“Çar Rusiyası, SSRİ və sonrakı dövrlərdə Rusiya Federasiyasının Azərbaycanla qarşılıqlı münasibətləri çərçivəsində hər iki ölkənin regionlarında iqtisadi əməkdaşlıq mövcud olub və davam edir”.
Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Yeganə Hacıyeva deyib.
O, Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimovun Kəlbəcər rayonuna səfəri zamanı Rusiya şirkətlərinin Azərbaycanın Qarabağ bölgəsinə maraq göstərməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Y. Hacıyevanın sözlərinə görə, bu əməkdaşlıq zaman-zaman müxtəlif istiqamətlər üzrə artan və azalan xətlə davam edir:
“Azərbaycan regionlarında bu tip əməkdaşlığı nüvəsində Rusiyanın dövlət olaraq maraqları dayanır, eyni yanaşma və tətbiq Azərbaycan üçün də aktualdır.
Müstəqillikdən sonrakı dövrlərdə Rusiyanın Azərbaycan bölgələrindəki maraqları müxtəlif və fərqli yanaşmaları olub. Ümumiyyətlə, 90-cı illərdə başlayan Birinci Qarabağ müharibəsində Ermənistanın tərəfdaşı kimi Rusiyanın rolunu olması ilə bağlı Azərbaycan cəmiyyətində fikirlər mövcud olub və bu hal zaman-zaman ümumilikdə hər iki dövlət və cəmiyyət arasında müəyyən fikir ayrılıqları yaradıb. Torpaqların işğaldan azad olunmasından sonra qarşılıqlı razılıq əsasında Rusiya sülhməramlıları müvəqqəti olaraq Qarabağa yerləşdi və razılaşmış müddəti tamamlanmadan onlar bölgəni tərk etdilər”.
Politoloq deyib ki, son illər Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin ifadə olunan bütün şərtlərinə Moskva tərəfindən əməl olunması xoşməramlı münasibətlər üçün zəmin yaradıb:
“Fikrimcə, hazırkı dövrdə Azərbaycanda Rusiyanın iqtisadi inkişafla bağlı həyata keçirdiyi proseslərə müsbət yanaşmaq mümkündür. Amma onu da qeyd etmək lazımdır ki, Rusiya əsas strateji tərəfdaş kimi əzəldən Cənubi Qafqazda Ermənistanı tərəfdaş olaraq seçmişdi. Bu isə Rusiyanın hər hansı bir hakimiyyətinin, lobbi qrupunun, siyasətçisinin dəyişə biləcəyi reallıq deyil. Bu reallıqlar isə ikitərəfli münasibətlərdə həmişə Azərbaycanı ehtiyatlı olmağa vadar edib və Azərbaycan bu ehtiyatı günü bu günə qədər davam etdirir.
Səfirinin söylədiklərinə gəldikdə isə Rusiyanın bölgədəki iqtisadi inkişafa, xüsusilə də Qarabağın quruculuq işlərinə pozitiv yanaşması mövcuddur. Çünki Rusiyanın konkret hansı dövlət və özəl şirkətlərin bölgədə olmasını diqqətə alaraq, əməkdaşlığa pozitiv yanaşmaq olar, lakin bu, xüsusi diqqət tələb edir. Bu məqamlara isə ölkəmiz ciddi yanaşmalıdır”.
Rafi Müslümov