Rusiyanın “adi silah” jesti

1383554045_fikret_sadixov_311012_420x250Fikrət Sadıxov: “Bu addım birmənalı şəkildə Qərblə Rusiya arasında qarşıdurmanın nəticəsidir”

Rusiya Avropada adi silahlı qüvvələr haqqında müqavilə üzrə birgə məşvərət qrupunun iclaslarında iştirakını dayandırıb.

Qeyd edək ki, “Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında” müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanıb. Müqavilə NATO-nun 16 ölkəsinin və Varşava Müqaviləsi Təşkilatının iştirakçısı olan 6 dövlət tərəfindən imzalanmışdır. Sənəd iki hərbi blok arasında təmas xətti boyunca adi silahların yerləşdirilməsi imkanlarını məhdudlaşdırır. Görəsən, Rusiyanın bu addımı hansı problemlər yarada bilər?

Politoloq Fikrət Sadıxov bildirdi ki, Moskvanın AASMM-dan çıxması Qərblə onun arasında ziddiyyətləri daha da kəskinləşdirəcək: “Rusiyanın “Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında” müqavilədən çıxması həqiqətən də müəyyən təhlükələr yarada bilər. Amma düşünmürəm ki, Rusiyanın bu müqavilədən çıxması birbaşa Azərbaycan üçün təhlükədir. İlk növbədə geosiyasi fonda baş verən bu hadisələr Ukrayna ilə bağlıdır. Rusiya bu müqavilədən ona görə çıxır ki, Ukraynanın şərqinə faktiki olaraq birbaşa hərbi yardımlar edə, o regionda silah və texnikasını yerləşdirə və faktiki olaraq tam sərbəstlik formatında özünü apara bilsin. Bu da ilk növbədə təbii ki, Avropa ölkələrinə yönələn addımdır. Çünki, Qərb Rusiyaya qarşı müəyyən sanksiyalar tətbiq edib. Bu da birbaşa Moskvanın cavab addımlarıdır. Eyni zamanda, istisna etmək olmaz ki, nə vaxtsa Rusiya silahı Cənubi Qafqazda da genişlənə bilər. Rusiya yenidən Ermənistana silah verə, onu gücləndirə bilər. Amma fikrimcə, bu ilk növbədə Ukrayna məsələsi ilə əlaqədardır. Bu addım birmənalı şəkildə Qərblə Rusiya arasında qarşıdurmanın nəticəsidir”.