Rusiyanı Qarabağ müharibəsinə müdaxilədən çəkindirən AMİL: ABŞ hərbi kəşfiyyatı hansı detalı açıqladı?
“Bütün bunlarla bərabər, “Vaqner” kiçik dəstə ilə olsa da, bölgəyə yerləşdirilmişdi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat qurumunun yaydığı hesabatda yer alan 44 günlük Qarabağ müharibəsində Rusiyanın birbaşa müdaxilədən çəkindiyi haqda detalı şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
İlham İsmayılın sözlərinə görə, Rusiyanı Qarabağ müharibəsinə müdaxilədən çəkindirən başlıca amil Türkiyənin qətiyyəti olub:
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “əgər üçüncü tərəf müharibəyə qoşularsa, Türkiyə də qoşulacaq” deməsi ən çəkindirici faktor oldu. Burada başqa bir faktor yoxdur.
Hər halda, Rusiyanı Azərbaycan ordusu çəkindirə bilməzdi. Bütün bunlarla bərabər, “Vaqner” kiçik dəstə ilə olsa da, bölgəyə yerləşdirilmişdi və onlar hazır vəziyyətə gətirilmişdilər.
Rusiya birinci dəfə hümanitar atəşkəsə cəhd etdi və bunu rəsmi Moskva açıqladı, ondan sonra görəndə ki, müharibə dayanmır, geri addım atdı.
Şuşa alınandan sonra gördük ki, helikopter təxribatını törədib, Laçın dəhlizindən içəri girdilər. Gümrü bazasında olan hərbçilər Naxçıvan istiqamətində tam hazırlıq görmüşdülər, hər an Naxçıvana müdaxiləyə hazır idilər.
Yeri gəlmişkən, Ermənistanın digər çətinliklərə baxmayaraq, müharibəni dayandırması və təslim olmasının səbəblərindən biri də bu hərəkətləri görməsi idi. Məsələ o həddə gəlib çatdı ki, Şuşa işğaldan azad olunandan sonra təslim oldular”.
Səxavət Məmməd