!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyanın ABŞ ilə qaz müharibəsinin acılarını Avropa çəkir" - Politoloq

!Reklam – Yazi

“Avropadakı qaz böhranı təkcə Rusiyanın davranışları ilə bağlı deyil”

Bu sözləri Rusiyanın qaz siyəti haqqında danışarkən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, enerji təhlükəsizliyi istənilən dövlətin rifahı üçün əsas komponent olmaqla yanaşı, həm də yüksək sənaye ölkəsi üçün daha ucuz, etibarlı və davamlı təchizatçı ölkə ilə qarşılıqlı iqtisadi münasibətlərdə iştirak etmək baxımından əsas göstəricidir:

“Məlumdur ki, müasir dövrdə enerji təhlükəsizliyindən daha çox əziyyət çəkən regionlar sırasında birinci yeri Avropa tutur. Xüsusilə də qaz tədarükü üzrə qonşu Rusiyadan olan asılılıq 2009-cu il Ukrayna böhranından sonra ümumi mənzərəni daha da qəlizləşdirib. Bu baxımdan hal-hazırda Avropanın qarşısında duran başlıca problem region üzərində Rusiya qazından asılılığı azaltmaq və yarana biləcək siyasi və iqtisadi təzyiqləri minumuma endirməkdən ibarətdir.

Lakin Avropa ölkələri onu da yaxşı bilir ki, qaz tədarükünə dair çoxsaylı sazişlər imzalamaqla yeni bir təchizatçı ölkənin təklif etdiyi qiymətlər Rusiyanın təkliflərindən heç də ucuz olmayacaqdır. Digər tərəfdən Rusiya özü də bir sıra “Cənub axını”, “Türk axını”, “Şimal axını 2” kimi layihə təşəbbüslərini irəli sürməklə yüksək tələbat olan bazarda öz payını qorumağa çalışır.

Bu gün Rusiya Avropanın təbii qaza olan tələbatının 50 faizini ödəyir. Digər 50 faizin böyük hissəsi isə Norveç və Əlcəzair tərəfindən ödənilir. Rusiya qazı Avropaya “Şimal axını”, “Yamal-Avropa” və “Qardaşlıq” kimi bir neçə böyük boru kəməri ilə ixrac edilirdi. Həmin qaz əvvəlcə regional anbarlarda toplanır, sonra qitənin müxtəlif ölkələrinə paylanırdı. Son dövrlərdə Yamal-Avropa boru kəməri vasitəsilə Polşa üzərindən Avropaya qaz axınının dayandırılması, eləcə də Ukrayna üzərindən Avropaya nəql edilən qaz axınının yarıbayarı azaldılması isə vəziyyəti gərginləşdirib.

Məsələ ondadır ki, bu heç də Rusiyanın uzunmüddətli müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi anlamına gəlmir. Belə ki, Rusiyanın nəzarət paketi dövlətə məxsus olan “Qazprom” şirkəti Avropaya qazı iki fərqli razılaşma çərçivəsində göndərir. Bunlardan biri 10-25 illik ixracı nəzərdə tutan uzunmüddətli müqavilələr, digəri isə qaz satışına aid birdəfəlik müqavilələrdir. Bu gün görünən odur ki, Rusiya uzunmüddətli müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirir. Bu fikri Avropa Komissiyasının enerji məsələləri üzrə sözçüsü Kadri Simson da təsdiqləyir. O Avropa Parlamentində çıxışında bildirib ki: “İlkin qiymətləndirmələrimiz göstərir ki, Rusiya uzunmüddətli müqavilələri yerinə yetirir, lakin əlavə qaz vermir”. Son müqavilələrə də baxdıqda görürük ki, Rusiya bir ildə birdəfəlik müqavilələr imzalamayıb və bununla da uzunmüddətli müqavilələr üzrə öhdəliyindən artıq qaz ixrac etməyib.

Beləliklə də demək olar ki, Avropanın Rusiyanın qaz ixracı ilə bağlı narahatçılığında əsas problem öhdəliklər deyil, Avropanın qaza olan yeni tələbətlarının Rusiya tərəfindən ödənilmək istəməməsi və qaz nəqli marşrutlarında dəyişikliklərdir. Belə ki, oktyabrın 1-dən “Qazprom” Macarıstana Ukraynadan deyil, “Türk axını”nın davamı olan “Balkan axını” ilə qaz tədarük etməyə başlayıb. Yamal – Avropa vasitəsilə Polşadan tranziti ilə bağlı bağlanan müqaviləyə gəldikdə isə həmin müqavilə 2020-ci ildə başa çatıb. Bundan sonra Polşa “Qazprom” ilə yeni tranzit müqaviləsi imzalamaq istəməyib. Odur ki, indi Polşaya qaz Almaniyadan axacaq, yəni başqa sözlə əvvəllər olduğunun tam əksinə”.

Moldovaya gəldikdə isə politoloq bunları deyib:

“Oktyabrın 29-da “Qazprom” və “Moldovaqaz” Rusiya qazının Moldovaya tədarükü barədə kontraktın vaxtını noyabrın 1-dən 5 il müddətinə uzadıblar. Müqaviləyə görə, qazın qiyməti hər min kubmetr üçün 450 dollar təşkil edib, yəni faktiki bazar qiymətindən 2 dəfə ucuz. Lakin müqaviləyə görə, Moldova həm də pilləli şəkildə əvvəl 200 dollara aldığı qazdan qalan 709 milyon dollar borcu da ödəməlidir.

Təbii ki, Rusiyanın Avropanın qaza olan yeni tələbatları ödəmək istəməməsi həm də “Şimal axını-2” layihəsini qəbul etdirmək istəyindən irəli gəlir. Məlum olduğu kimi, Avropaya qaz nəqlini ikiqat artıracaq “Şimal axını-2” boru kəmərinin inşası artıq tamamlanıb, hətta borular qazla da doldurulub. Odur ki, Rusiya Avropanın qaz böhranından istifadə edərək öz məqsədlərini maksimum təmin etmək istəyir.

Lakin onu da qeyd etmək lazımdır ki, Avropada qaz böhranı və qazın qiymətindəki artım təkcə Rusiya ilə bağlı deyil. Belə ki, Norveç, Əlcəzair, ABŞ kimi digər tədarükçülər Avropaya qaz nəqlini artırıb onu enerji böhranından xilas edə bilərlər. Onlar isə nəinki bunu etmir, hətta ABŞ Avropaya LNG qazı tədarükünü tamamilə dayandırıb, daha çox qazanc əldə etmək üçün öz sıxılmış qazını Asiya bazarına çıxarır. Bir sözlə, Rusiyanın ABŞ ilə qaz müharibəsinin acılarını Avropa çəkir”.

Səxavət Məmməd

www.yenicag.az

465
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv