Rusiyanın “Bayraktar” XÜLYASI: “Vaxtilə S-400-lərin birgə istehsalına dair razılığa gəlinsə də…” – REAKSİYA

“Birgə istehsal edilən “Bayraktar”lardan Türkiyəyə qarşı istifadənin qarşısını almaq çətin deyil ”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinin “Bayraktar” PUA-larının birgə istehsalını təklif etməsi haqda fikirlərinə münasibət bildirən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bu məsələyə siyasətdən çox ticari-texnoloji əməkdaşlıq kontekstindən yanaşılması daha doğru olardı:

“Əslində, Rusiyanın “Bayraktar” PUA-larının birgə istehsalı üçün təkliflə çıxış etməsi o qədər də yeni məsələ deyil. Bəli, Rusiya Prezidenti bu barədə fikir bildirmişdi və onun dedikləri mediada işıqlandırılmışdı.

Həqiqətən, “Bayraktar” PUA-larının effketivliyi dünya miqyasında etiraf olunur və bu baxımdan, Rusiyada belə bir niyyətin yaranması təəccüb doğurmamalıdır. Digər tərəfdən, “Bayraktar”ları istehsal edən “Baykar” şirkəti özəl qurumdur və tərəfdaş seçimində sərbəstdir.

Ancaq Putinin bu arzusunu dilə gətirməsi, o cümlədən, Türkiyə Prezidentinin həmin məsələyə toxunması “Bayraktar”ların birgə istehsalı üçün zəmin yaradılması kimi də anlaşılmamalıdır. Yadınızdadırsa, bir neçə il əvvəl Türkiyə ilə Rusiya S-400-lərin birgə istehsalı ilə bağlı anlaşsalar da, bu iş reallaşmadı. Yəni niyyətin açıqlanması məsələnin həlli anlamına gəlmir.

“Bayraktar”ların Rusiya ilə birgə istehsalına ehtiyatla yanaşmalara da rast gəlinir. Hesab edilir ki, birgə istehsal daha sonra Türkiyənin əleyhinə işləyə bilər. Lakin nəzərə almaq lazımdır ki, birgə istehsal zamanı əsas proqram təminatı ilkin istehsalçının əlində olur. Buna görə də birgə istehsal edilən “Bayraktar”lardan Türkiyəyə qarşı istifadənin qarşısını almaq çətin deyil”.

A.Zeynalov

COP29