabitliyin tam pozulmasına gətirib çıxaracaq”.

Rusiyalı politoloq İlya Kravçanko Yenicag.ru-ya müsahibəsində Qərb koalisiyasının Suriyanı bombalamasından sonra Rusiya-ABŞ münasibətlərinin inkişafını və bu böhranın Üçüncü Dünya Müharibəsinə yol açması ehtimalını dəyərləndirib.

– Rusiya ilə ABŞ arasında hərbi qarşıdurma nə dərəcədə mümkündür?

– Hesab edirəm ki, heç bir qarşıdurma olmayacaq. Dünya dəfələrlə şahid olub ki, superdövlətlərin liderləri həlledici məqamlarda dil tapa bilirlər. İş ondadır ki, hazırda “kiçik oyunçular” “qayığı” yırğalayaraq, özlərinə müəyyən dividendtlər götürməyə çalışır. Qlobal müharibə ehtimalına gəldikdə isə, fikrimcə, irimiqyaslı toqquşmadan danışmaq üçün əsas yoxdur. Həmin provakasiyasları BMT Təhlükəsizlik Şurası səviyyəsində önləmək lazımdır. Tərəfdaşlarımızın bizim mövqeni nəzərə almaq istəməmələri başqa məsələdir. Ancaq əvvəl-axır sağlam düşüncə qalib gələcək.

– İsrailin Suriyadakı İran hərbi bazalarına zərbə endirməsini necə qiymətləndirirsiniz?

– İsrail və İran arasında qarşılıqlı provakasiyalar əvvəl də olub, bundan sonra da olacaq. Ancaq bu hərəkətlər onlar arasında hərbi toqquşmaya səbəb olmayacaq. Çünki nə İsrail, nə də İran irimiqyaslı müharibəyə başlamaqda maraqlı deyil. Yəni xırda insidentlərin baş verməsi istisna edilməsə də, bu böyük müharibə ilə nəticələnməyəcək. Çünki genişmiqyaslı hərbi əməliyyatların başlaması regionda sabitliyin tam pozulmasına və radikalizmin güclənməsinə gətirib çıxaracaq. Yəni biz İraq müharibəsinin nələrə səbəb olduğunu görmüşük. Başa düşmək lazımdır ki, radikal qruplaşmalar məhz belə münaqişələr nəticəsində yaranır. Hazırda İsrailin əsas məqsədi öz sərhədlərini qorumaq, İranın məqsədi isə Suriyada möhkəmlənməkdir. Ona görə də, bu ölkələr arasında irimiqyaslı müharibə gözlənilmir.

– Bu fonda Üçüncü Dünya Müharibəsinin başlama ehtimalı varmı?

– Dəfələrlə Üçüncü Dünya Müharibəsi ilə bağlı xəbərdarlıq edilsə də, gördüyümüz kimi, bu, baş hələki baş verməyib. Xatırladım ki, “ Soyuq müharibə” dönəmində – 1961-ci il Berlin böhranı, 1962-ci il Karib böhranı zamanı – Dünya Müharibəsinin başlamaq ehtimalı daha yüksək idi, nəinki indi. Ancaq o zaman müharibədən qaçmaq mümkün oldu. Çünki anlayırdılar ki, bu, dünyanın sonu olacaq. Hazırda “Soyuq müharibə” olmasa da, başqa səviyyədə qarşıdurmalar mövcuddur. O baxımdan, Üçüncü Dünya Müharibəsinin başlayacağını deyənlər diqqəti özlərinə yönəltməyə çalışırlar.

Nicat Hacıyev

COP29