“ABŞ-ın Rusiya, rus diplomatları və onların ailə üzvləri barəsində sanksiyaları ikitərəfli münasibətləri pozur və cavabsız qalmayacaq”.
Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Vaşinqtondakı səfirliyində bildiriblər.
“Biz ABŞ administrasiyasının Rusiyaya, rus diplomatlarına və onların ailə üzvlərinə qarşı yeni sanksiyaları adi düşmənçilik aktı kimi qiymətləndiririk. Dekabrın 29-da elan edilmiş sanksiyalar bilavasitə Rusiya-Amerika ikitərəfli münasibətlərini pozmağa yönəlib. Onlar cavabsız qalmayacaq”, – deyə Rusiya diplomatik missiyasının Twitter xəbərində deyilir.
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalatın tətbiq edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən sanksiyalar ABŞ-da demokratiyanın pozulmasına yönəlmiş fəaliyyətlə əlaqədar tətbiq olunub.
Sanksiyalar Rusiyanın bir sıra rəsmi şəxslərinə, habelə 5 təşkilata şamil edilib.
Bununla yanaşı, ABŞ-ın Vaşinqtondakı və San-Fransiskodakı Rusiya diplomatlarını geri göndərəcək və Rusiyanın Nyu-York və Merilend ştatlarında iki diplomatik nümayəndəliklərini bağlayacaq. Vaşinqtondakı və San-Fransiskodakı Rusiya diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verilib.
Yeniçağ.Az