Rusiyanı bürüyən silah və narkotik QAÇAQMALÇILIĞI: “Bunu əvvəldən görməliydilər” – ŞƏRH

“Ukraynadan Rusiyaya müxtəlif çaplı silahların keçirilməsi onlar üçün yaxşı heç nə vəd etmir”.

Bu fikirləri Ukraynaya hərbi təcavüzünü davam etdirən Rusiyaya döyüş zonasından silah və narkotik qaçaqmalçılığının genişlənməsinə dair Kremlin narahatlığına münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukraynaya hərbi təcavüzün belə bir gedişata yol açacağını Rusiya əvvəldən görməliydi:

“Bunlar müharibə, xüsusilə də hücum edən tərəf, indiki vəziyyətdə Rusiya üçün xarakterik hallardır. Hazırda Rusiya-Ukrayna sərhədində, ən çox da hücum edilən istiqamətlərdə ciddi boşluqlar var. Digər tərəfdən, Rusiyada kriminal durum hər zaman gərgin olub. Bunu istər hərbçilər, istərsə də mülki əhali haqqında demək mümkündür. Eyni zamanda, bır sıra işbazlar da bu prosesə qoşulublar.

Təbii ki, bu qaçaqmalçılıqda atıcı silahlardan tutmuş müxtəlif tutumlu nəqliyyat vasitələrinin “dövriyyə”sindən söhbət gedir. Oxşar korrupsiya və qaçaqmalçılıq mexanizmi vaxtilə sovet zabitləri tərəfindən Əfqanıstanda da tətbiq edilmişdi. Onlar məhv edilmiş yük maşınlarının sayını hədsiz dərəcədə şişirdilər, işlək vəziyyətdə olan maşınları isə satırdılar. Yəni burada hərbçilərlə işbazlar əlbir fəaliyyət göstərirlər.

Əlbəttə, Ukraynadan Rusiyaya müxtəlif çaplı silahların keçirilməsi onlar üçün yaxşı heç nə vəd etmir. Ən azı, kriminogen vəziyyətin daha da pisləşəcəyi şübhə doğurmur. Ukraynaya hərbi təcavüzün belə bir gedişata yol açacağını Rusiya əvvəldən görməliydi.

Ümumiyyətlə, Rusiya hərbçilərinin Ukraynada rəzil qarətlə məşğul olduqları, hətta unitazları belə söküb apardıqları haqda faktlar var. Bu, Rusiya ordusundakı ümumi ovqatın, eləcə də, siyasi-hərbi rəhbərlikdə dərin kök atmış korrupsiyanın göstəricisidir.

Baxın, ABŞ hərbçiləri bir sıra ölkələrdə genişmiqyaslı əməliyyatlar keçirdilər, uzun müddət orada qaldılar, bir amerikalı əsgərin silah satması və ya hansısa əşya oğurlamasına faktına rast gəlindimi? Yox. Amma Rusiya ordusunda bunun tam əksidir”.

A.Zeynalov