Rusiyanın Almatıda təkrarladığı 20 Yanvar QƏTLİAMI: Türk qanına susamaq daha necə olur? – Araz Zeynalov yazır

Yeni ilin ilk həftəsi qardaş Qazaxıstan üçün faciə ilə başladı. Bahalaşmaya etiraz olaraq başlayan və qısa müddətdə xaotik prosesə çevrilən narazılıq dalğası ölkəni sözün tam mənasında uçurumun kənarına gətirib. 

Xaos, toqquşmalarda yüzlərlə insanın həlak olması, minlərlə insanın yaralanması, yüz milyonlarla ölçülən iqtisadi zərər… Qısacası, postsovet məkanının “öz suyunda qaynayan” bu sabit ölkəsində ayarlar büsbütün pozulub.

Ən ağır olan isə müstəqilliyinin 32-ci ilində Qazaxıstanın da qatıldığı, ictimai rəydə “Putin NATO-su” adlandırılan KTMT hərbi kontingentinin ölkəyə yeridilməsidir. Rəsmi məlumatlara əsaslansaq, Qazaxıstana KTMT üzvü olan ölkələrdən ümumilikdə 3 min 700 əsgər göndərilib. Onların mütləq əksəriyyəti təbii ki, Rusiya mənsubudur.

Qazaxıstanın qan gölündə necə boğulduğunu əks etdirən kadrlar çox üzücüdür. Eyni zamanda, həmin olaylar gözümüz önündə 1990-cı il 20 Yanvar Bakı qırğınını yenidən canlandırır. Moskvanın Bakıda həyata keçirdiyi qanlı ssenarinin səhnəsi bu dəfə Almatı oldu.

Əsasən, Rusiya hərbçilərindən ibarət “sülhməramlı”ların qazax gənclərini “terrorçu” adı altında xəbərdarlıqsız gülləbaran etməsi bizim üçün tanış mənzərədir. 32 il əvvəl soydaşlarımız Bakıda necə qətl edilmişdisə, bu günlərdə qazaxlar da “sınanmış” atəş taktikası ilə – “ölüm nöqtələri”ndən vurularaq öldürülür.

Yeri gəlmişkən, müstəqil mənbələr Rusiyanın KTMT kontingentindən öncə başkəsənlərdən ibarət “Vaqner” muzdlularını Qazaxıstana göndərdiyini bildirir. Rusiyanın tövrünə bələd olduğumuzdan, bu iddiaları mübahisələndirməyə ehtiyac görmürük. Çünki tamamilə inandırıcıdır. Rusiya özünü bizə çoxdan tanıdıb.

“Vaqner”çilərin Almatıda törətdiyi quduzluq yenə 20 yanvar Bakısını yada salır. Xatırlayırsınızsa, 1990-cı ilin yanvarında da Sovet qoşunlarından əvvəl “residivist”lər şəhərə yeridilmişdi və qırğında ən çox onların əli vardı. Bakı nəzarətə götürüldükdən sonra isə o caniləri təcili təyyarə reysləri ilə aradan çıxarmışdılar.

Diqqət edin, Sovetlərin 1956-cı il Budapeşt, 1968-ci il Praqa, 1986-cı il Almatı, 1989-cu il Tiflis, 1990-cı il Bakı, 1991-ci il Vilnüs və Riqada həyata keçirdiyi cəza aksiyalarında eyni taktikadan istifadə olunub. Dağılmış SSRİ-nin varisi olan Rusiya isə “şər imperiyası”nın bütün naqisliklərini artıqlaması ilə mənimsəyib.

“Şimal ayısı” nə qarşılıqlı münasibətə hörmət göstərir, nə də beynəlxalq hüquqa məhəl qoyur… Əks halda, Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Donbas kimi qanlı münaqişə ocaqları yaranmazdı, Krımın həyasızcasına işğalı baş verməzdi. Bu münaqişələrdə tökülən qanlar şübhəsiz ki, Rusiyanın olmayan vicdanına yazılıb.

Rusiya körüklədiyi Qazaxıstan olayları ilə bir daha göstərdi ki, onun üçün dost-müttəfiq anlayışı əvvəldən olmayıb və indi də yoxdur. Ona görə də qlobal nifrətin bir nömrəli ünvanıdır. Baxın, hətta qardaş olduğu slavyan xalqları belə Rusiyaya ucdantutma lənət oxuyurlar. Belarus? Adıçəkilən ölkədə hakimiyyətin deyil, xalqın rəyinə nəzər salsanız, nəyin nə olduğunu asanlıqla görəcəksiniz.

Bəli, Rusiya onunla dost olmağın mümkünsüzlüyünü hər fürsətdə açıq nümayiş etdirir. Yaxşı, bəs bu “ayı” ilə necə davranmaq gərəkir? Həqiqətən, cavabını bir ölkənin təkbaşına tapa bilməyəcəyi qədər çox çətin sualdır.

Amma cavab əlbəttə ki var…