Rusiyanın Arayik-Vardanyan OYUNU: “Rəsmi Bakı sərt dildə danışmalıdır” – Ehtiyatda olan POLKOVNİK

“Arayik, Vardanyan məsələsi önəmli deyil, işi görən Rusiyadır, ona görə də tələbimiz Rusiya qarşısında olmalıdır”.

Bunu Arayik Arutyunyan və Ruben Vardanyanın Moskvadan Qarabağa qayıdışı, “seçki” keçirmək cəhdi və Azərbaycanın atmalı olduğu addımlar barədə danışan təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayıl bildirib ki, Azərbaycan Rusiya ilə sərt dildə danışmalıdır:

“Arayik Arutyunyan və Ruben Vardanyan Moskvaya çağırılmışdı. Hər ikisinə təlimat verildi. Təlimat üzbəüz olanda daha effektli olur, onlayn təlimatın effekti az olur. Bu elə situasiya idi ki, onların qorxudulması da işin içində idi.

Onlar gələndən sonra hansı sahələr üzrə təlimat aldıqları məlum oldu. Arayik Arutyunyan gələn kimi ilk “konstitusiya” ilə bağlı məsələyə baxdı. Müharibə dövründə qondarma rejimin prezident postu vakant qalanda seçki keçirilmir, onu dövlət naziri əvəz edir. “Dövlət naziri” də indiki halda Vardanyandır.

Azərbaycan üçün bu məsələ “Rusiyanın mövqeyini ortaya qoymadı” deməkdir. Vardanyan, Arayik önəmli deyil. Orada istənilən “yan” gəlib vəzifələri yerinə yetirə bilər. Bu işi görən Rusiyadır. Azərbaycan Rusiya qarşısında hədəflərini müəyyənləşdirib, tələblərini qoymalıdır. Azərbaycan Rusiyaya bildirməlidir ki, onların göndərdiyi adam gəldiyi gündən radikal mövqedədir.

Azərbaycan təhlükənin qarşısını almaq üçün bəzi məsələləri həll etməlidir. Təhlükə Ermənistandan gəlir. Separatçı rejim Rusiyanın mövqeyindən çıxış edir, Ermənistan isə sağa-sola vurur.

Laçın yolundakı dinc aksiyaya məntiqi son vermək lazımdır. Post qurulmalıdır. Dövlət nəzarətini təmin etməliyik”.

Səxavət Məmməd